Xaricdə mədəniyyət sahəsi
üzrə təhsil alanların fikir və təklifləri
dinlənilib
Mədəniyyət naziri Adil Kərimli yanvarın 31-də
Azərbaycan Milli İncəsənət Muzeyində xaricdə
mədəniyyət sahəsi üzrə təhsil alan şəxslərlə
görüş keçirib.
Görüşün məqsədi xaricdə təhsil
almış və hazırda təhsilini davam etdirən şəxslər
arasında dialoq və şəbəkələşmə
üçün münbit şərait yaradılması, eyni
zamanda xaricdə təhsil almış şəxslərin bilik
və bacarıqlarından istifadə olunmaqla ölkəmizin mədəni
inkişafına töhfə verməkdən ibarətdir.
İştirakçıları salamlayan nazir ölkəmizdə
gənclərə göstərilən diqqət və
qayğıdan söz açıb. Qeyd edib ki, Prezident
İlham Əliyevin sərəncamları ilə gənclərimizin
müxtəlif ixtisaslar üzrə xaricdə təhsil
alması istiqamətində ardıcıl addımlar
atılır: “Sizlərin bir çoxu möhtərəm
Prezidentimizin müvafiq sərəncamı ilə təsdiq
olunmuş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində dünyanın
nüfuzlu universitetlərində mədəniyyətin müxtəlif
sahələri üzrə təhsil almış
insanlarsınız. Ölkə rəhbərliyi tərəfindən
mədəniyyət sahəsinin inkişafı ilə
bağlı qarşımızda qoyulan vəzifələrin və
tapşırıqların həyata keçirilməsində
beynəlxalq təcrübəyə əsaslanan biliklərə,
yanaşmalara ehtiyac var”.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın rəhbəri olduğu Heydər Əliyev
Fondu tərəfindən də gənclərimizin mədəniyyət
sahəsi üzrə xaricdə təhsil almalarına mütəmadi
dəstək göstərilir.
Daha sonra görüşdə
iştirakçıların fikirləri dinlənilib, mədəniyyətin
ayrı-ayrı sahələri üzrə diskussiya
keçirilib.
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.3.