Fədakar alim və pedaqoq

 

Aida Tağızadənin anadan olmasının 90 illiyinə

 

Azərbaycan musiqişünaslıq elminin inkişafında görkəmli alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadənin böyük və əvəzsiz xidmətləri var. O, elmi metodiki əsərlərin və dərsliklərin müəllifi olmaqla bərabər, həm də peşəkar musiqişünaslar nəslinin yetişməsində mühüm rol oynayıb. Alim-pedaqoq dərin araşdırmaların nəticəsində ərsəyə gələn “Azərbaycan musiqi tarixi”, “Azərbaycan musiqisi müntəxabatı” tədris kitablarının, “XX əsr Azərbaycan musiqisi” məqalələr toplusunun tərtibçisi və elmi redaktorudur.

Uzun illər boyu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA-da) çalışmış Aida xanım Azərbaycanın bir çox görkəmli bəstəkarları və ifaçıları haqqında monoqrafiyaların, broşürlərin, oçerk və məqalələrin müəllifidir. Onun kitabları öz məzmun və təhlil metoduna görə böyük əhəmiyyət kəsb edir. Alimin milli musiqişünaslığa töhfə olan əsərləri sırasında bəstəkarlar Cövdət Hacıyevin, Soltan Hacıbəyovun, Aqşin Əlizadənin yaradıcılıqlarına həsr olunmuş monoqrafiyalarını misal göstərmək olar.

Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında böyük xidmətləri olmuş Cövdət Hacıyevə həsr olunmuş monoqrafiyada onun beş simfoniyası, “Sülh uğrunda” simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano üçün “Musiqi lövhələri” yüksək professional səviyyədə təhlil olunub.

Görkəmli bəstəkar Soltan Hacıbəyovun yaradıcılığı haqqında kitab da əhəmiyyətli musiqişünaslıq düşüncələri ilə zəngindir. Qeyd edək ki, Aida Tağızadənin 1969-cu ildə müdafiə etdiyi namizədlik dissertasiyası da Soltan Hacıbəyovun əsərlərinin təhlili ilə bağlıdır. Monoqrafiyada Soltan Hacıbəyovun “Gülşən” baleti, simfonik janrda yazılan əsərləri təhlil edilib, bəstəkarın üslubu üçün səciyyəvi bir çox xüsusiyyətlər yüksək səviyyədə araşdırılıb.

Aida xanımın maraqlı tədqiqatlarından biri də müasir musiqi sənətimizin görkəmli nümayəndələrindən Aqşin Əlizadənin yaradıcılığı ilə bağlıdır. Kitabda bəstəkarın “Kənd süitası”, simfoniyaları, xor və kamera-instrumental əsərləri təhlil edilib, bəstəkarın musiqi mədəniyyətində uğurlu və yenilikçi mövqeyi şərh olunub.

Aida Tağızadənin uzun illər ərzində müxtəlif qəzet və jurnallarda 100-ə yaxın məqaləsi dərc edilib. Onlardan bir qismi respublikadan kənarda mətbu orqanlarda işıq üzü görüb. Məqalələrin əsas mövzuları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və başqa bəstəkarların yaradıcılığı, bədii üslubun xüsusiyyətləri və əsərlərinin təhlilini əhatə edir.

Alim Azərbaycan musiqi sənətinin bir sıra xarici ölkələrdə (İtaliya, Almaniya, Çexoslovakiya, Türkiyə) təbliğində böyük əmək sərf edib. O, professional ifaçılıq sənətimizə də xüsusi diqqət ayırıb, yazılarında Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Sərvər Qəniyev, Elmira Səfərova, Fəridə Quliyeva, Aida Abdullayeva kimi sənətkarların yaradıcılığına geniş yer verib.

