“Heydər Əliyevin
Mərkəzi Komitə Bürosunun qərarındakı
imzası məni çox bəlalardan xilas etdi”
Müsahibimiz görkəmli tarixçi-alim,
AMEA-nın müşaviri, Bakı Dövlət Universiteti Qədim
dünya və Orta əsrlər tarixi kafedrasının
müdiri Əməkdar elm xadimi, Dövlət mükafatı
laureatı, akademik Yaqub Mahmudovdur.
– Yaqub müəllim, 85 illik yubileyinizi təbrik edirik.
Ömrünüzün neçə ilini elm və təhsilə
həsr etmisiniz?
– Təbrikinizə görə çox sağ olun. Məni
yada saldığınız üçün qəzetinizə
dərin minnətdarlığımı bildirirəm. Elm və
təhsil həyatımın mayasını təşkil edir.
Ömrümün 60 ildən çoxunu elm və təhsilə
həsr etmişəm. İndi də bu sahədə fəaliyyət
göstərirəm. 1966-cı ildə “Ağqoyunlu dövlətinin
Venesiya ilə qarşılıqlı əlaqələri”
mövzusunda namizədlik (fəlsəfə doktorluğu – red.)
dissertasiyası müdafiə etdim. Yadımdadır, müdafiə
4 saata qədər çəkdi. Mənə yekdilliklə
birbaşa tarix elmləri doktoru elmi dərəcəsinin verilməsi
barədə qərar qəbul olundu. Bununla da həyatımın
heç zaman məndən ayrılmayan ağır sınaqlar
dövrü başlandı. O zaman mənim hələ 27
yaşım tamam olmamışdı. Elmlər doktoru elmi dərəcəsi
verilən günün səhərisi sanki bütün
dünya mənə qarşı çevrildi. Hətta məni
dünən əzizləyən müəllimlərimin də əksəriyyəti
məndən üz döndərdi. Dedilər ki, get, etiraz et, sən
hələ bu ada layiq deyilsən. Məsələni rektorluq səviyyəsinə
qaldırdılar. 6 aydan sonra, nəhayət, mənə
birbaşa elmlər doktoru elmi dərəcəsi verilməsi
barədə qərarın ləğv edilməsinə nail
oldular. Əla qiymətlərlə qurtardığım
universitetdə (BDU – red.) mənə iş də vermədilər.
Çarəsiz qaldım.
– İnsanın həyatında müəyyən bir
dönüm məqamları mütləq olur. Təbii ki, Sizin
üçün də vəziyyət belə davam edə bilməzdi...
– Taleyim məni böyük şairimiz Rəsul Rza ilə
görüşdürdü. Rəsul müəllim o zaman yenicə
fəaliyyətə başlayan “Azərbaycan
Ensiklopediyası”nın (Azərbaycan Sovet Ensiklopediyası (ASE)
– red.) baş redaktoru idi. Bu gün də çox qürurluyam
ki, Rəsul Rza kimi böyük şəxsiyyətlə
görüşmək və on ilədək onunla
çiyin-çiyinə “özümüzdən olan”
dönüklərlə barışmaz ideya mübarizəsi
aparmaq mənə qismət oldu. Moskvanın və İrəvanın
göstərişi ilə özlərinə
dolanışıq quran bəzi “alimlərimizin” xidmətləri
sayəsində “yaşıl ensiklopediyamız” (ASE-nin I cildi,
1970 – red.) işıq üzü görmədi.
Ensiklopediyadan sonra Pedaqoji İnstitutda fəaliyyətə
başladım. Bütün bu müddət ərzində tələbəlik
illərində dekanım olmuş və həmişə mənə
arxa durmuş sevimli müəllimim professor Məlik Orucov dəfələrlə
mənim arxamca instituta gəldi ki, yenidən universitetə
qayıdım. Nəhayət, BDU-ya qayıtdım. 1981-ci ildən
BDU-da çalışıram və Tarix fakültəsində
14 il dekan olmuşam.
2004-cü ildən AMEA-da işə başladım.
