Sənət salnaməmizə
yazılan “Əbədi duet”
Mənası “rəqs edirəm” olan “balet” kəlməsi
insanın vücudu ilə ruhunun harmoniyası, musiqi ilə
plastikanın, bədən dili ilə ünsiyyətin mürəkkəb
və təsirli təqdim olunduğu incəsənət
növüdür. Səhnədə bir qu quşu kimi
süzüb, ceyrantək atılan balet artistinin heyrətlə
izlədiyimiz rəqsinin nə qədər çətinliklə,
necə uzun məşqlə, fiziki ağrılar sayəsində
ərsəyə gəldiyini də bilirik.
Yəqin ki, balet tamaşalarının
nümayişindən sonrakı təzim hissəsinə qədər
zalda gözləmisiniz. Son takt və elementin icrasından sonra
zərif, çəlimsiz balerina bədənindən,
qabarıq sinəsindən alınaraq keçən o dərin
köks ötürməsini, bunun davamı olaraq anlıq dincəltdiyi
pəncə və barmaqlarını xəfifcə irəli –
zala doğru gətirdiyini də görmüsünüz. Mənə
elə gəlir ki, onlar bu yolla öz əzalarına, onları
tamaşaçı önünə aparan ayaqlarına,
barmaqlarına bir də tamaşaçı önündə təşəkkür
edirlər. Xoşbəxt halda səhnə arxasına
keçir, pointesini (balet artistinin ayaq geyimi) soyunur və
döyənək olan barmaqlarını sığallayaraq məsud
halda onu sonrakı tamaşaya həvəsləndirirlər...
Xoreoqrafiyanın ən yüksək pilləsi olan balet
Azərbaycan incəsənət tarixində də xüsusi yer
tutur. Bir sıra Azərbaycan bəstəkarları şöhrəti
dünyanı dolaşan diqqətəlayiq nümunələr
yaradıblar. Klassik dünya və milli balet örnəklərinin
tamaşaya qoyulması ölkəmizdə sənətkarlar nəslinin
yetişməsinə mühüm töhfələr verib.
Elə “Əbədi duet”ləri ilə səhnə və
həyatımıza nüfuz edib, nəinki ölkəmizdə,
onun hüdudlarından çox-çox uzaqlarda da öz layiqli
dəyərini alan balet cütlüyümüz kimi. Sadəcə,
onların nağılı oynadıqları əksər balet
tamaşalarındakı kimi şirin vüsalla bitmədi.
Ölümün saldığı amansız ayrılıq və
yaradıcılıqlarının ən parlaq, ən
şöhrətli məqamında səhnə ilə
vidalaşmaq oldu nəsibləri. Bir balet artisti üçün bundan
ağır nə ola bilər?!
Azərbaycan balet sənətinin əfsanələri –
Xalq artistləri, mükəmməl ailə cütlüyü
kimi həyatda və səhnədə daim həsədlə
seyr edilən Çimnaz Babayeva və Vladimir Pletnyov məhz o
nadir insanlardan idi. Onların qısa, lakin upuzun bir ömrə
bərabər səhnə və sənət birgəlikləri
milli balet sənətimiz və sənətkarlarımız
üçün əsl nümunə idi.
Bu günlərdə (29 yanvar) unudulmaz cütlük
haqqında “Əbədi duet” adlı sənədli-bioqrafik
filmi izlədim. Böyük sevgi və səmimiyyətlə ərsəyə
gələn ekran işi vasitəsilə iki istedadlı sənətkarın
həyat və yaradıcılıq yolları ilə özlərinin
ifa etdikləri fərqli balet nümunələri sayəsində
yenidən tanış olmaq imkanı qazandım. Nizami Kino Mərkəzində
təqdim olunan və Çimnaz xanımın tələbələrinin,
balet cütlüyünün sənətinə heyran
tamaşaçıların maraqla izlədikləri film alqışlarla
qarşılandı.
