Muxtar respublikanın 100 illiyi münasibətilə
Bakıda Naxçıvan incəsənət nümayəndələrinin
iştirakı ilə konsert
Fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında Naxçıvan Muxtar
Respublikasının (NMR) yaranmasının 100 illiyi münasibətilə
Naxçıvanın incəsənət nümayəndələrinin
konserti keçirilib.
Konsertdən əvvəl Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin
rəhbəri Bəxtiyar Əsgərov və NMR mədəniyyət
nazirinin müavini, nazir vəzifələrini müvəqqəti
icra edən Həsən Seyidovun çıxışları
dinlənilib.
Musiqili gecədə Naxçıvanın incəsənət
nümayəndələri Azərbaycan Dövlət Xalq
Çalğı Alətləri Orkestrinin (bədii rəhbəri
və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev)
müşayiəti ilə Azərbaycan bəstəkarlarının
əsərlərini səsləndiriblər. Həmçinin
bir neçə musiqi nömrəsində dirijor pultu
arxasına Naxçıvan Musiqi Kollecinin müəllimi,
Əməkdar artist Elman Əliyev keçib.
Nazim Quliyevin “Nəqşicahan” baletindən
“Uvertüra” ilə başlayan gecədə Süleyman Ələsgərov,
Səid Rüstəmov, Ramiz Mirişli, Ələkbər
Tağıyev, Hacı Xanməmmədov, Həsən Rzayev, Firəngiz
Babayeva kimi görkəmli bəstəkarların əsərləri,
həmçinin xalq mahnıları səsləndirilib.
Konsert zamanı NMR-in Əməkdar mədəniyyət
işçisi, görkəmli tarzən Əkrəm Məmmədlinin
muxtariyyətin 100 illiyinə həsr etdiyi “Yurdum mənim” əsəri
ilk dəfə ifa edilib.
Respublikanın Əməkdar artistləri Vilayət
İsmayılov, Tural Nəcəfov, NMR-in Əməkdar artistləri
Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova və Aqib Seyidov
(kamança), respublika və beynəlxalq müsabiqələr
laureatları Sevinc Babayeva (qanun) və solist İlkin Abdullayev tərəfindən
təqdim olunan musiqi nömrələri alqışlarla
qarşılanıb.
Proqram Xalq artisti Gülyanaq Məmmədova və
Zülfiqar Mahmudovun ifasında “Naxçıvan şikəstəsi”
ilə sona çatıb.
Mədəniyyət.- 2024.- 16 fevral,№13.- S.3.