Vyanada Rasim Ocaqovun
xatirə axşamı
Azərbaycan kino sənətinin görkəmli
nümayəndəsi, rejissor, operator, dövlət
mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933–2006) 90
illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzində (AMM) xatirə axşamı təşkil
edilib.
AMM-in rəhbəri Leyla Qasımova
çıxış edərək sənətkarın həyat
və yaradıcılığına nəzər salıb,
onun Azərbaycan kino tarixində mühüm rolundan söz
açıb.
Rasim Ocaqovun ailə üzvləri adından
çıxış edən nəvəsi Nərminə Həsənova
yubiley tədbirinin Azərbaycanın müxtəlif şəhərlərində,
eləcə də Türkiyənin paytaxtı Ankaradan sonra
Avropa mədəniyyətinin beşiyi sayılan Vyanada təşkil
olunmasını yüksək qiymətləndirib.
Tədbirdə Rasim Ocaqovun həyat və
yaradıcılığından bəhs edən sənədli
filmdən (“Baku TV”) parçalar nümayiş olunub. Filmdə
operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”,
“Sən niyə susursan?”, “Bir cənub şəhərində”,
rejissor kimi quruluş verdiyi “Qatır Məmməd”, “Tütək
səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı
arxasında”, “Park”, “Təhminə”,
“Həm ziyarət, həm ticarət”, “Otel otağı” və
digər ekran əsərləri barədə məlumat verilib,
onun aktyorlarla iş üslubu, mövzu seçimi, çəkiliş
prosesinə yanaşma tərzindən bəhs olunub.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar
incəsənət xadimi Cəmil Quliyev tədbir
iştirakçılarına videomüraciətində Rasim
Ocaqovun milli kino mədəniyyəti tarixində silinməz iz
buraxdığını, onun yaradıcılıq
dövrünün kino tariximizdə ayrıca mərhələ
kimi səciyyələndiyini bildirib.
Rasim Ocaqovun filmlərində rol almış Xalq artistləri
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov sənətkarla
bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, Rasim Ocaqov Azərbaycan kino sənətinə dəyərli
ekran əsərləri bəxş
etməklə yanaşı, aktyorların püxtələşməsində
müstəsna rol oynayıb və rejissorluq işində gənc
yaradıcı nəsil üçün örnəyə
çevrilib
Tədbir çərçivəsində AMM-də
görkəmli rejissorun həyat və
yaradıcılığına həsr edilmiş fotosərgi də
təşkil olunub. Sərgidə Rasim Ocaqovun
ekranlaşdırdığı filmlərdən kadrlar, çəkiliş
meydançası və tanınmış kino xadimləri ilə
fotoları nümayiş etdirilib.
Mədəniyyət.- 2024.- 7 fevral,№9-10.- S.8.