Məhəmməd Füzuli
obrazı Azərbaycan təsviri sənətində
Azərbaycanın mütəfəkkir şairi Məhəmməd
Füzulinin söz dünyası sahilsiz bir ümmandır.
Türk, ərəb və fars dillərində bənzərsiz
bədii-fəlsəfi əsərlər yaradaraq hələ
sağlığında Şərq ölkələrində
böyük şöhrət qazanan dahi şəxsiyyətin bədii
obrazı ilk dəfə olaraq elə şairin özü tərəfindən
yaradılmışdır desək, yanılmarıq. Bir
çox füzulişünasların fikirlərinə əsaslanaraq
əminliklə deyə bilərik ki, şairin ədəbi-fəlsəfi
irsində müəllif obrazı yaradıcılıq
nümunələrinə səpələnmişdir.
Obrazın bədii səciyyəsindəki avtobioqrafik cizgilər
daha çox Füzulinin qəsidələrində, psixoloji məqamlar
isə qəzəllərində özünü göstərir.
Dərin məna tutumu, bəşəri və humanist
ideyalara, bütövlükdə işıqlı fikirlərinə
görə əbədiyaşar söz sənətkarlarından
biri olan Məhəmməd Füzuli obrazına Azərbaycanın
bir çox görkəmli sənət nümayəndələri
müraciət etmişlər. Onlardan bir neçəsinin əsərlərinə
nəzər salaq.
Azərbaycanın təsviri sənətində mənzərə
janrına yeni nəfəs gətirən ustad sənətkar Səttar
Bəhlulzadə özünəxas üslubu, nəfis rəng
seçimi və poetik yanaşma tərzi ilə tanınan
milli rəssamlıq tariximizin ən dəyərli nümayəndələrindən
biridir. Onun yaradıcılığında Füzuli
poeziyasının xüsusi yeri var. Bu portretdə rəngkar
“Eşq və iztirab şairi” Füzulini sadə və ən
önəmlisi, duyğu dolu təsvir edib. Əsərdə
şairin daxili zənginliyi, mənəvi sərvəti ilə
xarici görkəmi, kompozisiya düzümü təzadlı
bir şəkildə əks olunub. Ruhu ilahi eşqə ac olan
Füzulinin baxışları izləyicilərə
tuşlanmayıb. Mahir fırça ustası Səttar Bəhlulzadə
şair ilə aramıza xəyali bir rübənd tutur.
Eşqə könüllü əsir olan Füzuli ruhunun qəm
dağını ifadəli bir şəkildə təsvir edən
rəssamın məhdud rəng seçimindən istifadə
etməsi əsərin bədii gücünü
artırır.
Azərbaycan rəssamlıq sənətinin
inkişafında xüsusi xidmətləri olan Tofiq
Ağababayevin “Məhəmməd Füzuli” tablosu da diqqətəlayiqdir.
Sənətkarın Füzuli obrazına yanaşması olduqca
emosionaldır. Rəbbinə dərin məhəbbətini hər
məqamda ifadə edən Məhəmməd Füzulini
dünyəvilikdən uzaq icra edən rəssam şairi ədəbi
fəaliyyətinin rəngarəngliyi ilə
tamaşaçıya göstərir. Kompozisiyada mütəfəkkir
şair Allahın hüzurunda, fani dünyanın sahibsiz dərdinə
həmdərd olmağa istəkli bir şəkildə əks
olunub.
Xalçaçı rəssam Eldar Mikayılzadənin
yaradıcılığı xüsusilə əlvanlıq və
zəngin kompozisiyalarla seçilir. Onun Füzuliyə həsr
etdiyi sənət əsəri də zəngin və dolğun
bədii ifadə tərzi ilə icra edilib, xəyal və yuxu
aləmini xatırladan maraqlı nümunələrdən
biridir. Yaradıcılığı orijinal dəst-xətt ilə
seçilən sənətkarın həll etdiyi kompozisiyada mərkəzi
fiqur Məhəmməd Füzuli olsa da, onu tamamlayan daha
kiçikölçülü fiqurlar və təsvir predmetləri
müəllifin izləyicilərə çatdırmaq istədiyi
düşüncələrin təcəssümüdür.
