Brüsseldə
“Naxışların rəqsi”
“Şuşa” süni zəkasının təqdimatı
ilə Azərbaycanın rəqəmsal incəsənət sərgisi
Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi
ilə Brüsselin Kral parkında yerləşən “Cercle
Royal Gaulois” mədəniyyət sarayında 12-13 fevral tarixlərində
“Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal
incəsənət sərgisi keçirilib.
Sərgidə cari ildə Şuşa şəhərinin
“İslam dünyasının mədəniyyət paytaxtı”
elan olunması ilə əlaqədar “Şuşa” adlı
süni zəka tərəfindən Azərbaycanın mədəni
irsi əsasında yaradılmış rəqəmsal incəsənət
əsərləri, eləcə də milli motivləri əks
etdirən kəlağayılar nümayiş etdirilib.
Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi
Türkiyədə yaşayan soydaşımız Nabat
Qaraxanovanın rəhbərliyi ilə “Mezo Art” rəqəmsal
incəsənət qrupunun azərbaycanlı və türkiyəli
sənətkar və mühəndisləri tərəfindən
Azərbaycan mədəniyyətinin beşiyi olan şəhərin
qədim ənənəvi incəsənətinin innovativ
texnologiyalar vasitəsilə canlandırılması məqsədilə
yaradılıb.
Sərginin açılışında Azərbaycanın
Belçikadakı səfiri Vaqif Sadıqov
çıxış edərək “Şuşa” süni zəka
layihəsinə görə Nabat Qaraxanovaya və onun “Mezo Art”
komandasına təşəkkürünü bildirib.
Nabat Qaraxanova açılış tədbirinə
qatılan qonaqlara – diplomatik korpusun təmsilçilərinə,
Belçikanın mədəniyyət, media mənsublarına
və bu ölkədəki azərbaycanlı icmasının
nümayəndələrinə layihə barədə ətraflı
məlumat verib.
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.8.