Milli teatrların əməkdaşlığı
Sankt-Peterburqun “Aleksandrinski Teatr Məktəbi”nin təhsil
layihəsi Bakıda
Bir müddət öncə (2021-ci il) Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi, YARAT Müasir
İncəsənət Məkanı və Rusiya Teatr Sənəti
İnstitutunun (keçmiş QİTİS) birgə layihəsi
olan “Gənc teatr prodüserləri üçün
laboratoriya”sı həyata keçirilmişdi. Ölkəmizdə
teatr menecmentinin və prodüserlik strukturunun inkişafı,
teatr idarəetməsi sahəsində gənc nəslin bilik və
bacarıqlarının artırılması layihənin əsas
məqsədini təşkil edirdi.
Teatr sahəsində prodüserlik bu gün aktual məsələlərdən
biridir. Postsovet məkanı ölkələrdə teatrda
inkişaf və yenilikləri həyata keçirmək, o
cümlədən prodüserlik
sahəsində proqrama yiyələnmək bu sahənin
inkişafı üçün ən vacib məqam
sayılır.
Məsələyə növbəti əhatəli
yanaşma bu dəfə də Akademik Milli Dram Teatrının
təşəbbüsü ilə reallaşır. Rusiyadan gələn
teatr sənəti üzrə tanınmış pedaqoqlar və
aktyorlar 19-21 fevral tarixlərində Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında ustad dərsləri keçirlər.
Ustad dərsləri Azərbaycan Mədəniyyət
Nazirliyi, Rusiya Milli Dram Teatrı – Aleksandrinski Teatrı
(Sankt-Peterburq), Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrı və Azərbaycan Teatr Xadimləri
İttifaqının (ATXİ) təşkilatçılığı
ilə “Aleksandrinski Teatr Məktəbi” təhsil layihəsi
çərçivəsində həyata keçirilir.
***
Ustad dərslərindən öncə, fevralın 18-də
isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və
Aleksandrinski Teatrı arasında əməkdaşlıq
memorandumu imzalandı.
Sənədə Milli Dram Teatrının direktoru səlahiyyətlərini
icra edən Əməkdar mədəniyyət işçisi
İlham Əsgərov və Aleksandrinski Teatrının
direktoru Sergey Yemelyanov imza atdılar.
Tədbirdə memorandumun Azərbaycan və Rusiya
arasında mədəni əlaqələrin inkişafı
üçün əhəmiyyəti qeyd olundu. Bildirildi ki,
memoranduma qarşılıqlı qastrol səfərlərinin,
ustad dərslərinin, birgə dəyirmi masaların,
konfransların və s. təşkili daxildir.
İlham Əsgərov: “Əminəm ki,
Aleksandrinski Teatrı və
Akademik Milli Dram Teatrı arasında əsası qoyulan bu əməkdaşlıq
teatr sənətinin inkişafına böyük töhfə
verəcək. Bu il ərzində bizim teatr yeni bir tamaşa ilə
Aleksandrinski Teatrının səhnəsində
çıxış edəcək. Aleksandrinski
Teatrının kollektivi də Bakıya səfər edəcək,
Milli Dram Teatrının səhnəsində
çıxış edəcək”.
Sergey Yemelyanov da qarşılıqlı əməkdaşlıq
üçün yeni mərhələni sevindirici addım kimi
dəyərləndirdi: “Qısa müddətdə biz belə
bir irəliləyiş əldə etdik. Məncə, bunun ən
önəmli tərəfi “Aleksandrinski Teatr Məktəbi”nin
açılmasıdır. Beləcə, əsasən yeni nəsildən
olan teatr təmsilçiləri bizim teatr məktəbi
haqqında müəyyən bilgilər qazanıb, onu öz
işlərində tətbiq edəcəklər. Sözsüz
ki, bu bizi çox qürurlandırır
Eyni zamanda yeni, daha sistemli və çoxşaxəli əlaqələrimizin
əsası qoyulur. Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının kollektivi 2024-cü ilin sentyabrında
Sankt-Peterburqda keçiriləcək 15-ci Aleksandrinski Beynəlxalq
Teatr Festivalında iştirak edəcək. Biz də məmnuniyyətlə
sizin səhnədə çıxış edəcəyik.
