İki əsr öncə
Gəncədən Avropaya düşən söz
işığı
Mirzə Şəfi Vazeh-230
XIX əsrin birinci yarısında Azərbaycanda
maarifçi mühitin formalaşmasında xidmətləri
olan ziyalı mütəfəkkirlərdən biri də
görkəmli şair, pedaqoq Mirzə Şəfi Vazehdir. Onun
yaradıcılığı Azərbaycan-Avropa ədəbi-mədəni
əlaqələrinin inkişafında özünəməxsus
yer tutur. Ədəbi yaradıcılığının
şöhrəti Avropaya da yayılmış şairin bu il
anadan olmasının 230 illiyidir.
Mirzə Şəfi Kərbəlayı Sadıq
oğlu Vazeh 1794-cü ildə Gəncədə memar ailəsində
anadan olub. Əvvəl molla yanında, sonra mədrəsədə
oxuyur. Erkən çağlardan poeziyaya maraq göstərən
Şəfi mədrəsədə təhsilini başa vurandan
sonra Azərbaycan və rus klassiklərinin əsərlərini,
ərəb, fars ədəbiyyatını mütaliə edir və
sufilik fəlsəfəsi ilə maraqlanır. Özü də
bədii yaradıcılıqla məşğul olur.
O, yaradıcılığında insan mənəviyyatının
bənzərsizliyini, həyat eşqini vəsf edir. “Yusif və
Züleyxa”, “Sədi və şah” poemaları, qəzəl, rübai
və aforizmləri ədəbi aləmdə maraqla
qarşılanır.
Gəncədə “Divani-hikmət” (“Hikmət evi”)
adlı ədəbi məclis yaradan şair Mirzə Mehdi Naci,
Şeyx İbrahim Qüdsi, Ağa İsmayıl Zəbih, Molla
Abbas Şölə kimi tanınmış şair və
ziyalıları ətrafına toplayır. Azərbaycanda ilk ədəbi
məclislərdən olan “Divani-hikmət” o dövrdə
regionda ədəbiyyatın inkişafına öz müsbət
təsirini göstərib.
Araşdırmalarda qeyd olunur ki, şairin
yaradıcılığı, tədrisə və
maarifçiliklə bağlı təşəbbüsləri
din xadimləri tərəfindən birmənalı qarşılanmır,
müəllifə təzyiqlər başlanır. Buna görə
də Mirzə Şəfi 1840-cı ildə Gəncə şəhərini
tərk edir. O vaxt Qafqazın mədəniyyət, elm və təhsil
mərkəzi sayılan Tiflis şəhərinə
köçür. Qafqaz Canişinliyində
çalışan M.F.Axundzadənin köməkliyi ilə
Tiflisdə şəhər məktəblərindən birində
müəllim kimi işə düzəlir. Mükəmməl
bildiyi “nəstəliq” xətti ilə yazıdan, sonra isə
Şərq dilləri və ədəbiyyatından dərs
deyir. Eyni zamanda “Divani-hikmət” məclisini burada bərpa edir.
Məclisdə poeziya, fəlsəfə, etika və
dövrün mühüm ictimai məsələlərinə
dair fikir mübadiləsi aparılır. A.Bakıxanov,
M.F.Axundzadə və o zaman Şərqə səyahətə
çıxmış və yolu Tiflisdən düşən
alman şairi Fridrix Bodenştedt bu ədəbi məclisin
iştirakçısı olurlar.
