Fərqlənənlərdən
olmaq
Xəbər verildiyi kimi, bu günlərdə ölkə
başçısı elm və təhsil, mədəniyyət,
gənclər siyasəti və gənclərlə iş,
ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və
sahibkarlıq sahələrində xüsusi fərqlənən
10 gənci Prezident mükafatı ilə təltif edib.
Gənclər üçün Prezident mükafatı
2013-cü ildə təsis edilib. Mükafat 10 000 manat məbləğində
pul mükafatından, diplomdan, döş nişanından və
həmin döş nişanının vəsiqəsindən
ibarətdir. Mükafat hər il yuxarıda qeyd edilən
beş sahə üzrə (hər birində 2 mükafat olmaqla)
verilir.
Bu il də, necə deyərlər, “qızıl
onluğa” düşərək öz fərqini göstərənlər
sırasında iki nəfər mədəniyyət sahəsində
çalışan gənc var. Onları oxucularımıza da
yaxından tanıtmaq istərdik.
Ulucay Akif (Məmmədov) çağdaş ədəbi
mühitdən bir çoxlarına yaxşı
tanışdır. Mərhum şair Akif Səmədin
oğludur. 1995-ci il mayın 14-də Bakı şəhərində
anadan olub. 2001–2012-ci illərdə E.Əliyev adına 162
saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci
illərdə Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsinin rus dili bölməsində bakalavr pilləsi
üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin
fakültədə publisistik jurnalistika ixtisası üzrə
magistr təhsili alıb.
2013-cü ildən “Ulucay Akif” imzasıyla mətbuatda dərc
olunmağa başlayıb. 2016–2018-ci illərdə Azərbaycan
Yazıçılar Birliyinin və Mədəniyyət
Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin
3-cü buraxılış məzunudur. 2016-cı ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. Tələbəlik
illərindən “Ədalət” qəzetində və bir
sıra xəbər saytlarında fəaliyyət göstərib,
2021-ci ildə “Ulduz” jurnalının redaksiya heyətində
yer alıb. Həmin ildən “Kulis.az” ədəbiyyat və mədəniyyət
portalının baş redaktorudur.
“Günəşə atılan mərmilər” adlı
ilk şeirlər kitabı 2016-cı ildə çap olunub.
“Gizlənqaç” kitabı 2020-də işıq üzü
görüb.
Seçilən gənclər sırasında təmsil
olunmaqdan qürur duyduğunu və sevincini özünün
sosial şəbəkə hesabında paylaşan gənc
şair təəssüratını bizə bu sözlərlə
ifadə etdi: “Yaradıcılığımın, fəaliyyətimin
dövlətimiz tərəfindən bu cür yüksək
qiymətləndirilməsi məni çox sevindirdi. Bu mənim
üçün çox böyük stimuldur. Məni bu
mükafata layiq bilən ölkə başçımız cənab
İlham Əliyevə təşəkkür edirəm”.
***
Milli balet sənətimizdəki gənc simalardan biri də
Dinara Məmmədovadır. Prezident mükafatına layiq
görülən Dinara artıq bir neçə ildir
özünü istedadlı və zəhmətsevər gənc
kimi göstərməklə sənətsevərlərin, bu
sahədə peşəkarların diqqətini çəkə
bilib.
6 aprel 1998-ci ildə Bakı şəhərində
anadan olan Dinara 2005-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin
klassik bölməsinə daxil olub, 2017-ci ildə oranı
uğurla bitirib. 2016-cı ildə Balet artistlərinin Qəmər
Almaszadə adına I Beynəlxalq müsabiqəsində II
mükafata layiq görülüb. 2015 – 2016-cı illərdə
Azərbaycan Dövlət Musiqili Teatrında
çalışıb. 2017-ci ildən fəaliyyətini Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının balet
truppasında davam etdirir.
2019-cu ildən repertuardakı seçilən əsərlərdə
aparıcı partiyaları – Q.Qarayevin “Leyli və Məcnun”
baletində Leyli, “Yeddi gözəl” baletində Od,
P.Çaykovskinin “Şelkunçik” baletində Maşa, həmçinin
Kukla, Şeytan, Markiza və Çin gəlinciyi, “Qu
gölü” baletində kiçik qu quşunun rəqsi və
Neapolitan rəqsi (solo), P.Bülbüloğlunun “Eşq və
ölüm” baletində Baycan, A.Pyatsollanın “Məhəbbət
tanqosu”nda Tereza, F.Əmirovun “Min bir gecə” baletində birinci
nağılda Qız, A.Adanın “Korsar” baletində kəniz
(solo), L.Minkusun “Don Kixot” baletində Amur, A.Məlikovun “Məhəbbət
əfsanəsi” baletində Şirini ifa edib.
“Prezidentin gənclər üçün
mükafatına layiq görüldüyüm üçün
çox sevincliyəm. Bir gənc kimi mənim əziyyətimi
görən və qiymətləndirənlərə təşəkkür
edirəm. Gənclərə daim diqqət və sevgi ilə
yanaşan Prezidentimiz cənab İlham Əliyevə sonsuz minnətdaram.
Çalışacağam ki, dövlətimizin və sənətimizin
adını bundan sonra da uca tutum”, – deyə sevincini
bölüşən istedadlı artist həmyaşıdlarına
bacardıqları sahədə durmadan
çalışmağı da tövsiyə etdi.
Həmidə
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.7.