Repertuarımızdakı klassik əsərlərdən birini
– sizlərə də yaxşı tanış olan Nikolay
Qoqolun “Evlənmə” tamaşasını Bakıya gətirəcəyik.
Ümumilikdə sizin qarşınızda iki tamaşa ilə
çıxış etməyi düşünürük ki,
növbəti səhnə işini birgə məsləhətləşib
qərar verəcəyik”.
Tədbirdə ATXİ sədrinin vəzifəsini icra
edən Xalq artisti Hacı İsmayılov da
çıxış etdi, qurumun tarixindən, fəaliyyətindən
danışdı.
Hacı İsmayılov Sergey Yemelyanova ATXİ-nin təsis
etdiyi “Sənətkar” medalını təqdim etdi.
Mərasimdə daha sonra çıxış edən
Mədəniyyət Nazirliyinin İncəsənət,
qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun
müdiri Böyükxanım Talıbova, Milli Dram
Teatrının baş rejissoru Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə, Xalq artistləri Nurəddin
Mehdixanlı və Firəngiz Mütəllimova imzalanan sənədin
qarşılıqlı əlaqələr üçün əlamətdar
olduğunu dedilər.
***
Ardınca teatrın foyesində “Rus səhnəsinin
seçilmiş obrazları” adlı sərgi
açıldı. Sankt-Peterburq Dövlət Teatr və Musiqi
Sənəti Muzeyi və Aleksandrinski Teatrının xüsusi
layihəsi olan sərgi maraqla qarşılandı.
Rusiyanın ən qədim sənət ocaqlarından
sayılan Aleksandrinski Teatrının XIX-XX əsrləri əhatə
edən tamaşaları üçün çəkilmiş
pərdə (kulis-paduqa) və dekorasiya eskizlərinin rəqəmsal
surətləri göz oxşayırdı.
Sərginin açılışında
çıxış edən Azərbaycan mədəniyyət
nazirinin müşaviri Oleq Səfərəliyev,
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov imzalanan sənəd,
bunun tərkib hissəsi kimi qarşılıqlı səfərlərin
təşkili, teatr, sənət sahəsində mübadilənin
əhəmiyyətinə diqqət çəkdilər.
***
Fevralın 19-da isə Akademik Milli Dram Teatrında
“Aleksandrinski Teatr Məktəbi” layihəsinin təntənəli
açılışı oldu.
Layihə RF Mədəniyyət Nazirliyi və MDB
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun dəstəyi və Aleksandrinski Teatrının direktoru
Sergey Yemelyanovun rəhbərliyi ilə icra olunur.
Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin
əsasları” və “Müasir kontekstdə fəaliyyət”
proqramları üzrə əyani üçgünlük
intensiv proqramdan ibarətdir.
“Müasir milli teatrda idarəetmənin əsasları”
proqramı menecment məsələlərini, “Müasir
kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini
əhatə edir. Hər iki istiqamət üzrə ustad dərsləri
Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Teatr Sənəti
İnstitutunun müəllimləri, həmçinin
Aleksandrinski Teatrının mütəxəssisləri tərəfindən
aparılır.
“Müasir milli teatrda idarəetmənin əsasları”
proqramı üzrə 35 dinləyici, “Müasir kontekstdə fəaliyyət”
proqramı isə 25 dinləyici üçün nəzərdə
tutulub. Yekunda onlara proqramın mənimsənilməsinə
dair dövlət nümunəli şəhadətnamələr
təqdim olunacaq.
Həmidə
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.1;5.