Mədəniyyətimizin
böyük hamisi - İllərin xronikasından (97)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçmələrin dərcini davam etdiririk.
(əvvəli ötən sayımızda)
2001-ci il 15 oktyabr
Prezident Heydər Əliyev milli və dünya klassik rəqs
əsərlərinin təbliğində mühüm xidmətləri
olan Azərbaycan Dövlət Rəqs Ansamblı işçilərinin
sosial təminatını yaxşılaşdırmaq
haqqında sərəncam imzalayıb. Ansamblın
işçilərinin aylıq maaşları 2002-ci il
yanvarın 1-dən orta hesabla beş dəfə
artırılıb.
Azərbaycan musiqi sənətinin inkişafindakı
xidmətlərinə görə bəstəkar, Xalq
artisti Ramiz Mustafayevin
“Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
fərman imzalayıb. Sənətkara 75 illik yubileyi münasibətilə
təbrik məktubu göndərib.
2001-ci il 17 oktyabrAzərbaycan Respublikasının
dövlət müstəqilliyinin 10-cu ildönümünə
həsr olunmuş mərasimdə nitq söyləyib.
“...Bəlkə də bu on ilin gündəliyi
yazılmalıdır. Hansı gün nə olub, Azərbaycan
hansı gün nə vəziyyətdə olubdur...
Çünki dövr, zaman gələcək, Azərbaycan
müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək,
qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək
nəsillər də gərək bunu unutmasınlar. Ona görə
də bu on il təhlil edilməlidir. İndi bizim tarixçilər
adətən keçmiş əsrləri təhlil edirlər,
əsərlər yazırlar, elmi dərəcələr
alırlar. Buna etiraz yoxdur, çünki tariximizin hər səhifəsi
bizim üçün əhəmiyyətlidir. Ancaq tariximizin bu
səhifəsi, bu onillik səhifəsi, hesab edirəm ki, bizim
xalqımız üçün və gələcək nəsillər
üçün ən əhəmiyyətli bir dövrdür.
O mənada ki, faciəli dövrdür, ağır
dövrdür, amma eyni zamanda, bu dövrü bizim
xalqımız öz müdrikliyi ilə, öz iradəsi ilə
yaşadı və bu çətinliklərdən
çıxdı...”.
2001-ci il 18 oktyabr
Dövlət müstəqilliyinin 10-cu
ildönümündə Şəhidlər xiyabanını
ziyarət edib.
“Gülüstan” Sarayında Azərbaycanın dövlət
müstəqilliyinin 10-cu ildönümü münasibətilə
təşkil olunmuş rəsmi qəbulda nitq söyləyib.
Mərasimdə iştirak edən mədəniyyət xadimləri
ilə də səmimi şəkildə görüşərək
söhbət edib.
2001-ci il 27 oktyabr
İctimai xadim, Azərbaycan ədəbiyyatı və
elminin görkəmli nümayəndəsi, Xalq
yazıçısı Mirzə İbrahimovun 90 illik yubileyi haqqında
sərəncam imzalayıb.
2001-ci il 9 noyabr
Dünya Azərbaycanlılarının I
Qurultayında nitq söyləyib.
“...Biz istəyirik ki, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı
kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt
öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər.
Bizim hamımızı birləşdirən bu amillərdir.
Bizim hamımızı birləşdirən, həmrəy edən
azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Hər bir insan üçün milli mənsubiyyəti onun
qürur mənbəyidir. Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
yaşatmalıyıq...”.
2001-ci il 3 dekabr
Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərinə görə
şair Nəriman Həsənzadəni “Şöhrət”
ordeni ilə təltif edib.
Azərbaycan musiqi mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə Xalq
artisti Yaqub Məmmədovun “Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında fərman imzalayıb. Muğam sənətinin
görkəmli nümayəndəsini
yaradıcılığının 50 illiyi münasibətilə
təbrik edib.
2001-ci il 9 dekabr
“Uşaqların Beynəlxalq Televiziya və Radio
Günü” münasibətilə keçirilmiş şənlikdə
nitq söyləyib.
2001-ci il 12 dekabr
Azərbaycan xalqı qarşısında xidmətlərinə
görə bir qrup ədəbiyyat və incəsənət
xadiminə fərdi təqaüdlərin verilməsi
haqqında sərəncam imzalayıb. Fərdi təqaüdə
layiq görülənlər: memar Davud Axundov, rəssamlar Rasim
Babayev, Elbəy Rzaquliyev, Xalidə Səfərova, şair Fikrət
Qoca, balet artisti Maqsud Məmmədov.
2001-ci il 24 dekabr
Azərbaycanda kitabxanaşünaslıq elminin
inkişaf etdirilməsində xidmətlərinə görə
Abuzər Xələfova “Əməkdar elm xadimi” fəxri
adının verilməsi haqqında fərman imzalayıb.
2001-ci il 25 dekabr
Xalq şairi Rəsul Rzanın 90 illiyinə həsr
olunmuş yubiley gecəsində iştirak edib.
2002-ci il 19 yanvar
20 Yanvar faciəsinin 12-ci ildönümünə həsr
olunmuş mərasimdə iştirak edib.
2002-ci il 3 mart
Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin
möhkəmləndirilməsi və musiqi sənətinin
inkişafındakı xidmətlərinə görə
Mstislav Leopoldoviç Rostropoviçin “İstiqlal” ordeni ilə
təltif edilməsi haqqında fərman imzalayıb.
Mstislav Rostropoviçlə Respublika Sarayında
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin konsertində olub.
2002-ci il 4 mart
Görkəmli musiqiçi Mstislav Rostropoviçə
“İstiqlal” ordenini təqdim edib.
Mstislav Rostropoviçin 75 illiyi şərəfinə
təşkil olunmuş rəsmi qəbulda çıxış edib.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.5.