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının önündə qranit postament üzərində
ucaldılan Məhəmməd Füzuli abidəsinin
açılışı 1963-cü ildə olub. Bu yerdə
onu da qeyd edək ki, Azərbaycanda Füzulinin bədii
obrazı ilk dəfə görkəmli heykəltaraş Fuad
Əbdürrəhmanov tərəfindən yaradılıb.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı
Muzeyinin binasının fasadı işlənərkən burada
digər klassik ədiblərimizlə yanaşı,
Füzulinin heykəlinin də qoyulması nəzərdə
tutulur və elan edilmiş müsabiqədə Fuad
Əbdürrəhmanovun layihəsi qalib gəlir. Sənətkarın
1939-cu ildə muzey binası üçün
yaratdığı Füzuli obrazı sonradan şairin xalq tərəfindən,
daha sonra isə rəsmən qəbul edilmiş portreti kimi
tanınır.
1958-ci ildə Məhəmməd
Füzulinin 400 illiyi münasibətilə
şairin abidəsinin yaradılması üçün elan
edilən müsabiqədə isə heykəltaraşlar Tokay Məmmədov
və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə
hazırladıqları layihə qalib olur. Füzulinin heykəli
hazırlanarkən müəlliflər Fuad Əbdürrəhmanov
tərəfindən yaradılmış obrazın ümumi
cizgilərinə sadiq qalmışdırlar. Hər iki sənətkar
əsərlərində qəhrəmanın psixoloji aləminə,
ruh dünyasına nüfuz edərək daxili vəziyyətini
əks etdirdiyindən Füzuli heykəli çox uğurlu
alınıb.
Heykələ diqqət etsək sanki öz daxili
dünyasında səyahət edən bir müdrik səyyahı
görərik. Bir əlində yazdığı kitab, digər
əlini isə çənəsinə dayamış şəkildə
təsvir olunan şair sanki keçmişdən bu günə,
bu gündən gələcəyə və əbədiyyətə
uzun bir yolçuluqdadır. Bu, fikir yolçuluğudur ki, əbədiyyətə
qədər davam etməkdədir. Müəlliflər bu abidədə
fəlsəfə ilə şeiriyyəti, müdrikliklə
hüznü sintez etməyə ustalıqla nail olublar. Hansı
səmtdən baxılırsa baxılsın, öz
görüm nöqtəsini itirməyən heykəl uzaqdan
başqa, yaxından isə tamam başqa təəssürat
yaratmaqdadır. Rakurs fərqinə baxmayaraq, heykəl vahid
kompozisiyaya tabedir. Burada hər kiçik detal belə heykəldəki
Füzuli ruhu ilə ahəngdədir. Bu ahəngin kökündə
isə Şərq mənəviyyatı dayanır. Heykəlin
postamentində isə Leyli və Məcnun obrazlarının təsvirini
görürük. Postamentin, mahiyyət etibarilə abidənin
ayrıca memarlıq hissəsi olmaqla yanaşı, ümumi
obraz həllinin mühüm məna yükü daşıyan
element olduğunu xüsusi vurğulamalıyıq. Eyni zamanda o, konkret olaraq həm də
təsviridir və bu təsvirdə olduqca zərif, lirik olan
Füzulinin poetik personajlarını görürük. Onu da
qeyd etməliyik ki, Füzulinin heykəli 1963-cü ildə
SSRİ Rəssamlıq Akademiyasının gümüş
medalına layiq görülmüşdü.
Bölgələrimizdə də dahi şairin heykəllərinə
rast gəlmək mümkündür. Belə sənət
nümunələrindən biri 1970-ci ildə Füzuli şəhərinin
mərkəzindəki parkda ucaldılmış heykəl idi.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən
şəhər işğal ediləndən sonra heykəl
vandalizmə məruz qalaraq dağıdılmışdı.
Güman edirik ki, işğaldan azad edildikdən sonra yenidən
qurulan şəhərdə dahi şairin adına layiq abidəsi
də qoyulacaq.
Göründüyü kimi, böyük Füzuli irsi
təsviri sənətimizə geniş şəkildə
nüfuz edərək xalqın da qəlbində özünə
əbədi məskən salıb. “İlahi feyzindən yaranan
söz” elə bir tükənməz xəzinədir ki, onu nə
qədər sərf etsən də, tükənməz, bitməz.
Sözü yaradanlar özləri dünyadan köçsələr
də, söz həmişə yaşayır. Daim ürəkləri
riqqətə gətirən, insanları
düşündürən, onların yaxın dostuna, məsləhətçisinə
çevrilən Füzuli sözü də həmişə
yaradıcı insanların diqqət mərkəzində
olmaqla yüksək bədii sənətkarlıq nümunələrinin
yaranmasına vəsilə və təsviri sənətimizdə
bundan sonra da müraciət edilən mövzulardan biri olacaq.
Könül Vəliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.7.