Koreyada
“Türk humanitar elmlər ensiklopediyası” necə ərsəyə
gəlib?
Professor Eunkyunq Oh: “Bu nəşr layihəsi nəinki
Koreyada, hətta dünyada bir ilkdir”
Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın Donqduk
Qadınlar Universitetinin nəzdində fəaliyyət göstərən
Avrasiya Türk Araşdırmaları İnstitutu (ATAİ) tərəfindən
“Türk humanitar elmlər ensiklopediyası” nəşr olunub.
Layihəyə ATAİ-nin direktoru professor xanım Eunkyunq Oh
şəxsən rəhbərlik edib. Biz də çoxcildlik haqqında
ətraflı məlumat almaq üçün Eunkyunq Oh ilə
internet üzərindən əlaqə saxladıq.
Eunkyunq Oh 1969-cu ildə Cənubi Koreyanın
paytaxtı Seul şəhərində anadan olub. Ankaradakı
Hacettepe Universitetində türk ədəbiyyatı və
müqayisəli ədəbiyyat üzrə fəlsəfə
doktoru (1999) və Özbəkistan Elmlər Akademiyasında isə
elmlər doktoru elmi dərəcəsi (2014) və professor
adı alıb.
Müsahibimizin bu günədək türkologiya məsələlərinə
dair müxtəlif dillərdə 150-dən çox elmi məqaləsi
və 40 kitabı çap olunub. Xüsusilə “Türk ədəbiyyatında
Koreya savaşı” (türk və ingilis dillərində), “XX
yüz il Türkiyə və Koreya ədəbiyyatında
qadın” (türk, Azərbaycan, ingilis), “Türk və Koreya qəhrəmanlıq
dastanlarının müqayisəli təhlili” (özbək,
rus) və s. elmi araşdırma kitabları maraqla qarşılanıb.
O həmçinin Türkiyə
yazıçıları Yaşar Kamalın, Murad Tuncelin əsərlərini,
eləcə də Bəxtiyar Vahabzadənin şeir və
poemalardan ibarət “Gülüstan” kitabını Koreya dilinə
çevirib.
Bir müddət Koreya Prezidentinin müşaviri vəzifəsində
də çalışmış Eunkyunq Oh hazırda Dongduk
Qadınlar Universitetinin professoru, ATAİ-nin direktoru, ingilis
dilində çap olunan “Avrasiya türkoloji araşdırmalar”
jurnalının baş redaktorudur. O həmçinin Azərbaycan
Yazıçılar Birliyinin fəxri üzvüdür.
– Eunkyunq xanım, istərdim söhbətimizə tədqiqat
sahənizdən başlayaq.
– Mən türk ədəbiyyatını, folklorunu
öyrənən türkşünasam. Orta məktəbdə
oxuyanda türkşünaslığa marağım
yaranmışdı. O vaxt mən çox mütaliə edən,
ədəbiyyatı sevən bir qız idim. Həftəsonları
“Oxu diskussiya klubu” təşkil edərək müzakirələr
aparardıq. Müzakirələrə hazırlaşmaq
üçün tez-tez Seuldakı böyük kitabxanaya
baş çəkərdim. Ancaq həmin illərdə məlumatlar
indiki kimi əlçatan deyildi. Bizə yalnız amerikan,
ingilis, fransız və bəzi rus klassik ədiblərinin əsərləri
təqdim olunurdu. Türk ölkələri haqqında hər
hansı məlumat əldə etmək çətin idi.
Düşünürdüm ki, türk ölkələrini
öyrənməyə dəyər. Çünki bizim ölkə
ilə mədəni oxşarlıqları, tarixi
yaxınlıqları vardı. Beləliklə, türkologiya
üzrə oxumağa qərar verdim. Lakin həmin dövrdə
Koreyada türk dilinin tədris olunduğu yalnız bir təhsil
ocağı var idi – Seuldakı Hankuk Xarici Dillər Universiteti.
Bu universitetin Türkologiya fakültəsinə daxil oldum. Daha
sonra Ankara şəhərindəki Hacettepe Universitetində
türk ədəbiyyatı və müqayisəli ədəbiyyat
üzrə magistratura və fəlsəfə doktoru təhsilimi
bitirdim. Eyni zamanda müəllim olaraq çalışdım.
Bundan əlavə, ölkəmizin MBC ictimai televiziya və
radiosunun Türkiyədə müxbiri kimi fəaliyyət
göstərdim.
– Sonradan necə oldu Özbəkistana getdiniz?
– Türkiyədə magistratura və doktorantura təhsilimi
başa vurub vətənə qayıtsam da, Özbəkistana
gedib türkologiya sahəsində biliklərimi genişləndirmək
arzusu məni tərk eləmirdi. 43 yaşımda özbək
dilini öyrənməyə başladım və elmlər
doktorluğu dissertasiyası müdafiə etdim. Mən Özbəkistanda
elmlər doktoru dərəcəsi alan ilk əcnəbi hesab
olunuram və bunu özüm üçün böyük
şərəf sayıram.
