“Şur”
ansamblının 70 illiyi qeyd olunub
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və
Qarabağ RMİ-nin təşkilatçılığı
ilə “Şur” ansamblının 70 illik yubileyinə həsr
olunmuş konsert proqramı keçirilib.
Fevralın 15-də gerçəkləşən tədbirdə
mədəniyyət nazirinin müavini Murad Hüseynov,
Qarabağ RMİ-nin rəisi Qalib Həsənov, Ağdam rayon
ictimaiyyətinin nümayəndələri, mədəniyyət,
incəsənət xadimləri iştirak ediblər.
Konsertdən əvvəl “Şur” ansamblının
yaranmasından, fəaliyyəti dövründə Azərbaycan
mədəniyyətinə, muğam sənətinin
inkişafına verdiyi töhfələrdən bəhs olunub.
Daha sonra ansamblın solistlərinin və xor
kollektivinin ifasında muğamlar, xalq mahnıları və təsniflərdən
ibarət konsert proqramı təqdim edilib.
Qeyd edək ki, Ağdamda yaradılan “Şur”
ansamblı vaxtilə respublikamızın müxtəlif
bölgələrində, həmçinin keçmiş
SSRİ məkanında konsert proqramları ilə
çıxış etmiş, muğam, təsnif və xalq
mahnılarımızın gözəl ifasıyla
böyük rəğbət qazanmışdı. Ansamblın
yaradıcısı tanınmış tarzən Xosrov Fərəcov
olub. Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Məmmədova,
Aygün Bayramova, Səxavət Məmmədov, Cabir Abdullayev,
Feyruz Səxavət, Sabir Abdullayev, Əbülfət Əliyev,
Qədir Rüstəmov, Şahmalı Kürdoğlu, Hafiz Sədirzadə,
Sədi Məmmədov və başqa xanəndələr
böyük səhnəyə “Şur” ansamblından gəliblər.
Ağdam şəhərinin Ermənistan silahlı
qüvvələri tərəfindən işğal edilməsindən
sonra 20 ilə yaxın müddətdə fəaliyyətsiz
qalan “Şur” ansamblı 2010-cu ildən fəaliyyətini yenidən
bərpa edib.
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.2.