Unudulmaz xanəndənin
xatirə gecəsi
Muğam sənətimizin görkəmli nümayəndəsi,
Əməkdar artist Süleyman Abdullayevin xatirəsi fevralın
16-da Beynəlxalq Muğam Mərkəzində keçirilən
musiqi axşamında yad edilib.
Xanəndənin 85 illiyinə həsr edilən gecədə
onun həyat və yaradıcılığından söz
açılıb, vaxtilə repertuarında yer alan muğam və
təsniflər səsləndirilib.
Xalq artisti Sadıq Zərbəliyev, Süleyman
Abdullayev haqqında “Səsin sorağında” kitabının
müəllifi Vaqif Rüstəmov, professor Fərahim
Sadıqov xanəndənin sənət yolundan bəhs edib,
xatirələrini bölüşüblər.
Bildirilib ki, ustad sənətkar və bir elin
ağsaqqalı kimi sevilən Süleyman Abdullayev xalq
arasında “Dədə Süleyman” kimi tanınıb. Seyid
Şuşinskinin ənənələrini yaşadan xanəndə,
eyni zamanda, özünəməxsus ifaçılıq
üslubu, oxu tərzi, bir çox muğamların yadda qalan təfsiri
ilə tanınıb. Zəngin tembrli səsə malik xanəndənin
ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur”
muğam dəsgahlarının lent yazıları Azərbaycan
Televiziyasının “qızıl fond”una daxil edilib.
Gecə BMM-in solistlərinin ifasında konsert proqramı
ilə davam edib.
Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il
fevralın 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində
anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər
sorağıyla rayona gələn böyük xanəndə
Seyid Şuşinski Süleyman Abdullayevin səsini çox bəyənib
və onu peşəkar təhsil almaq üçün
Bakıya dəvət edib. Seyid Şuşinskinin sinfində
muğam dəsgahlarını öyrənən xanəndə
1964-cü ildən M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının solisti kimi fəaliyyətə
başlayıb, xalq çalğı alətləri
ansamblları ilə çalışıb. Əməkdar
artist, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Süleyman Abdullayev 23 oktyabr 2022-ci ildə vəfat edib.
L.Azəri
Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.5.