“Tək səs, tək
ürək” – Şimali Kiprdən sənət sovqatı
Fevralın 14-də Nizami Kino Mərkəzində “Tək
səs, tək ürək” adlı konsert proqramı təqdim
olundu. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycandakı
təmsilçiliyi və Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin
birgə təşkilatçılığı ilə
keçirilən konsertdə qardaş ölkədən gələn
sənətçi qrupu – Çağdaş Musiqi Dərnəyi
çıxış etdi.
Konsertdə Türkiyənin Azərbaycandakı səfiri
Cahit Bağcı, ŞKTC-nin Bakı təmsilçisi Ufuk
Turqaner, Azərbaycan Milli Məclisinin üzvləri iştirak
edirdilər.
Əvvəlcə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin
sədri Orxan Həsənoğlu çıxış edərək
cəmiyyətin fəaliyyəti haqqında söz
açdı. Bildirdi ki, konsertin məqsədi iki qardaş
ölkə arasında mədəni və ictimai əlaqələrin
inkişafına töhfə verməkdir. O, konsertin
Çağdaş Musiqi Dərnəyinin ölkəmizdə
ikinci tədbiri olduğunu, kollektivin 2018-ci ildə də
Bakıya təşrif buyurduğunu dedi.
ŞKTC-nin Azərbaycandakı təmsilçiliyinin rəhbəri
Ufuk Turqaner diqqətə çatdırdı ki,
Çağdaş Musiqi Dərnəyinin budəfəki konserti
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr
edilib.
Şimali Kiprlə Azərbaycan arasında əlaqələrin
inkişafından danışan U.Turqaner bildirdi ki, bundan əvvəl
bu il 100 illiyi qeyd olunan Naxçıvan Muxtar Respublikasında
da konsert proqramı ilə çıxış edib: “Bu bizim
üçün ayrı bir xoşbəxtlikdir. Mədəni əlaqələr
iki qardaş ölkə arasında könül
bağının birliyi üçün çox önəmlidir.
Şimali Kiprin Azərbaycandakı təmsilçiliyi olaraq bu
cür fəaliyyətlərə əhəmiyyət veririk”.
U.Turqaner çıxışının sonunda tədbirin
reallaşmasında göstərdiyi dəstəyə görə
Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü
bildirdi.
Çıxışlardan sonra təqdim edilən
konsert proqramında Çağdaş Musiqi Dərnəyinin
xoru (dirijor və bədii rəhbər Ersin Tunay) bir-birindən
maraqlı, unudulmaz türk musiqilərini ifa etdi. Qardaş
ölkə kollektivinin çıxışı alqışlarla
qarşılandı.
Qeyd edək ki, Çağdaş Musiqi Dərnəyi
Ersin Tunayın rəhbərliyi ilə 2013-cü ildə 18
musiqi könüllüsü ilə birgə yaradılıb.
Bu gün kollektiv 85 üzvü ilə Şimali Kiprin ən
böyük klassik musiqi xoru kimi uğurla fəaliyyət
göstərir.
Lalə
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.1;2.