Mədəniyyətimizin böyük hamisi – İllərin xronikasından (100)

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.

(əvvəli ötən sayımızda)

2002-ci il 26 iyun

Prezident Heydər Əliyev Türkiyəyə işgüzar səfəri zamanı Ankaradakı Oran diplomatik şəhərciyində Azərbaycan mədəniyyət mərkəzinin açılış mərasimində iştirak edib.

Ankarada Bakı küçəsinin açılış mərasimində, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi üçün tikilmiş binanın təntənəli açılış mərasimində çıxış edib.

2002-ci il 24 iyul

Görkəmli müğənni, bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 60 illik yubileyi haqqında sərəncam imzalayıb.

2002-ci il 2 avqust

Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) “Azərbaycan kinosu günü”nə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

“...Azərbaycan kinematoqrafiyasında çalışan bütün insanları, bütün kinosevərləri ürəkdən təbrik edirəm. Özünü kino sənətinə həsr etmiş bütün insanlara yeni yaradıcılıq uğurları arzu edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan kinosu bundan sonra daha böyük inkişaf yolu ilə gedəcəkdir...”.

Mərasim zamanı Heydər Əliyevə 4-cü Avrasiya Teleforumunun mükafatı və diplomu təqdim edilib.

2002-ci il 11 avqust

Naxçıvana səfəri zamanı Uşaq və gənclər parkını seyr edib. Şahbuzda rayon sakinləri qarşısında çıxış edib. Batabat yaylağında olub.

2002-ci il 19 avqust

Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Niyazinin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

2002-ci il 6 sentyabr

Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevə “İstiqlal” ordenini təqdim edib.

“...Azərbaycan mədəniyyətinin 40 ildən artıq tarixini Müslüm Maqomayevsiz təsəvvür etmək mümkün deyildir. Doğrudur, bu tarix daha dərinlərə gedir, çünki bizim bugünkü Müslüm Maqomayevin babası görkəmli bəstəkar, musiqiçi idi və dahi Üzeyir Hacıbəyovla birlikdə onlar Azərbaycanda professional musiqi-opera sənətinin baniləri olmuşlar. Müslüm babasının işini layiqincə davam etdirir...

Müslüm, Allah sənə nadir səs bəxş etmişdir. Özü də təkcə səs yox, Allah sənə qabiliyyət, istedad bəxş etmişdir və bunlar sənə özünün bu nadir, bənzərsiz səsindən çox bacarıqla bəhrələnməyə və belə görkəmli müğənni, belə görkəmli incəsənət ustası olmağa imkan vermişdir. Mən bu gün burada sənin tərcümeyi-halını, yaxud da yaradıcılıq bioqrafiyanı danışmaq fikrində deyiləm... Ancaq mən sənin, cəmiyyətdə heç kimin tanımadığı gəncin birdən-birə öz səsinlə və öz mahnılarınla hamını heyran etdiyin o illəri xatırlayıram.

Mən səninlə bir çox illər ərzində dostluq münasibətlərində olmuş bir adamam, mən də, ailəm də. Bəlkə də mənim rəyim subyektivdir, ona görə yox ki, biz dostuq, məhz ona görə ki, açığını deyəcəyəm, mən sənin mahnılarını çox sevirəm. Mahnıları hamı ifa edir. Lakin eyni bir mahnını müxtəlif ifaçılar müxtəlif cür ifa edirlər. Müslümü bütün digər ifaçılardan fərqləndirən xüsusiyyət budur ki, o hər hansı bir mahnını ifa etməyə başladıqda ona öz aranjimanını, özünün müəyyən çalarlarını verirdi və bu mahnı elə səslənirdi ki, sanki yenicə yazılmışdır....

Görünür, tale Müslümün də, mənim də üzümə gülmüşdür ki, 1969-cu ildə mən Azərbaycanın rəhbəri seçiləndə Müslümü himayə etməyə başladım. Belə istedadlı müğənninin himayəyə bir o qədər ehtiyacı yoxdur, bununla belə, bizim yaşadığımız həmin dövrdə, həmin ab-havada bu da lazım idi. Məsələn, mən bunu məhz ona görə edirdim ki, Azərbaycanın görkəmli musiqiçisi, müğənnisi, bəstəkarı, çox mürəkkəb mahnıların ifaçısı irəli çəkilsin və bununla da o, incəsənəti daha da zənginləşdirir və bizim ölkəmizin, Azərbaycanın, xalqımızın başını ucaldırdı. O dövrdə, elə bu gün də mənim vəzifəm hər bir istedadlı adama əlimdən gələn köməyi göstərməkdən ibarət olmuşdur.

1972-ci ildə Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirirdik... Xatirimdədir, biz, bütün nümayəndə heyəti böyük bir bərə ilə Neft Daşlarına gedirdik. Mən axıra yaxın gəlib çıxdım, təbii ki, qonaqlardan kimlərin burada olduğu barədə mənə məlumat verdilər. Mənə dedilər ki, siyahı üzrə Müslüm Maqomayevdən savayı qalan hamı bərədədir. Mən hətta bərəni təxminən yarım saat saxlatdırdım. Sonra gəlib mənə dedilər ki, Heydər Əliyev, bilirsinizmi, gözləmək lazım deyil, çünki Tamara Sinyavskaya da yoxdur, nümayəndə heyətində o da vardı. Ona görə də güman ki, onlar olmayacaqlar. Düşündüm, yaxşı, qoy onlar qalsınlar. Onların dostluğu da, bax, o günlərdə başlamışdır. Şadam ki, bundan az sonra o mənə bildirdi ki, evlənmişdir. Mən onları Bakıya dəvət etdim, biz burada onların evlənməsini mənim ailəmdə və bəzi həmkarlarımın iştirakı ilə məhdud bir dairədə qeyd etdik.

Tamara Sinyavskaya görkəmli şəxsiyyətdir, rus müğənnisidir, Böyük Teatrın solistidir, onun zəngin yaradıcılığı var... Ona görə də indi biz Müslümün böyük yaradıcılıq yolundan, böyük xidmətlərindən, musiqi sahəsində görkəmli fəaliyyətindən, ifaçılıq sənətindən danışarkən mütləq Tamara haqqında da danışmalıyıq, çünki yaradıcılıqları artıq onların ailəsinin yaradıcılığıdır.

Müslümün incəsənətdə hər şeyi var... Biz Müslümün səsini bundan sonra da həmişə eşidəcəyik. Elə bir səs ki, o, heç kimdə yoxdur...”.

2002-ci il 8 sentyabr

Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitq söyləyib.

2002-ci il 11 sentyabr

Müslüm Maqomayevə və Tamara Sinyavskayaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamlar imzalayıb.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2024.- 16 fevral,¹13.- S.5.