“Gəncliyin səsi” festivalından
yaddaşlara yazılanlar
Xəbər verdiyimiz kimi, Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə 1-3 fevral tarixlərində Azərbaycan
Gəncləri Gününə (2 fevral) həsr olunmuş
10-cu “Gəncliyin səsi” festivalı keçirilib.
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində
(BMM) festivalın açılış mərasimi olub.
Qonaqlar mərkəzin foyesində Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
(ADMİU) Dizayn fakültəsində geyim dizaynı üzrə
təhsil alan tələbələrin “Tomris sorağında”
adlı moda kolleksiyası ilə tanış olublar.
Sonra BMM-in zalında festivalın ilk konsert proqramı təqdim
edilib. Ənənəvi saz havaları, bəstəkar
yaradıcılığında istifadə olunan, eləcə
də pianoda improvizə edilmiş aşıq musiqiləri
maraqla qarşılanıb. Bununla yanaşı, müxtəlif
dövrlərdə yaşamış aşıqların
sözlərinə yazılmış mahnılar xanəndə
və xor kollektivi tərəfindən ifa olunub.
Proqramda ADMİU, bu təhsil ocağının nəzdində
fəaliyyət göstərən Humanitar Kollec, Azərbaycan
Milli Konservatoriyası, Abşeron rayonu Mehdiabad qəsəbə
Uşaq musiqi məktəbinin müəllim, tələbə
və şagird heyəti öz ifaları ilə
tamaşaçıların zövqünü
oxşayıblar.
Filarmoniyada musiqi axşamı
Festivalın daha bir konserti fevralın 2-də M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında
gerçəkləşib. Əvvəlcə gənc rəssamların
əsərlərindən ibarət sərgiyə baxış
olub.
Musiqi axşamında gənc bəstəkarların
diplom işləri olan musiqi əsərləri səsləndirilib.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestri (dirijor – Mustafa Mehmandarov) və Azərbaycan Dövlət
Xor Kapellasının (bədii rəhbər – Xalq artisti
Gülbacı İmanova) müşayiəti ilə solistlər
Nigar Əsgərova (soprano), Rauf Məmmədzadə (bariton),
Ümidə Abbasova (violin), Xəyal Əliyev (akkordeon) və Səxavət
Məmmədov (tar) çıxış ediblər.
Proqramda Üzeyir Məmmədovun “Zaman axarı”
simfoniyası (4 hissə), Nigar Süleymanın “Triptix”
simfoniyası (3 hissə), Fərid Fətullayevin “Dəsgah” və
Ülkər Aşurbəylinin “Tanqo hekayəti” operasından
“Süita” (4 nömrə) əsərləri ifa olunub.
Bütün çıxışlar alqışlarla
qarşılanıb.
Gənc Tamaşaçılar Teatrında “Balaca
kişilər”
“Gəncliyin səsi” festivalı çərçivəsində
fevralın 2-də Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında İlqar Fəhminin “Balaca
kişilər” pyesi əsasında hazırlanmış
eyniadlı tamaşa göstərilib.
Müəllif “Balaca kişilər” poemasını
2020-ci ilin 44 günlük Vətən müharibəsi
dövründə qələmə alıb, sonradan əsəri
pyesə çevirib. Tamaşanın premyerası 2023-cü
ilin may ayında olub.
Düşmənin postunu ələ keçirən
xüsusi təyinatlı qüvvələrin
döyüşçüləri yeni mövqelər
üçün irəli getməlidirlər. Posta nəzarət
isə gənc əsgərlərə, bir də yaralı zabitə
tapşırılır. Əsas hadisələr də bundan
sonra başlanır...
Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov,
quruluşçu rəssamı Vüsal Rahimdir. Rolları
Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər,
Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Rəşad
Səfərov, Araz Pirimov, Xaliq Bəkirov, Hüseyn Bayramov,
Ümman Budaqov, Nurlan Süleymanlı, Sənan Kazımov, Ramiq
Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar
Seyfullayev, Mirzəağa Mirzəyev ifa ediblər.
Mədəniyyət.- 2024.- 7 fevral,№9-10.- S.1;3.