“Min bir gecə” –
Sankt-Peterburq səhnəsində daha üç gecə
Bu dəfə Fikrət Əmirovun vəfatının
40-cı ildönümü ərəfəsində
Sankt-Peterburqun Mariinski Teatrında Azərbaycanın
dahi bəstəkarı Fikrət Əmirovun “Min bir gecə”
baletinin növbəti nümayişləri olub.
Rusiya Federasiyasının Əməkdar incəsənət
xadimi, tanınmış xoreoqraf, həmyerlimiz Eldar Əliyevin
quruluş verdiyi balet 13, 14, 17 fevral tarixlərində Neva
sahilində sənətsevərlərə təqdim edilib. Qeyd
edək ki, Fikrət Əmirovun ölməz sənət incisi
Eldar Əliyevin quruluşunda artıq neçə illərdir
Sankt-Peterburqun Mariinski Teatrında, teatrın Primorsk səhnəsində
(Vladivostok), eləcə də digər şəhərlərdə
uğurla nümayiş olunur.
Bu dəfə Mariinski Teatrının simfonik orkestri və
xorunu Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının baş dirijoru Əməkdar artist Əyyub
Quliyev idarə edib. Tamaşaların birində ilk dəfə
Şəhriyar rolunu Azərbaycanın Əməkdar artisti
Timur Əsgərov ifa edib. Şəhrizad partiyasını
Mariinski Teatrının solisti Renata Şakirova, eləcə də
Mariinski Teatrının Primorsk səhnəsinin truppasında
yer alan yapon balet artistləri Arina Haqase və Saki Nisida
oynayıblar.
Fikrət Əmirovun əsrarəngiz musiqisi, səhnə
ustalarının təkrarsız ifası Rusiyanın Şimal
paytaxtının sənətsevərləri tərəfindən
sürəkli alqışlarla qarşılanıb.
Üçüncü tamaşadan sonra gecədə fəxri
qonaq qismində iştirak edən Azərbaycanın
Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov,
Macarıstanın baş konsulu Viktor Sederkenyi və
Tacikistanın baş konsulu Xomidcon Nəzəri səhnə
arxasına gələrək xoreoqraf Eldar Əliyevi, dirijor
Əyyub Quliyevi və teatrın solistlərini uğurlu
çıxışları münasibətilə təbrik
ediblər.
Sultan Qasımov dahi Fikrət Əmirovun əsərinin
yeni quruluşda Rusiyanın aparıcı teatrının səhnəsində
ifa edilməsini mədəni əlaqələrin
inkişafında mühüm hadisə adlandırıb,
Mariinski Teatrının rəhbərliyinə və
yaradıcı kollektivinə minnətdarlığını
bildirib.
Qeyd edək ki, Fikrət Əmirovun “Min bir gecə”
nağıllarının motivləri əsasında (libretto:
Maqsud və Rüstəm İbrahimbəyovlar)
yaratdığı baletin premyerası 1979-cu ildə Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında olub. Dünya
balet sənətinin incilərindən olan əsər indiyədək
bir çox teatrların repertuarını bəzəyib.
“Min bir gecə”nin Sankt-Peterburq səhnəsində budəfəki
nümayişləri dahi bəstəkarın xatirə
günü ərəfəsinə təsadüf etməsi ilə
də əlamətdar olub.
Fevralın 20-də Azərbaycanın və SSRİ-nin
Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı,
Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi
Cəmil oğlu Əmirovun (1922–1984) vəfatının
40-cı ildönümü tamam oldu...
Mədəniyyət.- 2024.- 21 fevral,¹14.- S.1.