Gəncə, Qax və Salyanda “Gəncliyin
səsi”
Xəbər verdiyimiz kimi, 1-3 fevral tarixlərində Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan
Gəncləri Gününə (2 fevral) həsr olunmuş
10-cu “Gəncliyin səsi” festivalı keçirilib.
Festivalın məqsədi gənclərin yaradıcı sahəyə
marağının artırılması, onların
istedadının üzə çıxarılmasıdır.
Festival çərçivəsində Gəncədə
“Gəncənin gəncləri” layihəsi təqdim olunub. Gəncə-Daşkəsən
Regional Mədəniyyət İdarəsi və Gəncə
Dövlət Filarmoniyasının təşkilatçılığı
ilə Urban Mərkəzində gerçəkləşən
tədbir zamanı şəhərdə fəaliyyət
göstərən gənc rəssam və heykəltaraşların
əsərləri, digər əl işləri,
fotoqrafların çəkdikləri şəkillər maraqla
qarşılanıb.
Sərgi konsert proqramı ilə davam edib. Sonda fəal
gənclərə fəxri fərmanlar təqdim olunub.
***
“Gəncliyin səsi” festivalı çərçivəsində
Gəncə Dövlət Kukla Teatrı Əhməd
Orucoğlunun “Zınqrovlu pişik” tamaşasını
nümayiş etdirib.
Tamaşadan öncə teatrın foyesində Uşaq
incəsənət məktəbi şagirdlərinin əl
işləri nümayiş olunub. Gənclər Günü ilə
bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra tamaşa təqdim olunub. Səhnə işi
alqışlarla qarşılanıb. Uşaqlar teatrın
kuklalar hazırlanan emalatxanasında da olub, kuklanın
hazırlanmasını izləyiblər.
***
Qax Dövlət Kukla Teatrında isə festival çərçivəsində
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
“Xeyir və Şər” əsəri (“Yeddi gözəl”
poemasından) əsasında hazırlanmış tamaşa təqdim
edilib.
Tamaşaçılar əvvəlcə teatrın
foyesində yaradıcı gənclərin əl işlərindən
ibarət sərgi ilə tanış olublar. Sərgidə fəal
iştirak edən gənc rəssamlara fəxri fərmanlar təqdim
olunub.
Sonra səhnə əsəri nümayiş olunub.
Rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada Xeyir
obrazını İlmar Abdullayev, Şəri isə Araz
Mehrablı canlandırıb. Tamaşanın rəssamı
Mayis Abdullayevdir.
***
Salyan Dövlət Kukla Teatrı da gənclərin
bayramına öz töhfəsini verib. Teatrın foyesində
Salyan Dövlət Rəsm Qalereyasının yeniyetmə və
gənc dərnək üzvlərinin rəsm sərgisi
açılıb. Sərgi ilə tanışlıqdan sonda
Salyan Dövlət Kukla Teatrının “Tülkü həccə
gedir” tamaşası oynanılıb.
Mədəniyyət.- 2024.- 7 fevral,№9-10.- S.4.