– “Türk humanitar elmlər ensiklopediyası” ideyası
necə yarandı?
– Tədqiqat rəhbəri kimi “Türk humanitar elmlər
ensiklopediyası”nı hazırlayarkən əvvəlcə
layihə üzrə məlumat bazasını qurduq. Bu işi
həyata keçirmək üçün bütün yerli
türkoloqları səfərbər etdim, eyni zamanda bir
sıra ölkələrin tədqiqatçılarından da
kömək aldım. Bu proses elə də asan deyildi.
Çünki türk humanitar elmləri ilə bağlı məlumat
və araşdırmalarda xeyli boşluqlar var idi.
Bilirsiniz, Türk dünyası ölkələrinin
humanitar elmləri təkcə akademik dəyər
baxımından deyil, həm də geosiyasi və iqtisadi
münasibətlər sarıdan əhəmiyyətlidir. Bununla
belə, ölkəmizdə hələ də geniş ictimaiyyətin
türk ölkələri haqqında ilkin biliklərə belə
yiyələnməsi çətindir. Bu vəziyyəti
yaxşılaşdırmaq üçün,
düşünürdüm ki, hər şeydən əvvəl,
türkşünaslıq və əlaqəli humanitar elm sahələri
üçün əlçatan olan bir lüğətə
ehtiyacımız var. “Türk humanitar elmlər
ensiklopediyası” bu istiqamətdə humanitar elmlərin
bütün sahələrinə aid əsas
anlayışları ehtiva edən lüğətdir.
Ensiklopediya Koreya Milli Tədqiqat Fondunun (National Research Foundation
of Korea – NRF) maliyyə dəstəyi ilə ATAİ tərəfindən
beş ildə (2018 – 2023) həyata keçirilən fundamental
tədqiqat layihəsinin nəticəsidir. Nəşr Türk
dünyası ölkələrinin – Türkiyə, Azərbaycan,
Türkmənistan, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, eləcə də Rusiya
Federasiyasının Tatarıstan, Başqırdıstan, Altay,
Xakasiya, Tuva, Saxa respublikaları və Çinin Sincan-Uyğur
Muxtar Vilayətinin dili, ədəbiyyatı, tarixi, incəsənəti,
coğrafiyası, folkloru və dinindən tutmuş
bütün humanitar elm sahələrini əhatə edir. Koreya
dilində hazırlanan 8 cildlik nəşr 2000-dən çox əsas
söz olmaqla, ümumilikdə, 4500 səhifədən ibarətdir.
Ensiklopediya həm çap, həm də elektron variantda
mövcuddur.
– Ensiklopediyanın hazırlanmasında hansı ölkələrdən
müəlliflər təmsil olunub?
– Mən də daxil olmaqla 21 müəllif
ensiklopediyanın hazırlanmasında iştirak edib. Onlardan
20-si koreyalıdır. Bir özbək tədqiqatçı da
sıramızda yer alıb. Təkcə mən 400-dən
çox mövzunu işləmişəm. Ensiklopediyanın
ümumi yazı və redaktəsinə də özüm
cavabdeh idim. Bəzi mövzular üzrə məlumatları əldə
etmək üçün əsasən Türkiyə, Azərbaycan
və Özbəkistandan olan mütəxəssislərdən
dəstək aldıq.
– Azərbaycandan bu prosesə kimlər dəstək
verdi?
– Bu ensiklopediya koreyalı oxucular üçün nəzərdə
tutulub. Koreyada Azərbaycan haqqında hər hansı məlumat
əldə etmək çətindir. Ona görə də Azərbaycan
alimlərindən ölkənizin ədəbiyyatı, folkloru,
tarixi ilə bağlı başlıqların seçilməsində
və məzmunların yazılmasında kömək istədik.
Ensiklopediyanın yazılmasında məsləhətçi
qismində Bakı Dövlət Universitetinin professoru Vaqif
Sultanlı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin müdiri filologiya elmləri doktoru, professor
Bədirxan Əhmədov və Folklor İnstitutu Beynəlxalq əlaqələr
şöbəsinin müdiri Əli Şamil iştirak ediblər.
Filologiya üzrə fəlsəfə doktoru Leyla Məsimli məlumatları
Koreya dilinə tərcümə edib.
– Mövzuları işləyərkən əsasən
hansı mənbələrdən istifadə etmisiniz?
– Bütün Koreya müəlliflərinin öz təcrübə
sahələri var. Ensiklopediyanı hazırlayarkən tədqiq
etdikləri sahələr üzrə ingilis, rus, türk, qazax,
özbək və Azərbaycan dillərində materiallardan
istifadə olunub.
– Bu ilk təşəbbüsdür, yoxsa əvvəl
də belə bir layihə olub?
