“Bir məhəllədən iki nəfər” – ikisi də bəstəkar

 

Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) “Bir məhəllədən iki nəfər” adlı konserti keçirildi.

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi ilə gerçəkləşən musiqi axşamı dahi bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin doğum gününə və onun oğlu, tanınmış bəstəkar, Xalq artisti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuşdu.

Gecədə tamaşaçılar arasında Mədəniyyət Nazirliyinin əməkdaşları, ADMİU-nun müəllim heyəti, musiqi və incəsənət məktəblərinin direktorları da vardı.

Konsertin proqramı bəstəkar ata və oğulun yaradıcılıq nümunələri üzərində qurulmuşdu. Görkəmli bəstəkarlar haqqında çəkilmiş filmlərdən fraqmentlər təqdim olunur, bu fraqmentləri isə müəlliflərin əsərlərindən seçilmiş parçalar əvəz edirdi. Qara Qarayevin müsahibələrini, sənət haqqında düşüncələrini izləyən tamaşaçı daha sonra onun dünya səhnələrini bəzəyən möhtəşəm əsərlərini dinləyirdi.

Tədbirdə həmçinin Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın və Bakı Musiqi Akademiyasının (BMA) dosenti, Fərəc Qarayevin tələbəsi olmuş Aliyə Məmmədovanın bəstəkarlar haqqında çıxışları maraqla qarşılandı.

Gecədə Mərkəzi İncəsənət Məktəbinin kamera ansamblı, simli kvinteti, xalq çalğı alətləri ansamblı, müəllim və şagirdləri, həmçinin BMA-nın tələbələri və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin rəngarəng ifaları tamaşaçıların zövqünü oxşadı.

 

Mədəniyyət.-  2024.- 7 fevral,¹9-10.- S.1.