Lənkəran
teatrının “Müqəssir”i Bakıda da səhnəyə
çıxdı
Bölgə teatrlarının yaradıcılıq
yeniliklərini izləmək, onların repertuarı ilə əyani
tanışlıq üçün fürsət olan “Qonaq
teatr” layihəsi davam edir.
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr
Xadimləri İttifaqının (ATXİ) layihəsi çərçivəsində
fevralın 19-da Lənkəran Dövlət Dram
Teatrının “The Müqəssir” (Əbdürrəhim bəy
Haqverdiyevin “Kimdir müqəssir?” pyesinin motivləri əsasında)
tamaşası göstərildi.
ATXİ-nin böyük səhnəsində
oynanılan tamaşanın quruluşçu rejissoru Abdulla
Elşadlı, quruluşçu rəssamı Tərlan
Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
Rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Saleh Əzimzadə, Vəfa
Hacızadə, Nizami Qurbanov, Günel Abbaszadə, Məleykə
Cəfərova, Teymur Hacızadə və Amil İbrahimli ifa
etdilər.
Tərtibat, səhnə geyimləri və musiqi həlli
baxımından diqqəti cəlb edən tamaşada rejissor
klassik mətni çağdaş ifadə dilinə çevirməklə
onun üzərində bir neçə əməliyyat
aparıb.
Nəticədə məlum mətni dekonstruksiya eləməklə
kifayətlənməyərək ona bir az da effektiv təqdimat
üsullarını qatmışdı. Tamaşada Mixail
Bulqakovun və Səbuhi İmanovun mətnlərindən də
istifadə olunub.
Bu mənada, tərtibat və musiqi həllində əsərdən,
onun ana ideyasından irəli gələn sadə hekayət alt
qatdakı kosmopolit təyinlərin sintezində ifadə dili ilə
təqdim olunur.
Tamaşanın əsas iştirakçıları
olan Kişi və Qadın gecənin birində başa
düşürlər ki, indiyədək onlar gerçək
xoşbəxtliyin nə olduğunu anlamadan, əslində,
bir-birini sevmədən yaşayıblar. Aralarında gedən
söhbətdən məlum olur ki, Kişinin sağlamlıq
problemi var və bu, onların arasındakı soyuqluğu daha
da artırır. Nəticədə Qadında
yığılıb qalan enerji onu darmadağın edir. Beləcə,
gərginlik kulminasiya nöqtəsinə çatır və
ağlasığmaz qərar belə məntiqli
görünür. Nə etməli? Bunun bir yolu var: yenidən cənnətə
qayıtmaq və Adəmlə Həvvanın cənnət
günlərində yaşadıqları vaxtda olduğu kimi
qayğısız və firavan yaşamaq.
Tanrı da onlara bir şans verib, səbirlərini
sınağa çəkir. Lakin Qadının səbirsizliyi
ucbatından bu dəfə də sınaqdan çıxa
bilmirlər. Sonda Qadınla Kişi komalarına qayıdıb
iztirablı və qayğılı həyata davam etmək məcburiyyətində
qalırlar...
Böyük maraq və alqışlarla
qarşılanan tamaşanın sonunda rejissor Abdulla
Elşadlı bölgə teatrları ilə uğurlu əməkdaşlığa
və “The Müqəssir” tamaşasının orijinal
quruluşuna görə ATXİ-nin fəxri fərmanı ilə
təltif edildi.
Həmidə
Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.2.