Səttar Bəhlulzadənin
Ev-Muzeyinə yeni eksponatlar təqdim olunub
Bu il Azərbaycan təsviri sənətinin görkəmli
nümayəndəsi, Xalq rəssamı, Dövlət
mükafatı laureatı Səttar Bəhlulzadənin (1909–1974
anadan olmasının 115, vəfatının 50-ci
ildönümüdür. Yubiley münasibətilə müxtəlif
tədbirlər təşkil olunur.
Fevralın 16-da Səttar Bəhlulzadənin Əmircan
qəsəbəsindəki ev-muzeyinə hədiyyə olunan
yeni eksponatların təqdimatı keçirilib.
Tədbirdə tanınmış mədəniyyət
və incəsənət xadimləri, Mədəniyyət
Nazirliyinin əməkdaşları və ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Ev-muzeyin direktoru Pərzad Abdinova
çıxışında bildirib ki, hədiyyə olunan
eksponatlar muzeyin fondunu zənginləşdirəcək. O, təqdim
olunan eksponatlara görə təşəkkür edib.
Mədəniyyət Nazirliyi İncəsənət və
qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova
böyük rəssamın yubileyi ilində keçirilən təqdimatın
əhəmiyyətini qeyd edib. Xalqımızın tarixi və
mədəni irsinin qorunmasında muzeylərin rolundan
danışan şöbə müdiri Səttar Bəhlulzadənin
təsviri sənət salnaməmizin zənginləşdirilməsində
müstəsna rolu olduğunu deyib.
Bildirilib ki, dövlət tərəfindən mədəni
mirasımızın qorunması və təbliği diqqətdə
saxlanılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
rəhbəri Mehriban xanım Əliyevanın sənətə
həssas yanaşması sayəsində mədəniyyətimizin
şöhrəti dünyanı dolaşır.
Sevil Kərimova diqqətə çatdırıb ki, təqdim
olunan eksponatların bir hissəsi Səttar Bəhlulzadənin
Ev-Muzeyi üçün Mədəniyyət Nazirliyi tərəfindən
alınıb.
Xalq rəssamı Hüseyn Haqverdiyev muzeyə təqdim
etdiyi əsəri – Səttar Bəhlulzadənin gipsdən
düzəltdiyi heykəlinin yaranma ideyası haqqında məlumat
verib, fırça ustasının atası Həsən
Haqverdiyevlə dostluğundan danışıb, xatirələrini
bölüşüb. O, heykəli 40 il əvvəl ərsəyə
gətirdiyini deyib.
Daha sonra Hüseyn Haqverdiyevin ev-muzeyə
bağışladığı, S.Bəhlulzadənin rəsmlərinin
təsvir olunduğu slayd izlənilib.
Xətai Sənət Mərkəzinin direktoru Zahid
Əvəzov Beynəlxalq Suluboya Cəmiyyətinin (IWS Globe) sədri
Atanur Doğanın “Səttar Bəhlulzadənin portreti”ni muzeyə
təqdim edib, rəsm barədə məlumat verib.
Əməkdar incəsənət xadimi, sənətşünas
Ziyadxan Əliyev S.Bəhlulzadənin onun həyatında mühüm rol
oynadığını, dünyaya sənət gözü ilə
baxmağı böyük sənətkardan öyrəndiyini
deyib. O daha sonra öz arxivindən rəssama məxsus, partiya məktəbində
oxuduğu zaman ona verilən qiymət kitabçasını
muzeyə hədiyyə edib.
Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib
Həsənoğlu rəssamın arxivinin yer aldığı
CD-ni və birliyin fondunda qorunan nadir foto nümunəsini muzeyə
bağışlayıb. Fotoda görkəmli fırça
ustaları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov,
Tahir Salahov və başqaları yer alıb. Bildirilib ki, təqdim
olunan nümunələr tanınmış mərhum fotoqraf
Kamran Babayevin arxivinə məxsusdur.
Tədbir iştirakçıları S.Bəhlulzadənin
Tretyakov Qalereyası və Şərq Muzeyində (Rusiya)
qorunan əsərlərindən ibarət videoçarxı izləyiblər.
Sonda ev-muzeyin kolleksiyasından rəssamın qrafik əsərləri
və şəxsi kolleksiyalarda qorunan Qarabağ mövzusuna aid
əl işlərinin yer aldığı sərgiyə
baxış olub. Sərgidə “Şuşa şəhəri.
Murovdağ”, “Cıdır düzü”, “Şuşa.
Turşsu”, “Xankəndi” və digər etüdlər yer
alıb.
Lalə
Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.5.