Filmin ideya və ssenari müəllifi, rejissoru və
montajçısı Çimnaz Babayevanın yetirmələrindən
Əməkdar artist Samir Səmədov, prodüseri Gülnarə
Lütfəliqızıdır.
Filmdə nadir arxiv materiallarından istifadə edilib.
Ayrı-ayrı balet tamaşalarından kadrlar, eləcə də
Vladimir Pletnyovun keçirdiyi ağır xəstəlikdən
sonra xəstəxanada olarkən yazdığı gündəlikdən
fraqmentlər bizi iki böyük sənətkarın
ömür və sənət yoluna səyahətə apara
bildi.
Ekran işi Azərbaycan dilindən savayı ingilis və
rus dillərində də səsləndirilib.
Filmdə hər iki sənətkarın həyatına
ətraflı nəzər salınır, oynadıqları
balet əsərləri, ifaçılığa gətirdikləri
yeniliklər sadalanır.
Qeyd edək ki, Xalq artisti, Dövlət mükafatı
laureatı Çimnaz Məmməd qızı Babayeva 23 dekabr
1946-cı ildə Bakıda doğulub. 1964–1977-ci illərdə
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının solisti olub, daha sonra teatrda baletmeyster kimi fəaliyyət
göstərib. 23 dekabr 2019-cu ildə vəfat edib.
Xalq artisti, Dövlət mükafatı laureatı
Vladimir Nikolayeviç Pletnyov 8 dekabr 1946-cı ildə
Göyçayda anadan olub. Akademik Opera və Balet
Teatrının solisti olub, Bakı Xoreoqrafiya Məktəbində
(indiki BXA) dərs deyib. 21 fevral 1988-ci ildə
dünyasını dəyişib.
Filmdə balet artistlərinin 1965–1978-ci illərdə
Akademik Opera və Balet Teatrının solisti kimi
çıxış etdikləri tamaşalardan – “Qız
qalası”, “Yeddi gözəl”, “İldırımlı
yollarla”, “Məhəbbət əfsanəsi”, “Sonalar
gölü”, “Yatmış gözəl”, “Nəsimi haqqında
dastan”, “Don Kixot” və s. parçalar, hər iki sənətkarın
pedaqoji fəaliyyəti, yetişdirdikləri tələbələr
və milli balet sənəti irsimizdəki silinməz
imzalarından söz açılır.
Sorağı Fransa, İtaliya, İsveç, Danimarka,
Norveç, Hindistan, Birma, Nigeriya, Seneqal və Nepaldan gələn,
fərqli səhnələrdə öz ecazkar ifaları ilə
tamaşaçıların zövqünü
oxşamış hər iki sənətkarın hüznlü
həyat hekayəti filmi izləyənlərdə həm də
acı təəssüf doğurdu. Biz həm də
yaradıcılığının ən parlaq vaxtında
aşağı ətrafları amputasiya olunan V.Pletnyov səhnədən
ayrılandan sonra Çimnaz xanım onun amansız həyat
sınağıyla barışmayıb səhnəni əbədi
tərk edərək qalan illərini ərinə qulluq ilə
keçirməyə söz verən sədaqətli Azərbaycan
qadınını alqışladıq...
Onlar hələ sənətə gələrkən
bir-birinə vəfa andı içdilər və əbədiyyət
yolunda yenidən birləşdilər. Çimnaz xanım həyat
yoldaşının itkisini yetişdirdiyi tələbələri
və onların uğurlarına sevinməklə ovutmağa
çalışdı. 1977-ci ildən 2000-ci ilədək Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında məşqçi
baletmeyster vəzifəsində fəaliyyət göstərdi.
Qalan illərini isə özünü tənhalığa tərk
edərək, əslində isə sevdiyi insanla əbədi
görüşü gözləyərək keçirdi. Beləcə,
doğulduğu gündə də dünyasını dəyişərək
əbədi duet ortağına qovuşdu...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.5.