Zamanla ayaqlaşmaq
üçün
ADMİU-da çağdaş Britaniya dramaturgiyası
ilə bağlı layihə
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində (ADMİU) Britaniya
Şurasının (British Council) Bakıdakı nümayəndəliyi
ilə əməkdaşlıq çərçivəsində
“Böyük Britaniyanın çağdaş dramaturgiyası:
tanıma” adlı yeni layihəyə başlanılıb.
Fevralın 12-də ilk tədbiri keçirilən layihənin
rəhbəri ADMİU-nun Teatrşünaslıq
kafedrasının dosenti, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Elçin Cəfərovdur.
Universitetin rektoru Əməkdar incəsənət
xadimi, professor Ceyran Mahmudova layihənin əhəmiyyətindən
bəhs edərək bildirdi ki, universitet hər zaman tələbənin
maariflənməsi, daha geniş səpkili və dolğun
biliklər əldə etməsi üçün
çalışır, bu istiqamətdə dünyanın qabaqcıl
universitetlərinin təcrübələrini örnək
alaraq yeni layihələr hazırlayır. İlk tədbiri
keçirilən “Böyük Britaniyanın
çağdaş dramaturgiyası: tanıma” layihəsi də
bu qəbildəndir.
Britaniya Şurasının Azərbaycan üzrə
direktoru Nərgiz Hacıyeva layihənin yaranma tarixçəsindən
danışdı. Bildirdi ki, Elçin Cəfərovun “Kreativ
prodüserlər proqramı” çərçivəsində
yaradılmış “Katalizator ArtHub” müvafiq mərhələləri
uğurla keçərək Britaniya Şurasının dəstəklədiyi
7 layihədən biri olub. O, gələcəkdə bu qəbildən
olan incəsənət yönümlü layihələrin və
birgə təşəbbüslərin davam etdiriləcəyinə
inamını ifadə etdi.
Sonra Elçin Cəfərov çıxış edərək
layihənin məzmunu, görüşlərin proqramı, beynəlxalq
və yerli mütəxəssislər, layihə komandası
haqqında danışdı. Vurğulandı ki, layihənin əsas
məqsədi Azərbaycan tamaşaçısında
müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür
yaratmaqdır.
Tədbirin ilk hissəsində “Böyük Britaniyada
çağdaş teatr: dramaturgiya” mövzusunda dramaturq, London
Nitq və Dram Sənəti Kral Məktəbində Dramaturgiya
kafedrasının müəllimi Sara Qroçalanın
spikerliyi ilə seminar keçirildi.
Ardınca universitetin kiçik səhnəsində
“Böyük Britaniya dramaturgiyasında sosial mövzu dominant
konsept kimi” adlı müzakirə aparıldı. Nik Peynin
“Bürclər” pyesinin qısa fraqmentinin oxunuşu oldu.
Oxunuşu ADMİU-nun Dram teatrı və kino aktyorluğu
üzrə IV kurs tələbələri Ləman Səlimova,
Nicat İsgəndərli və Fidan Ağazadə həyata
keçirdilər. Daha sonra pyesin müzakirəsi
aparıldı, əsərin ideyası və Azərbaycan cəmiyyətinə
mesajları haqqında diskussiya keçirildi.
Layihə çərçivəsində növbəti
tədbir fevralın 23-nə nəzərdə tutulub.
Həmidə
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.3.