14 yaşından səhnədə
Xalq artisti Rövşən Hüseynov
üçün teatr bir həyat, yaşam tərzidir
Teatr bir möcüzədir. Bu möcüzəni
aktyorlar, rejissorlar, rəssamlar birlikdə səhnə adlı
bir dünyada yaradırlar. Səhnədə baş verənləri
izləyən insan sanki sirli-sehrli aləmə
düşür. Ədəbi qəhrəman kimi bir zaman
kitablardan oxuduğu obrazları canlı görür.
Yaxşı təqdim edilən tamaşada isə seyrçinin
özü də hadisələrin canlı şahidinə, bəzən
hətta iştirakçısına çevrilir. Amma unutmaq
olmaz ki, obrazı səhnəyə gətirən, onu canlandıran,
həyat verən aktyordur. Səhnədə
başqalaşır, obrazların daxili aləmini
açır, hiss və duyğularını
tamaşaçıya çatdırır.
Əslində, teatr səhnəsində hər şey
şərtidir, burda evlər kartondan, ağaclar parçadan, əşyalar
butafordan ibarətdir. Günəş bəzən yerin
altından çıxır, buludlar müşəmbədən
olur... Burada yeganə canlı aktyordur və onun ürəyi
var. Bir bu ürək bütün süni şərtilikləri
cana gətirir.
O da aktyordur. Özü də 56 ildir, yəni 1968-ci
ilin dekabr ayından Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Milli Dram Teatrında işləyir.
Təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda
sənətsevərlərin yaxşı
tanıdığı aktyordan – bu il 70 illiyini qeyd edən Xalq
artisti Rövşən Hüseynovdan danışıram. Yəqin
ki, onu tanıyan oxucunun üzündə istər-istəməz
təbəssüm yarandı. Bu da təbiidir. Çünki
onu uzun illərdir daha çox komediya aktyoru kimi
tanıyırıq.
Rövşən Hüseynov 1954-cü il fevralın
6-da Naxçıvanda sənətkar ailəsində
doğulub. Anası Xalq artisti,
“Şöhrət” ordenli Sofya Hüseynova, atası uzun illər
Naxçıvan teatrında inzibati işlərdə
çalışan Maqsud Hüseynov balaca Rövşəni
uşaqlıqdan sərbəst böyüdüblər. Bu
qayğısız uşaqlıq illərini daha çox
teatrın səhnəsində keçirən və elə
burada sənətkarların əhatəsində böyüyən
gənc Rövşən sonradan elə valideynləri kimi
ömrünü də böyük səhnəyə
bağlayır.
Uşaqlıq illərində teatrın səhnəsində
kiçik epizod rollarda çıxış edir. 14
yaşından teatrın truppasına aktyor kimi qəbul olunur.
Onun istedadı tanınmış səhnə xadimlərinin
diqqətindən yayınmır. Rövşən Hüseynovun
yeniyetməlik illəri Naxçıvan teatrının
inkişaf dövrünə təsadüf edir. II Dünya
müharibəsindən sonra “özünə gələn”
teatr sahəsi, ölkənin hər yerində olduğu kimi,
Naxçıvanda da tərəqqi edirdi. Təcrübəli
yaradıcı heyət bir-birindən maraqlı səhnə əsərləri
ilə tamaşaçıların qarşısına
çıxır, sənətsevərlərin teatra
marağını artırırdı. Həmin dövrdə
rejissorlar Baxşı Qələndərli, Vəli Babayev,
İbrahim Həmzəyevin quruluş verdiyi tamaşalarda
Rövşənin də özünəməxsus rollar silsiləsi
başlayır. O zaman teatra yeni rejissor təyin olunan Vəli
Babayev hazırladığı tamaşalarda ona da baş rollar
verir və peşəkar aktyor kimi yetişməsi
üçün səylərini əsirgəmirdi.
1968-ci ildə S.S.Axundovun “Laçın yuvası”
tamaşasındakı Səfər obrazından bu yaxınlarda
gənc rejissor Mir Qabil Əkbərovun quruluşunda J.B.Molyerin
“Skapenin kələkləri” tamaşasındakı Arqant roluna
qədər 200-dək müxtəlifxarakterli qəhrəman səhnədə
Rövşən Hüseynovun ifası ilə
tamaşaçıya təqdim edilib. Maraqlı hal odur ki,
canlandırdığı rolların əksəriyyəti
baş qəhrəmandır. Hətta epizodik rolda belə Xalq artistinin
imzası digər həmkarlarından seçilir. Bu
obrazların hər biri özünəməxsus xarakter cizgiləri,
maraqlı ifa tərzi ilə bir-birini təkrar etmədən
yaradılıb. Çoxu da komediya qəhrəmanlarıdır.
Hətta faciə belə olsa, Rövşən Hüseynov
mütləq ona bir qədər komediya elementi qatacaq.
Çünki komediya, gülüş, əslində, qəhrəmanın
cəmiyyətdəki çatışmazlıqlara
üsyanıdır və tamaşaçını daha
çox düşündürür.