Tarix İnstitutunda 17 il direktor vəzifəsində
çalışmışam. Son 20 ildə Prezident İlham
Əliyevin çağırışlarına cavab olaraq
ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”,
ilk “Azərbaycan tarixi atlası”, Qarabağın,
Naxçıvanın, İrəvan xanlığının,
xalqımıza qarşı soyqırımlarının,
itirilmiş torpaqlarımızın tarixinə dair onlarla tədqiqatlar,
sənədli filmlər işıq üzü gördü və
bu tədqiqatlar müxtəlif dillərə tərcümə
edilərək dünyanın aparıcı ölkələrində
yayıldı. Bu elmi problemlər ətrafında yazılan
silsilə əsərlərə görə Prezidentimizin
müvafiq sərəncamı ilə 13 nəfər
tarixçi-alim Dövlət mükafatına layiq
görüldü.
– Ulu öndər Heydər Əliyev həmişə
Sizin elmi fəaliyyətinizi yüksək qiymətləndirib.
– Ulu öndərimizi tələbəlik illərimdən
tanıyırdım. Mən I kursda oxuyanda o, Tarix fakültəsində
təhsilini başa vururdu. Onun Dövlət Təhlükəsizliyi
Komitəsində fəaliyyət göstərdiyi dövrdə
sovet rejiminə qarşı yazılı intibahnamə ilə
çıxış etmiş bir tarixçi tələbəni
çox çətin vəziyyətdə necə xilas etməsinin
canlı şahidiyəm. Bu böyük şəxsiyyət
haqqında xatirələrimi ona həsr etdiyim əsərlərimdə
vermişəm. O, həmişə dar ayaqda mənim dadıma
çatıb.
1999-cu ildə 60 yaşım tamam olurdu. Haqqımda səlahiyyətli
struktura müraciət olunmuşdu. Lakin müraciət
cavabsız qalmışdı. Doğum günümdən 3
gün sonra zəng gəldi ki, axşam saat 8-də Azərbaycan
Televiziyasının “Xəbərlər”
buraxılışına bax. Televizoru açdım,
gördüm ki, Prezident Heydər Əliyevin fərmanı
oxunur: “Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə
və respublikanın ictimai-siyasi həyatında fəal
iştirakına görə Yaqub Mikayıl oğlu Mahmudov
“Şöhrət” ordeni ilə təltif edilsin”. Bir daha əmin
oldum ki, Heydər Əliyev heç zaman Vətən, xalq
üçün çəkilən əməyi
qarşılıqsız qoymur. Təltif mərasimində
çıxış elədim. Məni sınmağa
qoymadığına, təzyiqlərə rəğmən
qoruduğuna görə təxminən 18 səhifəlik “Vətəndaş
etirafı” yazıb göndərdim.
Mən orta məktəblərin 5-ci sinif şagirdləri
üçün “Ata yurdu” adlı dərslik yazmışam. Bu
kitabın üzərində bütöv Azərbaycanın xəritəsini
vermişəm. Bununla bağlı respublikamıza etirazlar
bildirildi, notalar verildi. Amma Heydər Əliyev bütün
bunlara rəğmən məni müdafiə elədi. 2002-ci
ildə Şəkidə çıxışı zamanı məni
təqib edən çox təsirli qüvvələrə
cavab olaraq bu sözləri dedi: “Şəki böyük alimlər
də yetiribdir. Onlardan biri böyük tarixçi, professor
Yaqub Mahmudov – o, indi buradadır”. O zaman Ulu öndərin bu qiyməti
mənim üçün son dərəcə böyük əhəmiyyətə
malik idi. Çünki İran dəfələrlə nota
verirdi, Təhsil Nazirliyinə etirazlar gəlirdi, hətta
kitabı gətirib Prezidentin stolunun üstünə qoyurdular.
Heydər Əliyev isə tariximizi dərindən bildiyi
üçün bütün bunlara əhəmiyyət vermədi,
məni müdafiə elədi.
– Uzun illər – sovet dövründə tariximiz obyektiv
öyrənilməyib, daha çox
saxtalaşdırılıb. Elmi-tədqiqata
başladığınız ilk vaxtlarda bunu nə dərəcədə
hiss edirdiniz?
