Yorulmaz maarifçi və ictimai xadim
Həbib bəy Mahmudbəyov-160
XIX əsin sonu – XX əsrin əvvəllərində
Azərbaycanda milli maarifçi fikrin oyanışı və
formalaşması istiqamətində önəmli addımlar
atılıb. Həmin dövrdə maarif və mədəniyyətin
inkişafı sahəsində xidmətləri olmuş
ziyalılarımızdan biri də Həbib bəy Mahmudbəyovdur.
Bu il böyük maarif xadiminin anadan olmasının 160
illiyidir.
Həbib bəy Hacı İbrahimxəlil bəy
oğlu Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində
dünyaya göz açıb. Əvvəlcə məhəlli
molla məktəbinə gedib, sonra şəhər məktəbində
təhsilini davam etdirib. 1872-ci il zəlzələsində
şəhər məktəbinin binası dağılır. Həbib
bəy Bakıya gəlir və realnı məktəbə qəbul
olunur. Bu məktəbdə altıncı sinfədək oxuyur.
1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə
Tiflis şəhərinə gedir. Hər ikisi Aleksandrov Müəllimlər
İnstitutuna daxil olurlar. Təhsillərini başa vurub vətənə
dönürlər. Onlar ölkəmizdə maarifçilik hərəkatına
öz töhfələrini vermək üçün səylərini
birləşdirirlər. 1887-ci ildə Bakıda ilk özəl
rus-müsəlman məktəbini açırlar. Bu, o dövr
üçün böyük mədəni hadisə idi.
Böyük maarifçi, pedaqoq Firidun bəy
Köçərli vaxtilə yazırdı: “Bu vaxtlarda (1891)
Qafqazda maarif müdiri olan Yanovski Sultanməcid Qənizadə
ilə Həbib bəy Mahmudbəyovun təzə qayda ilə
açdıqları məktəbləri ziyarət edib. Həm
şagirdlərin oxumasından, həm də cavan müəllimlərin
səy və hümmətindən artıq dərəcədə
razı qalıb. O, sonralar bu məktəbi hər yerdə vəsf
edib”.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Nərmin
Bağırova araşdırmasında yazır ki, 1891-ci ildə
Bakı camaatından 150 nəfər şəhər
dumasına ərizə ilə müraciət edərək bu məktəblərin
sayının artırılması və dövlət xərcinə
keçirilməsi tələbini irəli sürürlər.
Şəhər camaatının tələbi əsasında həmin
il dövlət hesabına Rus-Azərbaycan məktəbinin
bazası əsasında iki yeni məktəb
açılır. Birinci məktəbə 35, ikinci məktəbə
isə 45 şagird qəbul olunur. H.Mahmudbəyov birinci, S.Qənizadə
isə ikinci məktəbin müdiri təyin olunur...
Sonralar Rus-Azərbaycan məktəbində S.S.Axundov,
A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, Həmidə
Behbudova kimi müəllimlər dərs deyirlər. Bu təhsil
ocaqlarından şagirdlərin hərtərəfli
inkişafına diqqət yetirilir, onların istedad və
bacarıqlarının üzə çıxarılması
üçün addımlar atılırdı. Bu mənada
folklorşünas Əbülqasım Hüseynzadənin bir
xatirəsi maraq doğurur: “Həbib bəy Mahmudbəyovu 15
yaşımdan tanıyıram. Mən o vaxt “rus-tatar” məktəbində
oxuyurdum. Məktəbin direktoru Həbib bəy Mahmudbəyov
idi. O, üzügülər, itibaxışlı və nurlu
bir şəxs idi. Seyid Hüseynlə oxuyurdum. Bir gün Həbib
bəyin təşəbbüsü ilə məktəbdə
yaradılmış teatr truppasına üzv yazıldıq. Mən
ədəbiyyata və teatra çox həvəs göstərirdim.
Bunu Həbib bəy Mahmudbəyov hiss etmişdi. Ona görə
də mənə müxtəlif rollar verirdi”.
1914-cü ildə Həbib bəy Mahmudbəyovun məktəbinin
25 illik yubileyi qeyd olunur. Bu münasibətlə o, hökumət
tərəfindən təşəkkürnamə ilə təltif
edilir. Eyni zamanda görkəmli maarifçi Haşım bəy
Vəzirov tərəfindən “Bakıdakı rusi-müsəlmani
məktəblərin iyirmi beş illik yubileyi münasibətilə”
adlı kitabça da nəşr etdirilir.
Həbib bəy geniş ictimai maarifçilik fəaliyyəti
ilə məşğul olurdu. O, Bakı Şəhər
Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan
müəllimlərinin I qurultayının (1906) keçirilməsində
yaxından iştirak etmişdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Həbib
bəy Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında
yeni istiqamətlərin işlənib hazırlanmasında fəallıq
göstərir. Qabaqcıl maarif xadimləri F.Rzabəyli və
Ə.Cəfərovla birlikdə Azərbaycan Ali Pedaqoji
İnstitutunun yaradılmasında da köməyini əsirgəmir.
Həmin institutda uzun illər direktor müavini olur, eyni zamanda
rus dili və ədəbiyyatını tədris edir. Təhsilin
hərtərəfli inkişafı üçün gecə
kurslarının da fəaliyyət göstərməsinə
nail olur.
Həbib bəy təkcə məktəb işi ilə
məşğul olmurdu, o, maarifçiliyi həm də mədəniyyət,
sənət faktı kimi qəbul edirdi. Azərbaycanda realist
aktyor məktəbinin banisi, tanınmış teatr xadimi
Cahangir Zeynalovla birgə tamaşa hazırlamaq istəyir.
Əsas heyəti müəyyən etsələr də,
epizodik rollarda oynamağa aktyor tapmırlar. O, epizodik rollara
öz şagirdlərini cəlb edir. Bu şagirdlər sırasında
sonradan görkəmli səhnə
fədaisi olacaq Hüseyn Xələfov (Ərəblinski) da
vardı. Hüseyn özünün ilk məşqlərini
Cahangir Zeynalovun evində edir. Ancaq Hüseyn Ərəblinski
özünün ilk rolunu oynaya bilmir. Səhnədə
çaşan Hüseyn susmağa məcbur olur. Ancaq bu, tamaşanın
ümumi tempini pozmur. Çünki Hüseynin rolu tamaşada,
demək olar, nəzərə çarpmırmış. Həbib
bəy ona ürək-dirək verir, səhnədən, sənətdən
soyumasına imkan yaratmır.
Böyük maarifçi, ictimai xadim Həbib bəy
Mahmudbəyov 1928-ci ildə Bakıda vəfat edib. Ölümündən
sonra adı əbədiləşdirilir. Bakıdakı 2
nömrəli Texniki-humanitar elmlər liseyinə onun adı
verilir.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.6.