“Muzeydə kino”
Sənət adamlarının yaradıcılıq
dünyasına səyahət
Xəbər
verdiyimiz kimi, Azərbaycan Milli İncəsənət Muzeyi
“Muzeydə kino” adlı yeni layihəyə başlayıb. Layihə
çərçivəsində təqdim edilən filmlər
sənət insanlarının yaradıcılıq
dünyasına daha dərindən bələd olmaq imkanı
yaradır.
Filmlərin
nümayişi şənbə və bazar günləri muzeyin
kinozalında keçirilir. Layihənin ilk təqdimatında –
3-4 fevralda rejissor Şamil Nəcəfzadənin
“Üfüqü ötənlər” filmi nümayiş olunub.
Tammetrajlı bədii-sənədli ekran əsəri
yaradıcılıqları və yaşadıqları tale ilə
yaddaşlara həkk olunan beş avanqard rəssamın – Cavad
Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və
Qorxmaz Əfəndiyev haqqındadır. 2011-ci ildə
“Yaddaş” studiyasında istehsal edilmiş filmin ssenari müəllifi
Sara Oğuz Nəsirova, operatoru Nizami Abbas, prodüseri Cavid
İmamverdiyev, koordinatoru Şirin Məlikovadır.
Qeyd
edək ki, “Muzeydə kino” layihəsi hər həftə yenilənəcək
proqramla sizlərin görüşünə gələcək.
Bu həftəsonu tamaşaçılar Xalq rəssamı
Böyükağa Mirzəzadənin yaradıcılığından
bəhs edən “Rəssam ömrünün palitrası” (2006,
rejissor Mübariz Nağıyev) və “Maestro Niyazi” (1975,
rejissor Rauf Nağıyev) filmlərini izləyə biləcəklər.
Lalə
Azəri
Mədəniyyət.- 2024.- 7 fevral,№9-10.- S.5.