Alman şair Vazehin yaradıcılığı ilə
yaxından maraqlanır. Ondan Azərbaycan və fars dillərini
öyrənir. Şərq səyahətini başa vurub
Almaniyaya qayıdarkən Vazeh əlyazma halında olan şeir
məcmuəsini ona hədiyyə edir. Bu haqda F.Bodenştedt
“Şərqdə min bir gün” kitabında yazır: “Mən səyahətdən
qayıdanda dostluq xatirəsi olaraq Mirzə Şəfi öz əsərlərindən
ibarət bir şeir məcmuəsini mənə
bağışladı və ona bir müqəddimə də
yazdı”. Həmin müqəddimədə deyilirdi: “...Tələbəm
və dostum olan Bodenştedt əfəndinin hörmət və
iltimaslarına görə mən Mirzə Şəfi ona qəsidə,
qəzəl, mürəbbeat, müqəttəat və məsnəvilərdən
ibarət olan öz məcmueyi-əşarımı hədiyyə
etdim”.
Almaniyaya qayıdan F.Bodenştedt həmin şeirləri
alman dilinə çevirərək başqa Şərq
şairlərinin əsərləri ilə birlikdə “Şərqdə
min bir gün” (1850), “Mirzə Şəfi nəğmələri”
(1851) adlı kitablarını nəşr etdirir. Hətta
kitabın üz qabığında müəllifin portreti də
verilir.
“Şərqdə min bir gün” kitabı Qərbdə
böyük maraqla qarşılanır. Bu maraq şairin
maarifçi ideyalarında insanı mənən, ruhən təmizləyən
əməyin dəyərləndirməsi ilə bağlı
idi. Şair daim həqiqət və doğrunun tərəfində
olub. “Həqiqəti ifadə etməyin ən yaxşı yolu
şeirdir” deyən şair şeirlə həqiqəti
qardaş sanır:
Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma, bunlara ey Mirzə Şəfi,
Uca tut daima arı, şərəfi.
Mirzə Şəfi dini xurafata qarşı
barışmaz mövqe nümayiş etdirib. Şairin fikrincə,
insan bir dəfə dünyaya gəlir və onun iki həyatı
olmur. Ona görə də insan xoşbəxt olmaq
üçün çalışmalı və cənnəti
bu dünyada axtarmalıdır. Müəllifin bununla
bağlı çoxsaylı aforizmləri var.
Tezliklə şairin şeirləri ingilis, fransız,
italyan, polyak, macar, rus və başqa dillərə tərcümə
edilir. F.Bodenştedtin 1851-ci ildə çap etdirdiyi “Mirzə
Şəfi nəğmələri” adlı kitabda öz müəllimi
və onun şeirlərini necə tərcümə etməsi
ilə bağlı söhbət açır. Şairin
şeirlərinin Avropada böyük şöhrət
qazandığını görən F.Bodenştedt bu əsərlərin
ona məxsus olduğunu bildirir. 1875-ci ildə özünü
həmin şeirlərin müəllifi elan edir. Lakin uzun illər
sonra tarixi ədalət yerini tapır. Bu əsərlərin
gerçək müəllifinin Mirzə Şəfi olduğu
dünyaya məlum olur. Bodenştedt, gec də olsa, nəşr
etdirdiyi poetik incilərin Vazehə məxsus olduğunu etiraf
edir...
Mirzə Şəfi isə ömrünü
bütün bu olaylardan xəbərsiz başa vurur. 1848-ci ildə
Gəncəyə qayıdır. Qəza məktəbində
müəllim kimi fəaliyyətə başlayır. 1850-ci
ildə yenə Tiflisə dönür, gimnaziyada yenidən Azərbaycan
və fars dillərini tədris edir, eyni zamanda bədii
yaradıcılıqla məşğul olur.
M.Ş.Vazeh 1852-ci ildə Tiflis gimnaziyasının
Şərq dilləri müəllimi İvan Qriqoryevlə
müştərək “Kitabi-türki” adlı Azərbaycan
dilində ilk dərs vəsaiti tərtib edir. Kitab gimnaziya və
qəza məktəblərində uzun müddət istifadə
olunub.
58 illik ömrünün böyük hissəsini ədəbi
yaradıcılığa, maarif və mədəniyyətin
inkişafına həsr edən Mirzə Şəfi Vazeh 28
noyabr 1852-ci ildə Tiflisdə dünyasını dəyişib
və orada dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.6.