Xalq
çalğı alətlərinin hazırlanması ilə
bağlı vahid prinsip olmalıdır
Texniki komitə milli alətlərin bədii-texniki
imkanlarının artırılmasına zəmin yaradacaq
Mədəniyyət Nazirliyinin təklifi əsasında
Azərbaycan xalq çalğı alətlərinin
standartlarının hazırlanması üzrə Texniki komitə
yaradılıb.
Fevralın 19-da Milli Kitabxanada Texniki komitənin ilk
iclası keçirildi. İclasda Mədəniyyət Nazirliyi,
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan
Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin əməkdaşları
və Texniki komitənin üzvləri iştirak edirdilər.
Mədəniyyət nazirinin
müşaviri Cahangir Səlimxanov
çıxışında bildirdi ki, xalq çalğı
alətlərinə dair standartların hazırlanmasında
intellektual və təcrübi yanaşmalar tətbiq edilməlidir.
Bu standartlar milli musiqi alətlərinin həm qorunub
saxlanılmasına, həm də təkmilləşdirilməsinə
öz töhfəsini verəcək.
Mədəniyyət Nazirliyi İncəsənət və
qeyri-maddi mədəni irs şöbəsinin sektor müdiri
Sara Teymurova qeyd etdi ki, Azərbaycan xalq çalğı alətləri
xalqımızın musiqi tarixi, ifaçılıq sənəti,
eləcə də musiqi təfəkkürü və bədii-estetik
zövqü ilə sıx bağlı olan mədəni sərvətdir.
Bu alətlərin hazırlanması prosesi əsrlərdən
bəri müəyyən prinsip əsasında, yəni sənətkarlar
tərəfindən nəsildən-nəslə
ötürülərək yaradılıb. Bu gün xalq
çalğı alətlərinin hazırlanmasında
ümumi yanaşma yoxdur. Bu o deməkdir ki, hər bir usta fərqli
ölçü və texnologiyalarla çalışır. Nəticədə
musiqi alətlərinin bədii və texniki imkanlarında fərqlilik
və mənfi halların yaranması müşahidə olunur.
Xalq çalğı alətləri üzrə
standartların yaradılması alətlərdə
ölçülərin düzgün verilməsinə,
kök sistemi, akustik xüsusiyyətlərin, ümumilikdə
isə bədii və texniki imkanların
artırılmasına zəmin yaradacaq. Eyni zamanda sahə
üzrə mütəxəssislərin yetişdirilməsi və
müvafiq peşəkar ixtisasların yaradılması prosesinə
də müsbət təsirini göstərəcək.
Daha sonra xalq çalğı alətlərinin
standartlarının hazırlanması üzrə Texniki komitənin
əsasnaməsi təqdim olundu. Əsasnaməyə uyğun
olaraq, komitədə Mədəniyyət Nazirliyi, Milli Məclisin
Mədəniyyət komitəsi, AMEA, Milli Konservatoriya, Bakı
Musiqi Akademiyası və digər qurumların təmsilçiləri
yer alır.
İclasda Milli Məclisin Mədəniyyət komitəsinin
eksperti Əkbər Qoşalı, Bakı Musiqi
Akademiyasının professoru Arif Əsədullayev, Azərbaycan
Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə,
konservatoriyada “Milli musiqi alətlərinin təkmilləşdirilməsi”
laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov,
Əməkdar artistlər – kamança ifaçısı
Mirnazim Əsədullayev, qanun ifaçısı Təranə
Əliyeva və başqaları çıxış edərək
Texniki komitənin yaradılmasının əhəmiyyətini
yüksək qiymətləndirdilər, təkliflərini səsləndirdilər.
Standartların hazırlanması istiqamətində
görüləcək işlər, bununla bağlı iş
planının tərtib olunması barədə müzakirələr
aparıldı.
L.Azəri
Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.1;3.