– Bu ensiklopediya nəinki Koreyada, hətta dünyada bir
ilkdir. Yəni “Türk humanitar elmlər ensiklopediyası” hələ
heç bir ölkədə nəşr olunmayıb. Onu da
deyim ki, bir sıra ölkələrdən alimlər nəşri
maraqla qarşılayıblar.
– Nəşrin beynəlxalq aləmdə təbliği
ilə bağlı nə kimi işlər görülüb?
– Biz hələlik genişmiqyaslı tanıtım etməmişik.
Ensiklopediyanın elektron variantını Azərbaycandakı Xəzər
Universitetinin kitabxanasına, çap variantını isə Azərbaycan
Milli Kitabxanası və Prezident Kitabxanasına göndərmişik.
Nəşrin elektron variantı Prezident Kitabxanasının
saytında da yerləşdirilib. Eyni zamanda ATAİ-nin, Beynəlxalq
Türk Akademiyasının saytlarından, eləcə də
“Koryo-saram” saytından da nəşri ödəniş etmədən
yükləmək mümkündür.
– Çoxcildliyin başqa dillərə tərcüməsi
barədə düşünürsünüzmü?
– Mövcud ensiklopediyaya əlavələr etsək və
ingilis dilində genişləndirilmiş variantını
çap etsək, bu bütün dünyada insanların istifadə
edə biləcəyi bir sərvətə çevriləcək.
Ensiklopediyanın ingilis dilinə tərcüməsi ilə
bağlı çoxlu sifarişlər almışıq. Ancaq
bu iş üçün maddi dəstəyə ehtiyac var.
– Koreyanın təhsil ocaqlarında tədrisi təşkil
oluna bilərmi?
– Ensiklopediya Koreya ictimaiyyətini türk xalqları
haqqında məlumatlandırmaq baxımından diqqətəlayiq
layihədir. Özbəkistan Təhsil Nazirliyində nəşrin
ibtidai, orta, lisey və Koreya dilini tədris edən universitetlərdə
tədrisi planlaşdırılır. Ümid edirəm ki, bu
lüğətdən başqa ölkələrdə də
müxtəlif sahələrdə istifadə olunacaq.
– Bir qədər də rəhbəri olduğunuz
Avrasiya Türk Araşdırmaları İnstitutu barədə
məlumat verərdiniz.
– 2016-cı ilin fevral ayında Dongduk Qadınlar
Universitetinin nəzdində Avrasiya Türk
Araşdırmaları İnstitutunu qurdum. Bu, Koreyada
türkşünaslıq üzrə yeganə tədqiqat
institutudur. İnstitutda Türkiyə, Azərbaycan, Özbəkistan,
Qazaxıstan və digər türk respublikaları ilə
bağlı araşdırmalar aparılır. İldə iki dəfə
türk və özbək dili dərsləri keçirik. Ayda
bir dəfə isə Koreyada türk ölkələri ilə
bağlı mövzularda araşdırma aparan professorlarla
kollokvium təşkil edirik. Biz bəzən şirkətləri
və keçmiş diplomatları da ekspert mühazirələrinə
dəvət edirik, həmçinin xarici universitetlər və
ya səfirliklərlə birgə akademik konfranslar gerçəkləşdiririk.
İnstitut Koreyada ilk və yeganə
türkşünaslıq mərkəzi olduğu
üçün ölkə daxilindən və xaricdən
alimlər böyük maraq göstərirlər. İnstitutun
yaradılması və maliyyə vəsaitinin alınması
üçün mən çox zəhmət çəkmişəm.
Amma sevinirəm ki, buna nail olmuşam. Təqaüdə
çıxmazdan əvvəl, ümid edirəm ki, təcrübəmi
və apardığım araşdırmaların nəticələrini
Koreyadakı tələbələrə ötürə biləcəyəm.
– ATAİ Azərbaycanda hansısa elmi qurumla əməkdaşlıq
edirmi?
– Azərbaycana ilk səfərim 2016-cı ilin
fevralında olub. O zaman mənə Bakı Dövlət
Universitetinin professoru Vaqif Sultanlı kömək edirdi. Bundan
sonra Azərbaycan dilini dərindən öyrənməyə qərar
verdim. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət
göstərən Azərbaycanın Beynəlxalq
İnkişafa Yardım Agentliyinin (AIDA) ADA Universitetində təşkil
olunan proqramında iştirak etmişəm. Biz bir neçə
universitetlə memorandum imzalamış və mübadilələrə
başlamışıq.
Bundan başqa, ölkələrimizin 30 illik diplomatik
münasibətləri tarixində ilk dəfə AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə
birgə Azərbaycan-Koreya Humanitar Forumunu keçirdik. Birinci və
ikinci forumlar pandemiya ilə əlaqədar onlayn təşkil
edildi. Üçüncü konfrans isə Bakıda gerçəkləşdi.
Ümid edirəm ki, Azərbaycanla əməkdaşlığımız
davamlı olacaq.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2024.- 7 fevral,№9-10.- S.6.