Şam
işığında musiqi...
“Mystery Ensemble” salon konsertləri ənənəsini
dirçəldir
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan
Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan
Musiqisi Zalında “Mystery Ensemble” qrupunun konserti böyük
maraqla qarşılanıb. Şam işığında
keçirilən salon konsertləri dəbində hazırlanan
musiqi axşamı “Red Events” agentliyinin təşkilatçılığı
ilə ərsəyə gəlib.
“Mystery Ensemble”nin üzvlərini tanınmış
skripkaçı, Əməkdar artist, P.İ.Çaykovski
adına Moskva Dövlət Konservatoriyasının məzunu
Ceyla Seyidova bir araya gətirib.
Qrup bakılılara və şəhərin
qonaqlarına “Harri Potter”, “Üzüklərin hökmdarı”,
“Karib dənizinin quldurları”, “Taxt-tac oyunları” və digər
filmlərin musiqisindən ibarət orijinal proqram təqdim edib.
Ötən dekabrın sonunda, Yeni il ərəfəsində isə
ansambl musiqisevərlər qarşısında
P.İ.Çaykovskinin əsərləri ilə
çıxış etmişdi.
“Mystery Ensemble”ni öz skripkası ilə idarə edən
Ceyla Seyidova eyni zamanda filarmoniyanın musiqi kollektivlərindən
olan Azərbaycan Dövlət Simli Kvartetinin “birinci skripka”
ifaçısıdır. O, AZƏRTAC-a müsahibəsində
qrupun yaranması və yaradıcılıq planları barədə
də danışıb.
İfaçı bildirib ki, kiçik formatlı musiqi
qrupunda “birinci skripka” həm də dirijor çubuğu
funksiyasını yerinə yetirir, amma bu həmişə
mümkün deyil: “Musiqiçilər mənim işarəmdən
sonra notlara baxır, sonra yenidən diqqəti mənə
yönəldirdilər. Belə demək mümkünsə,
konsertdə gözlərlə təmas, musiqi alətlərinin
vəhdəti və təbəssümlə ifa yaddaqalan oldu.
Kvintet (beşlik) dirijorsuz da keçinə bilir. Amma
hazırkı məqamda elə müasir əsərlər var
ki, onları dirijorsuz ifa etmək mümkün deyil.
Çünki müəyyən sayda taktlardan sonra səsi
tutmaq lazım gəlir, həm də partiyaya bələd olmaq,
deyək ki, royalı bilmək tələb olunur. Dirijor isə
artıq partituranın bütün partiyalarına baxır, bəstəkarın
hər hansı fantaziyasını idarə etməyə
çalışır. Müasir musiqidə keçmişdəki
bəstəkarlarla müqayisədə müəlliflər
daha sərbəst olurlar”.
Layihələrə gəlincə, ötən ilin
sonunda və bu ilin əvvəlində təqdim edilən
proqramlar müəyyən dərəcədə salon konsertlərini
dirçəldir: “Konsertlərin təşkilatçılarının
təklif etdikləri format öz-özlüyündə
maraqlıdır – şam işığında, həm də
gözəl bir zalda musiqi əsərləri ilə vəhdət...
Belə olan halda ruh yüksəkliyi də təbiidir.
Tamaşaçıların münasibəti isə konsertlərə
yeni ovqat qatır”.
Səhnədə musiqi əsərlərinin elan edilməməsi
də tamaşaçılar üçün bir qədər
qəribə gələ bilər. Hərçənd hər
musiqi nömrəsindən öncə onun elan olunması da
musiqinin səslənməsi “mistikası”nı pozur. Üstəlik,
sonda konsert proqramı elektron anonslarda təqdim edilir.
Mədəniyyət.- 2024.- 16 fevral,№13.- S.5.