“Səhnədən səngərə” – şəhid tarzənin xatirəsi anılıb

 

Fevralın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Vətən müharibəsinin şəhid tarzəni Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş “Səhnədən səngərə” adlı xatirə gecəsi keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Toğrulun musiqi dünyasından bəhs edən “Səhnədən səngərə” adlı kitab da təqdim olunub.

“Şəhid Analarına Dəstək” İB-nin sədri, şəhid anası Ceyran Həsənova, Toğrul Hacıyevin təhsil aldığı məktəbin rəhbərliyi, Milli Konservatoriyada təhsil aldığı illərdə müəllimi olmuş Xalq artisti, tarzən Elçin Həşimov, Əməkdar artist Səbuhi Cəfərov onunla bağlı xatirələrini bölüşüblər. “Səhnədən səngərə” kitabının müəllifi Rüfət Hüseynli şəhidin həyat və döyüş yolu haqqında danışıb.

Bildirilib ki, əslən Füzuli rayonundan olan Toğrul Rüfət oğlu Hacıyev 1996-cı il fevralın 17-də Bakıda anadan olub. 2009-cu ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasında fəaliyyət göstərən “Sədəf” xalq çalğı alətləri ansamblının üzvü olub. 2014–2018-ci  illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr, 2018–2020-ci illərdə isə həmin təhsil müəssisəsində magistr pillələrində tar ixtisası üzrə təhsil alıb. Bir müddət musiqi məktəbində müəllim işləyib.

T.Hacıyev 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. Oktyabrın 8-də Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Lalə

Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.3.