Şəhidin ev-muzeyində xatirəsi anılıb

 

 

Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Hüseyn Arifin Ev-Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Mahmud Əhmədovun xatirəsinə yaradılan muzeyi ziyarət ediblər.

Şəhidin həyatı və döyüş yolundan danışılıb. Qeyd olunub ki, Mahmud Fərman oğlu Əhmədov 1989-cu il avqustun 2-də Ağstafa şəhərində anadan olub. Asif Abdullayev adına Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə, sonra şəhər Texniki-humanitar təmayüllü liseydə təhsil alıb.

Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında qalıb. Nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif edilib.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Mahmud Əhmədov Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb. Bərdə rayon xəstəxanasında müalicə alıb. Müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb. Noyabrın 3-də Laçın rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.4.