Dövlət təltifləri
təqdim edilib
Fevralın 6-da Mədəniyyət Nazirliyində
müasir Azərbaycan poeziyasının tanınmış
nümayəndəsi, şair, tərcüməçi, Əməkdar
incəsənət xadimi Baba Vəziroğluna “Şərəf”
ordeni təqdim edilib. 70 yaşı tamam olan Baba Vəziroğlu
ölkə başçısının 11 yanvar 2024-cü il
tarixli sərəncamı ilə Azərbaycan ədəbiyyatının
inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə
görə təltif olunub.
Mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi
və yüksək dövlət təltifi münasibətilə
Baba Vəziroğluna təbriklərini çatdırıb.
Ədəbiyyat və mədəniyyət xadimlərinə
dövlət qayğısından danışan nazir bildirib
ki, Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin
hər iki dövründə bu sahələrin
inkişafını diqqətdə saxlayıb, yaradıcı
insanlardan öz dəstəyini əsirgəməyib.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Baba Vəziroğlu yaradıcılığına
verilən qiymətə görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirib.
Sonra nazir “Şərəf” ordeninin nişanını
və vəsiqəsini şairə təqdim edib, xatirə
şəkli çəkdirilib.
***
Fevralın 6-da Mədəniyyət Nazirliyində Azərbaycan
Memarlar İttifaqı idarə heyətinin sədri Əməkdar
memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək”
ordeni təqdim olunub. Tanınmış memar 75 illik yubileyi ərəfəsində,
Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı
ilə bu ordenə layiq görülüb.
Mədəniyyət naziri Adil Kərimli Elbay
Qasımzadəni yüksək dövlət təltifi
münasibətilə təbrik edib. Qeyd olunub ki, Azərbaycanda
memarlıq sahəsinin inkişafında onun mühüm xidmətləri
var. Uzun illər Bakının baş memarı olmuş Elbay
Qasımzadənin əməyi dövlətimiz tərəfindən
həmişə yüksək qiymətləndirilib. O bundan əvvəl
“Şöhrət” (2000) və “Şərəf” (2018) ordenləri
ilə təltif edilib.
Elbay Qasımzadə fəaliyyətinə verilən
böyük dəyərə görə Prezident İlham
Əliyevə minnətdarlığını bildirib.
Nazir dövlət təltifini memara təqdim edib, xatirə
şəkli çəkdirilib.
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.2.