Əməkdar incəsənət
xadimi, musiqişünas Aida Tağızadənin 90 illiyi qeyd
edilib
Fevralın 6-da Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) tanınmış musiqişünas,
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor Aida Tağızadənin
90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Bu barədə ABİ-dən məlumat verilib.
İttifaqın sədri Xalq artisti, AMEA-nın
müxbir üzvü Firəngiz Əlizadə giriş
sözündə Aida Tağızadənin
yaradıcılıq yolundan, geniş elmi irsindən söhbət
açıb. ABİ sədri musiqişünasın Azərbaycan
bəstəkarlarının
yaradıcılığının tədqiqi ilə
bağlı elmi, eləcə də pedaqoji fəaliyyətini
yüksək qiymətləndirib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli
də Aida xanımın müəllim kimi fəaliyyətini
xüsusi vurğulayaraq onun musiqişünaslıq elminə
verdiyi töhfələrdən danışıb.
Azərbaycan Milli Konservatoriyasının elmi işlər
üzrə prorektoru sənətşünaslıq üzrə
fəlsəfə doktoru, professor Lalə Hüseynova və sənətşünaslıq
üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı
da çıxışlarında yubilyarın nəinki Azərbaycanda,
həmçinin ölkəmizin hüdudlarından uzaqlarda da
istedadlı tələbələrinin fəaliyyət göstərdiyini
vurğulayıblar.
ABİ-nin katibi Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarova “Aida Tağızadənin Azərbaycan
musiqi elminə verdiyi töhfələr”, Əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Zümrüd Dadaşzadənin “Aida Tağızadənin
elmi fəaliyyəti” mövzularında məruzələri
dinlənilib.
Konfransın musiqi hissəsində Aida Tağızadənin
yaradıcılığını
araşdırdığı bəstəkarlardan Soltan Hacıbəyovun
“Adajio” və Cövdət Hacıyevin “Ballada” əsərləri
səslənib. Əsərləri Xalq artisti Ülviyyə
Hacıbəyova və S.Hacıbəyov adına Sumqayıt
Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, beynəlxalq müsabiqələr
laureatı Səbinə Mehdiyeva ifa ediblər.
Sonda Aida Tağızadə musiqi mədəniyyətinin,
musiqişünaslığın inkişafı naminə
gördüyü işlərdən danışıb, tədbirin
təşkilatçılarına və
iştirakçılara dərin təşəkkürünü
bildirib.
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.5.