“Primanın irsi” filmi
nümayiş olundu
Nizami Kino Mərkəzi. Yanvarın son günü.
Ardıcıl üç gündür (29–31 yanvar) burada Azərbaycan
baletinin görkəmli simalarının ömür və
yaradıcılıq yolu haqqında filmlərin təqdimatı
keçirilir.
Silsilənin sonuncu filmi ilk azərbaycanlı balerina,
SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qəmər
Almaszadəyə (1915–2006) həsr olunub.
“Primanın irsi” adlı filmin nümayişi mərkəzin
kiçik zalında keçirilsə də,
tamaşaçıların böyük marağı var. Zalda
boş oturacaq yoxdur.
Tamaşaçılar arasında balerinanın tələbələri,
onun sənətini sevənlər üstünlük təşkil
edir. Filmin müəllifi və rejissoru, tanınmış
balet ustası, Əməkdar artist Samir Səmədov da həyəcanlı
görünür. Zalda hər kəs yerini alandan sonra o, səhnəyə
çıxır və film haqqında məlumat verir.
“Primanın irsi” sənədli filmində Qəmər
Almaszadənin həyat və yaradıcılığı
geniş şəkildə öz əksini tapıb. Ekran
işində qeyd olunur ki, görkəmli sənətkar
professional səhnəni tərk etdikdən sonra Akademik Opera və
Balet Teatrının baş baletmeysteri, Bakı Xoreoqrafiya Məktəbinin
(indiki BXA) direktoru kimi fəaliyyət göstərib. Kadrlarda
ilk milli balerina və xoreoqrafın
yaradıcılığından, onun ən istedadlı tələbələrindən,
Azərbaycan baletinin əfsanəvi primalarından söhbət
açılır. Bildirilir ki, Qəmər Almaszadə Azərbaycan
bəstəkarlarının əksər baletlərində, o
cümlədən Qara Qarayevin “Yeddi gözəl” və
Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletlərində
ilk dəfə baş partiyaları ifa edib. Azərbaycanda balet
məktəbinin inkişafına böyük töhfə verən
sənətkar tanınmış ifaçılar nəslini
yetişdirib. Onun sənət məktəbinin məzunları
bir sıra ölkələrin məşhur səhnələrində
çıxış ediblər. Sənədli filmdə
balerinanın yetirmələrinin iştirakı ilə müxtəlif
illərin nadir kadrları tamaşaçılara təqdim
olunur.
Filmin nümayişindən sonra Əməkdar incəsənət
xadimi Rimma Məmmədova çıxış edərək
filmin müəllifinə təşəkkürünü
bildirdi. O, 1960-cı ildə Bakı Xoreoqrafiya Məktəbində
Qəmər Almaszadənin sinfini bitirdiyini dedi, müəllimi
ilə bağlı xatirələrini bölüşdü.
Qeyd etdi ki, onu 1978-ci ildə məhz Qəmər xanımın
Mədəniyyət Nazirliyinə tövsiyəsi ilə Bakı
Xoreoqrafiya Məktəbinə direktor təyin ediblər.
Daha sonra qonaqlar arasında yer alan filmin qəhrəmanları
və ailə üzvləri milli balet tarixinə
qayğıkeş münasibətə görə müəllifə
təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, premyerası ötən ilin mart
ayında Bakı Musiqi Akademiyasının Opera studiyasında
gerçəkləşən film həm də rus dilində səsləndirilib.
Lalə Azəri
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.7.