Rövşən Hüseynov çox ciddi aktyordur. Onun
oynadığı komik obrazlar həm də ciddiliyi ilə
seçilir. Hər biri özünəməxsus şəkildə
aktyor ifası ilə tamaşaçının
yaddaşında iz buraxır. Bəzən aktyorların
yaradıcılığını komik və ya dramatik
amplualara bölürlər. Rövşən Hüseynov əsl
aktyordur, yəni onun üçün obraz, xarakter var. Qəhrəmanın
düşdüyü vəziyyətin reallığı və
insan taleyi onu narahat edir. Bir də hər şeyi olduğu kimi
yaşamaq. Komediya və ya faciə isə aktyorun
yaratdığı obrazın düşdüyü mühitin,
situasiyanın diktəsi ilə yaranır. Çünki sənətkar
obrazın düşdüyü vəziyyəti
özününküləşdirərək yaşaya bilir.
Rövşən Hüseynovun
yaradıcılığı dövlət tərəfindən
yüksək qiymətləndirilib. Hətta o, “Əməkdar
artist” fəxri adını alması ilə bağlı xəbəri
1987-ci ildə qiyabi təhsil aldığı indiki Mədəniyyət
və İncəsənət Universitetində dövlət
imtahanı verən zaman müəllimlərindən eşidir.
2008-ci ildə isə “Xalq artisti” fəxri adına layiq
görülür.
Etiraf edək ki, Rövşən Hüseynov tərəf-müqabili
ilə oyunu sevən, öz həmkarlarına səhnədə
istənilən vəziyyətdə yaxşı ifa
üçün şərait yaradan çox az aktyordan biridir.
Buna görə də gənclər həvəslə onun oynadığı
tamaşalarda rol almağa can atıb. O ki qaldı, tərəf-müqabili
ola. Hətta bu gün yeganə aktyordur ki, Naxçıvan
teatrında onun sənət məktəbini davam etdirən tələbələri
var.
Üstün cəhətlərindən biri çox
gözəl musiqi duyumunun olması, digəri isə gözəl
səhnə plastikasıdır. Bu xüsusiyyətlərini hətta
vaxtilə Xalq artistləri Afaq Bəşirqızı və rəhmətlik
Yaşar Nuri onunla Naxçıvan teatrında bir səhnəni
bölüşəndən sonra səmimi şəkildə
etiraf ediblər. Bir çox səhnə fədailəri kimi
Rövşən müəllimin də ürəyi həyat
verdiyi müxtəlifxarakterli obrazların faciəsinə biganə
qala bilmədi. Nəticədə ürəyindən
ağır əməliyyat olundu. Həkimlər səhnədə
çevik hərəkət etməyi ona qadağan ediblər.
Amma taleyini teatra bağlayan insanın ürəyi səhnə
ilə döyünürsə, ondan ayrıla bilərmi? Ona
görə də Rövşən müəllim son illər
özünü rejissor kimi sınaqdan keçirdi. Nəticədə
Həsən Elsevərin “Koroğlu nəsli”, Viktor Qubarevin
“Sehrli yaylıq”, İsgəndər Coşqunun “Ana laylası”
kimi uşaq və yeniyetmələr üçün
hazırlanan maraqlı, dinamik tamaşalar yarandı. Müzəffər
Nəsirlinin “Qönçəbəyim nəğməsi”,
İlyas Əfəndiyevin “Hökmdar və qızı”, Mirzə
Fətəli Axundzadənin “Xırs quldurbasan”, İslam Səfərlinin
“Göz həkimi” əsərləri onun rejissor
fantaziyasından keçərək tamaşaçıya təqdim
edilib.
Onu da qeyd etmək yerinə düşər ki,
Rövşən Hüseynovun səhnə uğurları təsadüfi
deyil. Nənəsi Azərbaycanın Əməkdar artisti Xədicə
Qazıyeva 1927-ci ildə Naxçıvan teatrına gələn
ilk milli qadın aktrisalarımızdan olub. Anası Xalq artisti,
“Şöhrət” ordenli Sofya Hüseynova, qardaşı Xalq
artisti Rafael Dadaşov da bu sənətin vurğunu idilər.
97 il əvvəl bu sənətkar ailənin Naxçıvan
teatrına gəlişi sonradan səhnə sənətimizə
bir Əməkdar, üç Xalq artisti bəxş edib.
Bu gün Rövşən müəllim arxaya
dönüb baxanda görür ki, 70 illik ömrünün
böyük bir hissəsi – 56 ili sənətə, teatra həsr
olunub. Bu isə bir faktı sübut edir: Xalq artisti Rövşən
Hüseynov üçün teatr bir həyat, yaşam tərzidir...
Yoxsa bu qədər sevgi haradan ola bilər? 70 yaşın
mübarək, həmişəcavan sənətkar!
Səməd Canbaxşiyev
Naxçıvan MR-in Əməkdar artisti
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.7.