Bakıda növbəti
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
keçiriləcək
Forumun Təşkilat Komitəsinin ilk iclası olub
Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu təşkil olunacaq. Bununla bağlı Heydər
Əliyev Mərkəzində forumun Bakı şəhərində
keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat
Komitəsinin ilk iclası olub.
Mədəniyyət naziri Adil Kərimli
çıxış edərək forumun əhəmiyyəti,
ümumi məsələləri ilə bağlı məlumat
verib. Diqqətə çatdırılıb ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində
keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində
beynəlxalq və qlobal səviyyədə yeganə
platformadır. 2011-ci ildə Bakıda ilk dəfə
keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu daha sonra 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə
təşkil edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən
2024-cü il mayın 1-dən 3-dək növbəti – VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun keçirilməsi ilə bağlı
tapşırıq verilib. Bu məqsədlə Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
tərəfindən VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər
Planı təsdiq edilib. Tədbirlər Planı çərçivəsində
dövlət strukturlarının qarşısında müəyyən
öhdəliklər qoyulub.
Təşkilat Komitəsinin İşçi qrupunun rəhbəri,
mədəniyyət nazirinin müavini Fərid Cəfərov
foruma hazırlıqla bağlı geniş təqdimatla
çıxış edib. Bildirilib ki, VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu “Sülh və qlobal təhlükəsizlik naminə
dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə”
mövzusuna həsr olunub.
İclas Təşkilat Komitəsinin görəcəyi
işlərin müzakirəsi ilə davam edib.
Xatırladaq ki, 2011-ci ilin 7-9 aprel tarixlərində
Bakıda 100-dən çox dövlətin və 10-dan
artıq beynəlxalq təşkilatın nümayəndələrinin
iştirakı ilə keçirilən I Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumundan sonra Prezident İlham Əliyev, bu beynəlxalq tədbirin
İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə
də digər mədəniyyətləri təmsil edən
xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində
mühüm rolu nəzərə alınmaqla, hər iki ildən
bir keçirilməsi barədə sərəncam imzalayıb.
Dövlət başçısının 27 may 2011-ci il
tarixli sərəncamı ilə forumun təşkilində əlaqələndirici
orqan Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi (həmin vaxt Mədəniyyət və Turizm
Nazirliyi) müəyyən
edilib.
Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.3.