Naxçıvan səhnəsində
premyera
“Qatarın altına atılan qadın”
Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Milli Dram Teatrında Xalq
yazıçısı Afaq Məsudun
“Qatarın altına atılan qadın” əsəri əsasında
hazırlanan tamaşanın
premyerası olub.
Fevralın 10-da təqdim olunan səhnə əsərinin
quruluşçu rejissoru və musiqi tərtibatçısı
Əlisahib Cəlil, quruluşçu rəssamı Səyyad
Bayramov, rejissor assistenti Behruz Haxverdiyevdir. Dram janrlı
tamaşada rolları Azərbaycanın Əməkdar artistləri
Nazlı Hüseynquliyeva, Əli Əliyev, Behruz Haxverdiyev və
başqaları oynayırlar.
Tamaşanın qəhrəmanı həyatını
sənətə qurban verən, amma illər keçdikcə
“zəmanə uşaqları” tərəfindən səhnədən
vağzala sıxışdırılan aktrisa Gültəkin
Sarabskayadır. O bəzi səhnə geyimlərini, vaxtilə
oynadığı pyeslərin yer aldığı kitabları
götürüb gəlib vağzala. Tamaşaçı
vağzalla səhnəni eyni məkanda görür. Burada
vağzal həm də həyatla ölüm arasında bir sərhədə
bənzəyir. Vağzaldakı bir səfil Gültəkin
Sarabskayanın bu sərhədi keçməsinə mane olur.
O, sevimli aktrisasını tanıyır, ağlına gələn
pyeslərdən, obrazlardan danışır və onu
qaytarmaqla ovutmağa çalışır.
Tamaşa bu iki şəxsin dialoqları üzərində
qurulub. Əslində, bu səfil də sıradan biri deyil. O
özü də həyat və sənət sınaqlarında
uduzan dramaturqdur...
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.4.