– Sualınıza cavab mənim həyatımla
bağlıdır. Xalq arasında “Qaçaq Qara Mikayıl”
kimi tanınan atam Mikayıl Mahmud oğlu 1918-ci ildə Şəkinin
Səbətli kəndində möhkəmlənmiş
daşnak yuvasının darmadağın olunmasında fəal
iştirak edib. 1930-cu ildə baş vermiş Göynük
üsyanının başçılarından biri olub. NKVD
(sonralar KQB adlanan qurum da o vaxt onun tərkibində idi) tərəfindən
təqib olunan atam bütün ailəmizlə birlikdə
doğma Baş Göynük kəndini tərk etdi. Qax,
Zaqatala, Balakən rayonlarının Qanıxboyu kəndlərində
təqiblərdən qorunduq. Tələbəlik illəri məni
tariximizin həqiqət dünyasına daha yaxından
qovuşdurdu. Görkəmli tarixçimiz, professor Ədhəm
Şahmalıyevin rəhbərliyi ilə Ağqoyunlu dövlətinin
tarixinə dair yazdığım dissertasiya işi və bundan
sonra davamlı olaraq qarşıma çıxarılan maneələr
tamamilə gözümü açdı. Apardığım
ilk tədqiqat işləri nəticəsində tam əmin
oldum ki, çar Rusiyasının amansız müstəmləkə
siyasəti sovet-bolşevik rejimi dövründə daha qəddarcasına
davam etdirilib. Əlifbamız dəfələrlə dəyişdirilib.
Xalqımıza qarşı soyqırımları həyata
keçirilib. Ziyalılarımız repressiya olunub və
soydaşlarımız Qərbi Azərbaycandan – öz ata-baba
yurdlarından sürgün edilib. Bundan başqa, mərkəzin
– metropoliyanın göstərişi ilə Azərbaycanın
saxtalaşdırılmış müstəmləkə tarixi
“yaradıldı” və bu tarixi Sankt-Peterburq və Moskvada yuva
salmış erməni alimləri yazdılar. Həmin dövrdə
beynəlxalq müqavilələr və xəritələr
saxtalaşdırılaraq yazılırdı ki, guya Cənubi
Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi biz
deyilik, çarizmin buraya köçürtdüyü ermənilərdir,
biz isə Altaylardan köçüb gəlmişik. Biz
ensiklopediyaçılar ötən əsrin 60–70-ci illərində
bu saxtakarlıqlara qarşı mübarizə apararaq sərhədlərimiz,
tarixi torpaqlarımız, xəritələrimizlə
bağlı məsələlər qaldırdıq. O zaman Azərbaycanın
öz xəritə fabriki yox idi. SSRİ-nin xəritə
fabriklərinin, demək olar ki, əksəriyyəti ermənilərin
inhisarında idi. Mən ASE-nin baş redaktoru Rəsul
Rzanın yaxından köməyi ilə Azərbaycanın ilk
tarix xəritələrini Kiyev Xəritə Fabrikində nəşr
etdirdim. Xəritələrin nəşrindən sonra – 1972-ci
ildə ASE tərəfindən “Azərbaycan SSR xəritələri”
atlası çap olundu. Belə bir atlasın işıq
üzü görməsi və həmin atlasa ilk dəfə Azərbaycan
tarixi xəritələrinin daxil edilməsi elmimizin çox
mühüm uğuru idi.
– Ensiklopedik nəşrlərin hazırlanması sahəsində
təcrübəniz olub. Müstəqillik dövründə də
“Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”nın
yaradılmasına rəhbərlik Sizə həvalə edildi.
– “Azərbaycan Xalq Cümhuriyyəti
ensiklopediyası”nın yaradılması təşəbbüsü
Heydər Əliyevə məxsusdur. Ulu öndər müalicə
üçün sonuncu səfərə çıxarkən
Xalq Cümhuriyyəti haqqında bircildlik ensiklopedik lüğət
hazırlamaq barədə tapşırıq vermiş və bu
işin mənə həvalə olunmasını məsləhət
görmüşdü. Tarix fakültəsinin dekanı olaraq
AMEA-nın Tarix İnstitutunun mütəxəssislərini cəlb
edib ikicildlik Cümhuriyyət ensiklopediyasını
hazırladıq. Çox şadam ki, işi başa
çatdırdıq və ensiklopediya Prezident İlham
Əliyevin göstərişi ilə çap olundu.
Ensiklopediyanın sonuncu nəşri 2014-cü ildə oldu.
İlham Əliyev onun bütün mətnləri ilə
tanış oldu və bununla Xalq Cümhuriyyətinin tarixinə
möhtəşəm abidə qoyuldu.
