Virtuoz
skripkaçı Moskva səhnəsində
Elvin Xoca Qəniyev: “Şuşada da konsert vermək istəyirəm”
Xəbər verdiyimiz kimi, azərbaycanlı virtuoz
skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyev fevralın 2-də Moskvada, “Zaryadye”
konsert salonunda ilk dəfə çıxış edib.
Gənc musiqiçi P.Çaykovski adına Dövlət
Akademik Böyük Simfonik Orkestrinin müşayiəti ilə
görkəmli Türkiyə bəstəkarı Ülvi Camal
Erkinin (1906–1972) skripka üçün konsertini və
amerikalı bəstəkar Frans Vaksmanın (1906–1967) J.Bizenin
“Karmen” operası mövzularında “Fantaziya”sını ifa
edib.
Konsertin çoxsaylı dinləyiciləri arasında
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu, Azərbaycan və Türkiyə səfirliklərinin
əməkdaşları, diaspor təmsilçilərimiz də
olub.
Həmvətənimizin çıxışı
sürəkli alqışlarla qarşılanıb.
İfaçı Rusiya paytaxtının möhtəşəm
konsert salonunda P.Çaykovski adına Dövlət Akademik
Böyük Simfonik Orkestri ilə eyni səhnəni
bölüşməkdən qürur duyduğunu qeyd edib. “Bu
konsertə çox böyük səylə
hazırlaşırdım. Orkestrin də Erkinin musiqisini dərindən
duyduğunu hiss etdim. Dirijor Marius Stravinskinin Erkinin əsərinin
ifasına intellektual yanaşması məni valeh etdi.
Tamaşaçılar arasında azərbaycanlılar və
türkləri görməkdən, Azərbaycanın Xalq
artisti Polad Bülbüloğlunun təbriklərini qəbul
etməkdən çox məmnun qaldım”, – deyə o
jurnalistlərə açıqlamasında bildirib.
Elvin Xoca Qəniyev Bakıda, Azərbaycan Dövlət
Akademik Filarmoniyasında konsertlərlə
çıxış etməyi planlaşdırdığını
qeyd edib: “Azərbaycan bəstəkarlarının skripka
üçün bütün əsərlərindən ibarət
silsilə disklər buraxmağı da düşünürəm.
Bunun üçün mükəmməl akustikaya malik konsert
zalı və müasir studiya olmalıdır. Ehtimal ki, konsertləri
hazırda təhsil aldığım Almaniyada lentə
alacağam”.
Elvin Xoca Qəniyev Qarabağa səfər etməyi,
Şuşada konsert verməyi arzuladığını da dilə
gətirib: “Babam (mərhum Xalq artisti, görkəmli skripka
ifaçısı Sərvər Qəniyev – red.) əslən Şuşadandır. Təəssüf
ki, hələlik Şuşaya getmək imkanım olmayıb.
Çox istərdim Azərbaycan incisi Şuşada Qara Qarayevin
skripka və orkestr üçün konsertini ifa edim. Bu əsərdəki
qəhrəmanlıq motivləri və mübarizlik ruhu,
düşünürəm ki, azad Qarabağın tarixi və
bu günü ilə bahəm səslənəcək”.
Qeyd edək ki, ailəsi ilə Türkiyədə
yaşayan 27 yaşlı Elvin Hoca Qəniyev indiyədək
David Oystrax, Qenrik Venyavski, Karol Lipinski, Yaşa Xeyfes adına və
digər nüfuzlu beynəlxalq müsabiqələrin
laureatı olub. Berlində beynəlxalq müsabiqənin (2018)
qızıl medalına layiq görülüb. Hannover Musiqi,
Dram və Media Universitetində magistr təhsili alan
ifaçı 2018-ci ildə (21 yaşında) Azərbaycanda
“Əməkdar artist” fəxri adına layiq görülən ən
gənc sənətçi olub.
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.8.