Milli və bəşəri sənət şöhrətlisi

 

Qarabağ nisgili ilə dünyadan köçsə də, indi ruhu şaddır...

Süleyman Ələsgərov-100

 

Musiqi mədəniyyətimizin inkişafında mühüm xidmətləri olan sənətkarlardan biri də görkəmli bəstəkar, pedaqoq, dirijor, Xalq artisti, professor Süleyman Ələsgərovdur. Mədəniyyət xəzinəmizə rəngarəng sənət əsərləri bəxş edən bəstəkarın bu il anadan olmasının 100 illik yubileyidir.

Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. Şəhərin zəngin musiqi mühiti onda sənətə dərin maraq oyadır. 1935-ci ildə Şuşada Musiqi məktəbinin tar sinfinə qəbul olunur. Eyni zamanda Pedaqoji Texnikumda təhsil alır. O, musiqi ifaçılığına mükəmməl yiyələnmək məqsədilə texnikumda təşkil olunan bədii özfəaliyyət kollektivinə də yazılır. Texnikumun son kursunda oxuyarkən musiqi məktəbində müəllim kimi fəaliyyətə başlayır, musiqi nəzəriyyəsi və tar fənnindən dərs deyir.

Musiqiyə olan hədsiz marağı onu Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) gətirib çıxarır. Məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alır. İkinci Dünya müharibəsi illərində Vətən oğullarının şücaətini tərənnüm edir. Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr etdiyi simfonik poema, “Məhəbbət gülü” musiqili komediyasını, simli kvartet, skripka, violonçel və fortepiano üçün “Trio”, “Xatirə” və s. əsərlərini bəstələyir. Bundan əlavə, simfonik orkestr üçün “Bayram uvertürası”nı, violonçel, fortepiano və simfonik orkestr üçün ikili “Konsert”ini, nəhayət, diplom işi olan “Vətən” simfoniyasını ərsəyə gətirir. Hər üç əsər elə yazıldığı dövrdə musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

Xalq yaradıcılığına dərin maraq göstərən, ondan yetərincə bəhrələnən bəstəkarın özünəməxsus üslubu, fərdi yaradıcılıq prinsipi və xüsusiyyətləri olub. Bu o zaman  Üzeyir Hacıbəylinin də diqqətini çəkib. Buna görə də gənc Süleyman 1943-cü ildə dahi bəstəkarın zəmanəti ilə Bəstəkarlar İttifaqına üzv qəbul olunub.

Geniş yaradıcılıq imkanlarına malik olan Süleyman Ələsgərov “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı, bir çox simfoniya və kantata, tar ilə xalq çalğı alətləri orkestri üçün konsert, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” romansları və iki yüzdən artıq mahnısı ilə zəngin bir miras qoyub.

Bəstəkarın yaradıcılığı ilə yaxından tanış olarkən hiss edirsən ki, o, ölkədə ədəbi-mədəni prosesləri diqqətlə izləyib. Elə buna görə də fəal aparıcı mövqe nümayiş etdirib. Müşahidə etdiyi ayrı-ayrı mədəniyyət  hadisələri onun yaradıcı təxəyyülünü rövnəqləndirib.

Araşdırmalardan məlum olur ki, S.Ələsgərovun geniş dinləyici arasında tanınması 1940-cı illərin əvvəllərinə təsadüf edib. 1944-cü ildə Tbilisidə Zaqafqaziya respublikalarının ongünlüyü keçirilir. Ongünlüyə digər bəstəkarlarımızla yanaşı, o da qatılır. Səsləndirilən əsərlər sırasında onun “Gözlə məni” mahnısı da olur. Mahnı dinləyicilər tərəfindən maraqla qarşılanır və müəllifə şöhrət gətirir. Bəstəkar xatirələr kitabında bu barədə yazır: “İlk mahnımı II Cahan müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış “Gözlə məni” mahnısıdır. Xoşbəxtəm ki, bu ilk mahnımı Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdur”.

Bəstəkarın yaradıcılıq fəaliyyətinin müəyyən bir dövrü də Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indiki Akademik Musiqili Teatr) ilə bağlı olub. O, bu sənət məbədində orijinal əsərlər qələmə alıb. Bəstəkarın musiqili komediya janrında yazdığı ilk əsər “Məhəbbət gülü”dür. Müəllif məşhur “Ulduz” musiqili komediyasını isə Sabit Rəhmanın librettosu əsasında 1948-ci ildə yazıb. S.Ələsgərov “Milyonçunun dilənçi oğlu” operettasına görə 1967-ci ildə respublikanın Ü.Hacıbəyli adına Dövlət mükafatına layiq görülüb.

Ömrünü həm də pedaqoji fəaliyyətə həsr edən bəstəkar 1957-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri, sonra isə Şuşa filialının direktoru, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, daha sonra isə Bakı Musiqi Akademiyasında Xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində işləyib. Neçə-neçə gənc musiqiçinin sənət yoluna işıq salan sənətkar həmin dövrlərdə tələbələrin tədris repertuarında olan boşluğu aradan qaldırmaq üçün xalq çalğı alətləri orkestri üçün “Aşıqvarı”, “Tarantella”, balaban və orkestr üçün “Xəyala dalarkən” adlı pyeslərini yazıb.

Bəstəkar həmçinin müxtəlif vaxtlarda Azərbaycan Televiziyasında Xalq çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru və Mədəniyyət Nazirliyində İncəsənət idarəsinin rəisi olub.

Görkəmli musiqi xadiminin səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. 1960-cı ildə “Əməkdar incəsənət xadimi”, 1974-cü ildə isə “Xalq artisti” fəxri adlarına və 1999-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.

Ömrünün müdrik çağlarında Qarabağın işğalından sarsılan sənətkar “Yürüş mahnısı”, “Gənclik marşı”, “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan?”, “Biz qələbə çalmalıyıq!”, “Bura vətəndir” mahnıları, “Əsgər marşı”, “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar yazıb.

Şuşanın muğam-sənət mühitindən işıq alan, rəngarəng yaradıcılığı ilə musiqi mədəniyyətimizdə silinməz iz qoyan Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə vəfat edib. Şuşa, Qarabağ nisgili ilə dünyadan köçən sənətkarın ruhu şaddır. Çünki artıq Vətənimizin bu guşələri 30 illik işğaldan azad olunub, görkəmli bəstəkarın əsərləri doğma Şuşada səslənir...

 

Savalan Fərəcov

Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.6.