“Rəsul Rza XI Qırmızı Ordunun Gəncədəki
qəddarlığı haqqında mənə elə faktlar
danışmışdı ki...”
– Bəs sovet dövründə Cümhuriyyət
tarixinin öyrənilməsi ilə bağlı hansısa
addımlar atmışdınızmı?
– Dediyim kimi, 1966–1975-ci illərdə “Azərbaycan Sovet
Ensiklopediyası”nda işləmişəm. Baş redaktor Rəsul
Rza 1918-ci ilin mart soyqırımını, Xalq Cümhuriyyətinin
mütərəqqi tarixi rolunu bütün incəliklərinə
qədər bilirdi. Cümhuriyyət xadimlərinə dərin
ehtiram bəsləyirdi. XI Qırmızı Ordunun vəhşilikləri
barədə, xüsusilə 1920-ci ilin mayında Gəncə
üsyançılarına tutulan divan haqqında mənə
elə söhbətlər etmişdi ki, indi də həmin
söhbətlər yadıma düşəndə canım
gizildəyir. O zaman hətta arxivdən Stepan Şaumyanın
Androniki Bakıya çağıran teleqramını da
tapıb gətirtmişdik.
Biz o zaman özümüzdə cəsarət taparaq
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən
işğalı, Cümhuriyyət dövrünün xadimlərinə
obyektiv qiymət verilməsi, 1920-ci ilin aprel işğalı
kimi bir çox məsələləri “yaşıl
ensiklopediya”ya daxil etmişdik. Amma anti-Azərbaycan qüvvələri,
o cümlədən daşnak cəlladı Şaumyanın
oğlu – “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun
müavini Levon Şaumyan və daxilimizdən onlara donos ötürənlər
“yaşıl ensiklopediya”nın işıq üzü görməsinin
qarşısını aldılar. Həmin illərdə
anti-Azərbaycan qüvvələri ensiklopediyaçılara
“pantürkist”, “panislamist”, “millətçi”, “Sovet hakimiyyətinin
və Rusiyanın düşmənləri” damğasını
vurmağa çalışdı, lakin məqsədlərinə
çata bilmədilər. Məhz Heydər Əliyevin sayəsində
həm ensiklopediyaçılar, həm də ziyalıların
böyük bir qrupu, o cümlədən də mən, nəinki
KQB-nin təqiblərinə düçar olmadıq, hətta o
dövr üçün dəhşətli bir cəza
sayılan partiya cəzasından da yaxa qurtara bildik. Belə bir
ağır vaxtda – 1971-ci ilin martında mən
ensiklopediyanın elmi işlər üzrə baş redaktor
müavini vəzifəsinə təsdiq olundum. Bu barədə
Mərkəzi Komitə Bürosunun qərarının
altında Heydər Əliyevin imzasının olması məni
çox bəlalardan xilas etdi.
– Yaqub müəllim, tarixlə mədəniyyət hər
zaman paralel öyrənilir. Araşdırdığınız
dövrlərin mədəniyyətimizlə bağlı mənzərəsi
necə görünür?
– Hər bir millətin, hər bir dövlətin mənəvi
dəyərlərinin əsas meyarlarından biri onun mədəni
inkişaf göstəriciləridir. Azərbaycan
xalqının qədim və zəngin mədəniyyəti, o
cümlədən memarlıq, dekorativ-tətbiqi sənət,
xalçaçılıq, musiqi, miniatür incilərindən
ibarət milli incəsənət şedevrlərimiz dünya mədəniyyəti
xəzinəsində layiqli yer tutur.
Mən uzun illər ərzində mədəni irsimizi
də araşdırmışam. Qürurluyam ki, “Azərbaycan
tarixi: Erkən intibah dövrü (IX əsrin II yarısı –
XIII əsrin əvvəlləri)” əsərinin müəllifiyəm.
Rəhbərliyimlə yazılmış və həmmüəllifi
olduğum “Qarabağ: real tarix, faktlar, sənədlər”,
“Naxçıvan: tarixi və abidələri” və “İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi”
fundamental tədqiqatlarda tarixi proseslərlə yanaşı, qədim
mədəniyyətimizin işıqlandırılmasına da
lazımınca diqqət yetirilib.
– Azərbaycan tarixinə qızıl hərflərlə
yazılan Vətən müharibəsini yaşadıq.
Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa
olundu. Bir tarixçi-alim, ictimai xadim kimi bu prosesləri necə
qiymətləndirirsiniz?
– 44 günlük Vətən müharibəsindəki
böyük tarixi Qələbəmiz nəticəsində Cənubi
Qafqazın tarixi inkişafı kökündən dəyişdi.
Bütün regionun beynəlxalq münasibətlər tarixində
yeni reallıqlar yarandı. İlk növbədə,
“böyük Ermənistan” xülyası və erməni hərbi
mifi darmadağın edildi. Ən əsası isə, biz erməni
işğalçılarını torpaqlarımızdan qovub
çıxararaq ərazi bütövlüyümüzü və
suverenliyimizi tam bərpa etdik. Bunun ardınca Xankəndi şəhərində
bayrağımız ucaldıldı və dünya erməniliyinin
“Artsax” layihəsi tarixin tullantısına çevrildi.
Bütün bunlar Azərbaycanın son 200 illik tarixində ilk
dəfə reallaşdı. Bunu böyük güc mərkəzlərinə
qarşı siyasi-diplomatik mübarizədə və
döyüş cəbhəsində öz xalqına və
şanlı Ordumuza başçılıq edən Müzəffər
Ali Baş Komandan İlham Əliyev həyata keçirdi və
adını tariximizə qalib sərkərdə kimi yazdı.
“Qərbi Azərbaycan məsələsi Prezidentimizin
dünya şahmat taxtasında şah gedişidir”
– Regionda yeni reallıq yarandığını qeyd
etdiniz. Bu reallığı Qərbi Azərbaycan məsələsinə
münasibətdə necə səciyyələndirirsiniz?
– Qərbi Azərbaycan məsələsi erməni qəsbkarlarına
qarşı mübarizədə Azərbaycan Prezidentinin
dünya şahmat taxtası üzərində şah
gedişidir. Son vaxtlar Qərbi Zəngəzurdan əlavə,
Vedibasardan, Zəngibasardan, İrəvandan, Dərələyəzdən,
Göyçədən qovulmuş azərbaycanlıların
da öz doğma torpaqlarına qayıtması məsələsi
prinsipial şəkildə qaldırılır və bunun
üzərində ciddi iş gedir. Prezidentimiz Qərbi Azərbaycanda
boş qalmış, xarabazara çevrilmiş yurd yerlərimizə
qayıdışın təmin edilməsi ilə bağlı
məsələləri tarixi vəzifə kimi qarşıya
qoyub. Qərbi Azərbaycan İcması təmsilçiləri
ilə görüşdə bu məsələ tarixi-strateji vəzifə
kimi qətiləşdirildi.
Prezidentimiz konkret tarixi faktlar əsasında
bütün dünyaya bəyan edir ki, erməni vandalizmi nəticəsində
Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim
bütün tarixi, dini abidələrimiz yerlə yeksan edilib.
Soydaşlarımızın tarixi mirası sonadək məhv
edilmək üzrədir. Lakin bütün bunlar əbəsdir,
ilk mənbələr, o cümlədən arxiv sənədləri,
xəritələr düşmənin əleyhinə işləyir.
Bütün əski xəritələrdə həmin regionda
Azərbaycanın tarixi izini tamamilə aydın görmək
mümkündür. Dövlətimizin başçısı
da “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır,
bunu bir çox tarixi sənədlər təsdiqləyir,
tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”,
– deyə bildirib. Qalib Ali Baş Komandanın bu məntiqi və
qətiyyəti bizim tezliklə o torpaqlara da
qayıdacağımızı labüd edir.
– Qarşıda hansı tədqiqat planlarınız
var?
– Planlarım çoxdur. Lakin böyük tarixi şəxsiyyətlərimiz
Nadir şah Əfşar, Ağaməhəmməd şah Qacar
və Nəriman Nərimanovla bağlı indiyədək
doğru-düzgün qiymətləndirilməmiş məsələlərə
bir sıra tədqiqatlar həsr etmək niyyətindəyəm.
Doğrusu, məni ümumdünya tarixinin dahi sərkərdəsi
Nadir şah Əfşarın xalqımız
qarşısındakı böyük tarixi xidmətləri
daha çox düşündürür...
– Maraqlı müsahibəyə
görə təşəkkür edirik.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.6.