Mədəniyyətimizin
böyük hamisi – İllərin xronikasından (101)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçmələrin dərcini davam etdiririk.
(əvvəli ötən sayımızda)
2002-ci il 13 sentyabr
Prezident Heydər Əliyev Gəncə şəhərinə
səfəri zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin
məqbərəsini ziyarət edib.
2002-ci il 9 oktyabr
İranlı (Cənubi azərbaycanlı) rəssam Vədud
Müəzzinin fərdi sərgisinin
açılışında iştirak edib.
“...Azərbaycanda rəngkarlıq, rəsm sənəti
böyük inkişaf yolu keçibdir. Azərbaycanda
böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər
yaradıblar. Biz bununla həmişə fəxr etmişik...
Bunların hamısı bizim mədəni sərvətimizdir,
xalqımızın sərvətidir...
Vaxtilə, gərək ki, 1981-ci ildə biz burada
SSRİ Rəssamlıq Akademiyasının böyük bir
iclasını keçirdik. Buraya ən böyük rəssamlar
gəlmişdilər. Onda biz nə ilə fəxr etdik? Bəli,
Avropanın qədimdən özünəməxsus üslubda
məktəbləri var. Eləcə də rus rəssamları.
Ancaq onunla fəxr etdik ki, bizim də miniatür məktəbimiz
var – Sultan Məhəmmədin yaratdığı miniatür məktəbi.
Burada onu çox böyük həvəslə
qarşıladılar. Məndə belə bir təsəvvür
vardı ki, İranda ancaq miniatür sənəti mövcuddur.
Amma bu cür rəngkarlıq əsərlərinin olduğunu
mən bilmirdim... Vədud İran vətəndaşıdır,
amma azərbaycanlıdır. Demək, İranda azərbaycanlılar
öz istedadını bu cür nümayiş etdirən rəssam
yetişdiribdir...
...41 yaş ən gözəl yaşdır. Ona görə
vaxtı itirmə, işini davam etdir. Yaxşı oxuyursan, səsin
yaxşıdır. Hərdənbir oxu ki, ilham alasan. Amma
vaxtının çoxunu bu işə sərf et. Oxuyanlar
çoxdur. O tərəfdə də, bu tərəfdə də,
o tayda da, bu tayda da çoxdur. Amma belə əsərlər
yaradanlar o qədər də çox deyildir.
Mənim haqqımda əsər yaratdığına
görə də təşəkkür edirəm. Yəni rəssamlıq
ustalığı nöqteyi-nəzərindən dəyərlidir.
Sənə təşəkkür edirəm”.
2002-ci il 18 oktyabr
Dövlət Müstəqilliyi Günü münasibətilə
Şəhidlər Xiyabanını ziyarət edib. Dənizkənarı
Milli Parkda təşkil olunmuş bayram konsertinə baxıb.
***
Azərbaycan milli ifaçılıq sənətinin
görkəmli nümayəndəsi, Xalq artisti Şövkət
Ələkbərovanın 80 illiyi haqqında sərəncam
imzalayıb.
2002-ci il 20 oktyabr
Bakıya qastrola gələn Vladimir Mayakovski adına
Moskva Akademik Teatrının tamaşasına baxıb.
2002-ci il 23 oktyabr
Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, böyük şair və dramaturq
Hüseyn Cavidin 120 illik yubileyi haqqında sərəncam
imzalayıb.
2002-ci il 24 oktyabr
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun binasında, vaxtilə Hüseyn
Cavidin mənzili olmuş otaqlarda ev-muzeyinin
açılış mərasimində iştirak edib. Mərasimdə
ədibin qızı, muzeyin yaradıcısı Turan Cavidlə
söhbət edib.
“...Hüseyn Cavid çox faciəli həyat
keçiribdir. Ancaq onun yəqin bir xoşbəxtliyi də o
imiş ki, sən varsan, yaşamısan. Sən
yaşamasaydın, bütün bu gördüklərimizi bir
yerə yığmaq olmayacaqdı... Demək, Allah səni
saxlayıbdır ki, bu irsi qoruyub yaşadasan...
