Fəxri xiyabanda anım mərasimləri

 

Qara Qarayevin və Rüstəm İbrahimbəyovun məzarları ziyarət olunub

 

Fevralın 5-də, dünyaşöhrətli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qara Qarayevin (1918–1982) doğum günündə Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin məsul əməkdaşları, musiqi ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə qeyd olunub ki, Qara Qarayev Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunub. Böyük bəstəkarın əsərləri bu gün də bir sıra ölkələrin səhnələrində ifa olunur, musiqi mədəniyyətimizin təbliğinə töhfə verir.

Bəstəkarın “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, bir sıra tamaşalara yazdığı musiqilər də ölməzlik qazanıb.

***

Fevralın 5-də Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun (1939–2022) anadan olmasının 85-ci ildönümü tamam oldu.

Bu münasibətlə Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Mərasimdə bildirilib ki, Rüstəm İbrahimbəyov çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə və dünyada şöhrət qazanıb. Qeyd olunub ki, yazıçı Azərbaycan bədii nəsrinin yeni mərhələyə qədəm qoymasında fəal iştirak edib. Sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini öz əsərlərində böyük ustalıqla əks etdirib. Ədibin əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilib.

 

Mədəniyyət.-  2024.- 7 fevral,¹9-10.- S.3.