UNESCO-nun Mədəniyyət və İncəsənət Təhsili üzrə Dünya Konfransı

 

Əbu-Dabidə keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib

 

Xəbər verildiyi kimi, 13-15 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində UNESCO-nun Mədəniyyət və İncəsənət Təhsili üzrə Dünya Konfransı keçirilib.

Konfransa müxtəlif ölkələrdən müvafiq sahələr üzrə 90 nazir, UNESCO-ya üzv dövlətlərin 100-dən çox nümayəndəsi, ümumilikdə 1000-ə yaxın mədəniyyət və təhsil tərəfdaşları, ekspertlər, BMT-nin agentlikləri, akademik dairələr və özəl sektor təmsilçiləri qatılıb.

Konfransda Azərbaycan nümayəndə heyəti (Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təmsilçiləri) də iştirak edib.

Konfransın əsas məqsədi üzv dövlətlərlə UNESCO-nun Lissabon Yol Xəritəsi (2006), Seul Gündəliyi (2010) və MONDIACULT Meksika Bəyannaməsi (2022) üzrə ikiillik çoxtərəfli məsləhətləşmələr, dialoq və danışıqların nəticəsi olaraq ümumi müzakirələrin aparılması, müxtəlif dövlətlərin təcrübələrinin paylaşılmasıdır.

Əbu-Dabi Milli Sərgi Mərkəzində təşkil olunan tədbir zamanı “Mədəniyyət və incəsənət təhsili üzrə qlobal Çərçivə Sənədi”nin müzakirəsi də aparılıb, inteqrasiya olunmuş siyasət və yaradıcı təşəbbüslər vasitəsilə təhsildə mədəniyyətin roluna dair tövsiyələr verilib.

Dünya Konfransının həmsədri Məhəmməd Xəlifə əl-Mübarək deyib: “Davamlı təhsilin idarə edilməsi ənənəsinə əsaslanaraq, biz bu strateji mühüm tədbiri təşkil etməkdən qürur duyuruq, çünki burada dialoqa təkan veririk, eyni zamanda, qlobal mədəniyyət və incəsənət təhsilinin problemlərini müzakirə edirik. “Mədəniyyət və incəsənət təhsili üzrə qlobal Çərçivə Sənədi” əsasında burada verilən tövsiyələri məktəb kurikulumlarında və ondan kənarda həyata keçirmək məqsədilə üzv dövlətlər üçün yeni təlimat hazırlanacaq”.

Konfransda yeddi əsas mövzu ətrafında müzakirələr aparılıb: mədəniyyət və incəsənət təhsilinə bərabərhüquqlu çıxış; mədəni müxtəliflik daxilində və onun vasitəsilə keyfiyyətli və müvafiq ömürboyu öyrənmə; davamlı, ədalətli gələcəkləri formalaşdırmaq bacarıqları; mədəniyyət və incəsənət təhsili ekosistemlərinin sistemləşdirilməsi və qiymətləndirilməsi; rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə mədəniyyət və incəsənət təhsili; mədəniyyət və incəsənət təhsilinin dəstəklənməsi üzrə tərəfdaşlıq və maliyyələşdirmə; monitorinq, araşdırma və məlumat mübadiləsi.

Tövsiyələrdə rəssamların rezidentura proqramları və təbliğat təşəbbüsləri də daxil olmaqla, resursların və vasitəçilik fəaliyyətlərinin inkişafına təkan verilməsi, təhsil işçiləri üçün müxtəlif mədəni fənlər üzrə illik təlim proqramlarının həyata keçirilməsi məsələləri də yer alıb.

 

Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.8.