Rəssamın rənglər
dünyası
Vüsalə Yunusovanın
yaradıcılığı haqqında
Bakı şəhərinin qədim kəndlərində
biri də Balaxanıdır. Balaxanı zəngin nefti ilə
tanınsa da, istedadlı insanlar da yetişdirib, mədəniyyətimizə,
incəsənətimizə bir çox adlar bəxş edib.
Rəssam Vüsalə Dəyanət qızı
Yunusova da 1985-ci ildə bu kənddə doğulub. Hələ
kiçik yaşlarından Tibb İşçilərinin Mədəniyyət
evində rəqs, rəssamlıq, fortepiano kurslarına gedib.
1991–1992-ci illərdə Bülbül adına Orta İxtisas
Musiqi Məktəbində,
1992–1999-cu illərdə isə Əhməd Bakıxanov
adına 6 nömrəli Uşaq musiqi məktəbində
fortepiano sinfində dərs alıb. 2008–2012-ci illərdə Azərbaycan
Texnologiya Universitetinin dizayn ixtisasından məzun olub.
2018–2020-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin qrafik dizayn
ixtisası üzrə magistr pilləsini bitirib.
Rəssam kimi əsasən üç istiqamətdə
– rəngkarlıq, qrafika və mandalalar üslubunda işləyir.
Əsərlərinin çoxu müəyyən tematika üzrə
qurulmuş abstrakt üslubundadır. Qrafik əsərlərində
daha çox qırmızı, ağ və qara rənglərdən
istifadə edir.
Vüsalə daha çox öz təfəkkürünün
nəticəsi olaraq əsərlər yaratmağı sevir.
Deyir ki, rəssam çoxşaxəli olmalıdır və hər
cür texnikada işləməyi bacarmalıdır. O,
realistlik üslubda etüdlər çəkir, qrafik dizayner
kimi plakatlar, reklam afişaları, dijital rəsmlər də
yaradır, həmçinin kitab kataloqlarının dizaynı
ilə məşğuldur. Rəssam yaradıcılıq fəaliyyətini
uğurla davam etdirərək bir çox diplom və sertifikata
layiq görülüb. Eyni zamanda Xalq rəssamı, professor
Arif Əzizə həsr olunmuş “Arif Əziz. Bəyaz...” sənədli
filminin (“Azərbaycantelefilm”, 2019) çəkilişində
iştirak edib.
Rəssamın sənət dünyasına səyahətimiz
zamanı onun xəyal dünyasının,
duyğularının, arzularının şahidi oluruq. Bu əsərlərdən
bir neçəsini diqqətə çatdırmaq istərdik.
“Xalçadan Kainata yüksələn ulduzlar” adlı əsərlə
yaxından tanış olaq. Kətan üzərində akril
boya ilə kainatı müxtəlif ölçüdə rəngli
dairələrlə təsəvvür edən rəssam Azərbaycan
Respublikasının Dövlət Bayrağı üzərindəki
səkkizguşəli ulduzun təsvirinə də tablosunda yer
verib. Əsər hazırda Rusiyada “İntersputnik” təşkilatında
qorunub saxlanılır.
Rəssamın “Balalı buta” əsərində
Qobustan qayaüstü rəsmləri ilə yanaşı, mərkəzdə
iri butanın daxilində iki balaca buta sanki bala anasına
sığınırmış kimi təsvir olunub. Əsər
öz kreativliyi ilə seçilir.
Bu mövzunun davamı olaraq “Bürclər” adlı əsərinə
diqqət etsək görərik ki, rəssam hər bir
insanın həyatında mühüm əhəmiyyətə
malik bürclər mövzusuna toxunub.
Əsərin mərkəzində şəhərin rəmzi
– “Qoşa qala qapısı” adlanan şimal darvazaları
üstündə yerləşən buynuzlu öküz
başı – bukrani təsvir edilib.
Bununla yanaşı, rəssamın bir sıra dərin
mövzulu əsərlərini qeyd edə bilərik. “Cazın
rəngləri”, “Mahatma Qandi”,
“Nar ətrafında yallı”, “Qadın incəliyi” və
s. buna bariz nümunədir. İstedadlı rəssam Vüsalə
Yunusovaya yaradıcılıq yolunda uğurlar arzu edirik.
Lamiyə Əliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.7.