1996–2007-ci illərdə fəaliyyətini qardaş Türkiyədə, Ankara Bilkənd Universitetində davam etdirən Aida xanım bu müddətdə Azərbaycanın musiqi həyatı ilə də daim əlaqədə olub, “XX əsr Azərbaycan musiqisi” məqalələr toplusunun II cildini hazırlayıb. Üzeyir Hacıbəylinin 110 illiyinə həsr olunmuş kitabda dahi bəstəkarın zəngin yaradıcılıq irsi geniş şəkildə işıqlandırılıb, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafının Üzeyir Hacıbəylinin ənənə və prinsiplərinə əsaslanmasından ətraflı bəhs edilib. Kitabda yeni mənbələrdən də istifadə edən müəllif bəstəkarın yaradıcılığı, şəxsiyyəti haqqında daha dolğun təsəvvür yaradıb. Türkiyədə fəaliyyət göstərməsinə baxmayaraq, A.Tağızadə Bakıda nəşr olunan kitab və qəzetlər üçün Azərbaycan musiqisi ilə bağlı bir sıra məqalələr də yazıb.

Bütün bu deyilənlər həyatının 70 ildən çox hissəsini musiqiyə sevgi ilə yaşayan və bu sahədə mühüm xidmətlər göstərən fədakar bir alimin, kamil bir müəllimin ömür kitabının maraqlı səhifələridir. Bu həm də Azərbaycan musiqi tarixinin silinməz izləridir. Belə bir gərəkli ömür yaşayan Aida Tağızadənin bu il 90 yaşı tamam olur.

Fevralın 6-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış professor Aida Tağızadənin yubileyinə həsr olunmuş elmi konfrans keçirildi.

ABİ-nin sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə giriş sözündə yubilyarın yaradıcılıq yolu haqqında söhbət açdı, Azərbaycan bəstəkarlarının yaradıcılığının tədqiq olunmasında Aida xanımın pedaqoji və elmi fəaliyyətindən bəhs etdi.

Ü.Hacıbəyli adına BMA-nın rektoru Xalq artisti Fərhad Bədəlbəyli çıxışında Aida Tağızadənin pedaqoji fəaliyyətini xüsusi vurğulayaraq onun musiqişünaslıq elminə töhfələrindən danışdı.

Konfransda ABİ-nin katibi professor Zemfira Qafarova “Aida Tağızadənin Azərbaycan musiqi elminə verdiyi töhfələr”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə “Aida Tağızadənin elmi fəaliyyəti” mövzulu məruzələrlə çıxış etdilər Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı da Aida xanımın elmi-pedaqoji fəaliyyəti haqqında danışdılar.

Konfransın musiqi hissəsində Aida Tağızadənin yaradıcılığını araşdırdığı bəstəkarlardan Cövdət Hacıyevin “Ballada” və Soltan Hacıbəyovun “Adajio” əsərləri səsləndi. İfaçılar Xalq artisti Ülviyyə Hacıbəyova və Sumqayıt Musiqi Kollecinin direktoru, beynəlxalq müsabiqə laureatı Səbinə Mehdiyeva idi.

Tədbirin sonunda Aida xanım Azərbaycan musiqi mədəniyyətinin, musiqişünaslığın inkişafı haqqında fikirlərini söyləyərək, ABİ-nin sədri Firəngiz Əlizadəyə və iştirakçılara  təşəkkürünü bildirdi.

Uzun illər boyu məhsuldar elmi axtarışları ilə musiqişünaslıq elminə töhfələr verən gözəl insan və görkəmli musiqişünas Aida xanım Tağızadənin zəngin yaradıcılıq irsi bədii-estetik, tarixi-mədəni kontekstdə Azərbaycan musiqi mədəniyyətinin əhəmiyyətli bir sahəsidir.

Biz də bu fədakar xidmətlərinə görə görkəmli alim və əziz müəllimimiz Aida xanım Tağızadəyə musiqi ictimaiyyəti adından təşəkkürümüzü bildirir və ona cansağlığı arzulayırıq.

 

Aytən Babayeva

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.6.