Dünən (Cavidin 120 illiyi ilə bağlı) sərəncamı
imzalayanda düşündüm ki, 20 il bundan öncə ilk dəfə
mən Hüseyn Cavidin 100 illik yubileyi ilə əlaqədar fərman
imzalamışam. Onun cənazəsinin qalıqlarının vətənə
gətirilməsi dövrü yadıma düşdü. Sonra
fikirləşdim ki, dünya qəribədir, 20 il bundan öncə
başladığım işi yenə davam etdirirəm...
Cavidin ağır taleyi var, amma gör sonu necədir. Kim bunu təsəvvür
edə bilərdi ki, bu cür məqbərə (1996,
Naxçıvan – red.) ucaldılsın...
Turan xanım, mən təbrik edirəm ki, ev-muzeyi
açıldı... Tariximizi daim insanlara, xüsusən gənc
nəslə anlatmaq, öyrətmək lazımdır.
Çünki tarixini bilməyən insan öz millətinə,
xalqına sədaqətlə xidmət edə bilməz. Ona
görə də biz Azərbaycanda muzeylər yaradarkən
tariximizi gələcək nəsillərə göstərmək
istəyirik...”.
Heydər Əliyev mərasimdə nitq söyləyib.
“...Keçmişdə, 1970–1980-ci illərdə mən
Azərbaycanda işləyəndə bu binaya çox gəlmişəm,
onda burada Azərbaycanın Ali Soveti yerləşirdi... Biz sonra
Azərbaycanın Ali Soveti üçün yeni bina tikdik. Bu
bina haqqında çox söz-söhbət gedirdi ki, onu kimə
verək. Yəni bu binanı istəyənlər də
çox idi. Çünki bu, tarixi binadır, Azərbaycanın tarixi memarlıq
abidələrindən biridir. Ancaq mən belə fikirdəydim
ki, biz belə binaları yalnız elm, mədəniyyət sahəsində
istifadə etməliyik...
Buna görə də çox mübahisələrdən
sonra mən belə qərar qəbul etdim ki, bu bina
Əlyazmalar Fonduna verilsin... İndi Əlyazmalar Fondu elmi-tədqiqat
institutuna çevrilibdir... Bu binada vaxtilə böyük
şairimiz Hüseyn Cavid yaşamışdır. Cavidin
yaşadığı otaqlarda onun ev-muzeyinin yaradılması
məsələsi meydana çıxdı. Bu məsələ
uzun illər gündəlikdə idi. Ancaq təəssüflər
olsun ki, həll edilmirdi. Bunu da həll etdik... Muzey çox
maraqlıdır. Hüseyn Cavid
yaradıcılığı ilə,
onun həyatı ilə maraqlanan insanlar bu muzeydə maraqlı
eksponatlar görə bilərlər...
Biz Azərbaycanda repressiya qurbanlarının xidmətlərini
bərpa etməyə çalışmışıq və
çalışırıq. Amma bununla bərabər,
tariximiz, mədəniyyətimiz də repressiyaya məruz
qalmışdır. Sovetlər İttifaqı dövründə
çalışmışdılar ki, bizim tariximizi də, ənənələrimizi
də yalnız kommunist ideologiyasına, sovet sosialist
quruluşuna uyğunlaşdırsınlar...
Repressiyaya məruz qalmış böyük mənəvi
dəyərlərimizdən biri də “Kitabi-Dədə Qorqud”
dastanı olmuşdur. Biz “Kitabi-Dədə Qorqud”un 1300 illik
yubileyini beynəlxalq miqyasda keçirdik. O vaxt biz “Dədə
Qorqud”un Drezden kitabxanasında saxlanılan nüsxəsinin surətini
almaq istəyirdik. O, indi gəlib çatıbdır... Mən
bunu Əlyazmalar institutuna təqdim edirəm. Sizin
hamınıza bir daha cansağlığı və işlərinizdə
uğurlar arzulayıram...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2024.- 21 fevral,№14.- S.5.