İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən...
Mətbu səhifələrdən seçmələrdə
bu dəfə “Mədəniyyət” qəzetinin arxivinə nəzər
saldıq. 33 il əvvəl qəzetdə
dərc olunan yazılardan biri teatrların
yaradıcılıq hesabat-planları barədədir. Bir qərinə
öncə olduğu kimi, repertuar seçiminə yanaşma, mənəvi-əxlaqi
problemlərin səhnə təcəssümü kimi məsələlər
indi də aktualdır.
Tamaşaçını nə gözləyir?
Əməkdaşımız yaradıcılıq
qayğıları, cari repertuarı, gələcək
planlarla bağlı teatr kollektivlərinə müraciət
etmişdir.
Həsən Turabov (M.Əzizbəyov adına Azərbaycan
Dövlət Akademik Dram Teatrının bədii rəhbəri
və direktoru):
– Teatrın binasında əsaslı təmir getməsinə
baxmayaraq, kollektiv qaynar
yaradıcılıq prosesindən soyumamışdır. Son
vaxtlar Naxçıvan Muxtar Respublikasının, Qutqaşenin
(indiki Qəbələ – red.), Goranboyun, Lənkəran-Astara ərazisinin,
Bakı kəndlərinin və başqa rayonların zəhmətkeşləri
qarşısında yaradıcılıq hesabatları
vermişik.
Repertuarımızı həmişə olduğu kimi
yeni tamaşalarla zənginləşdirəcəyik. Komediya
ustası Sabit Rəhmanın “Yalan” əsərinə yenidən
qayıtmışıq. Mənəvi-əxlaqi problemlərə
toxunan bu əsərin tamaşası ilə dramaturqun anadan
olmasının 80 illiyini qeyd edəcəyik.
Tamaşaçılar görkəmli dramaturq İlyas Əfəndiyevin
“Tənha iydə ağacı” adlı yeni pyesi ilə də
tanış olacaqlar. Yazıçı bu əsərində azərbaycanlı
mühacirlərin taleyindən danışır. Hər iki
quruluş Əməkdar incəsənət xadimi M.Fərzəlibəyovundur.
Rejissor Bəhram Osmanov Xalq şairi B.Vahabzadənin
“Hara gedir bu dünya?” dramını hazırlayır. Müəllif
əsərdə ziddiyyətli, ağrılı-acılı
dünyamızı, cəmiyyətimizin səhifələrini
canlandırır.
Fiqeyredonun “Ezop” pyesinə isə respublikanın Əməkdar
artisti Həsən Əbluc quruluş verəcəkdir.
SSRİ Mədəniyyət Nazirliyinin sifarişi ilə
rejissor Vaqif Həsənov “Ağa Məhəmməd şah
Qacar” (Ə.Haqverdiyev) faciəsini tamaşaya qoyacaqdır.
İ.Əfəndiyevin “Hökmdar və qızı”,
Q.Lorkanın “Don Bernardo Anba” (tərcümə
T.Elçinindir) pyesləri gələcək repertuara daxildir.
***
Ağakişi Kazımov (M.Qorki adına Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
baş rejissoru):
– Teatrımız 60 illik yubiley ərəfəsindədir.
Teatrın kollektivi binasızlıq üzündən on il
ağır şəraitdə işləmək məcburiyyətində
qalmışdır. Bu da aktyorların ovqatına, fiziki
hazırlığına mənfi təsir göstərmiş,
bəzilərinin sənətkarlıq vərdişlərinin
yadırğamasına səbəb olmuşdur.
A.Şaiq yaradıcılığına
qayıtmağı özümüzə mənəvi borc
bilirik. Teatrın təşəkkülü bu
yazıçının dramaturgiyası ilə sıx
bağlıdır. Rejissor M.Tağıyev onun “Bir saat xəlifəlik”
əsərini hazırlayacaqdır. Mən Qərbi Avropa
dramaturgiyasının klassiki Lope de Veqanın
“Çoxbilmiş sevgilim” pyesinin quruluşu üzərində
iş aparıram. Respublikanın Əməkdar artisti A.Salmanov
tanınmış yazıçı Q.İlkinin
kiçikyaşlı tamaşaçılar üçün
qələmə aldığı “Qarışqa şıllaq
atdı” nağıl-pyesinə quruluş verəcəkdir.
Qarşıdakı yubiley məsuliyyət hissimizi
artırır, bizi yeni axtarışlara, şüarsız,
boyasız tamaşalar yaratmağa, gənc nəslə əbədi
həqiqətlərdən danışmağa səsləyir.
“Mədəniyyət”, 23 yanvar 1991-ci il
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.6.