Yaxın və Orta Şərqin
görkəmli memarı
Əcəmi Naxçıvani-900
XII əsr Azərbaycan mədəniyyətinin
çiçəkləndiyi bir dövr olub. Həmin vaxtlar
intibah özünü memarlıq və ədəbiyyatda daha
çox göstərib. Dövrün parlayan ulduzlarından
biri memarlıq sahəsinə yenilik gətirən Əcəmi
Naxçıvani olub. Görkəmli sənətkar daha
çox inşaatçı-mühəndis, həm də memar
kimi tanınıb. O, böyük sənətkarlıqla
yaratdığı həndəsi fiqur və
naxışları məharətlə daşlar üzərinə
köçürüb.
Bu il nəinki Azərbaycanın, həmçinin
Yaxın və Orta Şərqin görkəmli memarı hesab
olunan Əcəmi Naxçıvaninin anadan olmasının 900
illiyidir. Yaratdığı memarlıq abidələri ilə
ölməzlik qazanan sənətkarın yubileyi UNESCO-nun
2024–2025-ci illər üzrə yubileylər proqramı çərçivəsində
qeyd olunacaq. Bununla da, bütün dünya onun memar-mühəndis
kimi yadigar qoyduğu qiymətli maddi-mədəni mirasdan xəbərdar
olacaq.
Qaynaqlarda Əcəmi Əbubəkir Naxçıvani
haqda səhih məlumat azdır. Qeyd edilir ki, o, 1120-ci illərdə
Naxçıvan şəhərində dünyaya göz
açıb. Atabəylər hakimiyyəti dövründə
yaradıcılıq fəaliyyəti göstərib. Memar kimi
ilk əsəri 1162-ci ildə inşa olunan Yusif Küseyir
oğlu türbəsidir.
Memar Əcəminin ikinci məşhur əsəri isə
hökmdar Şəmsəddin Eldəgizin həyat
yoldaşı Möminə xatının məzarı üstə
1186-cı ildə ucaldılan türbədir. Ehtimal olunur ki,
memar Əcəminin layihəsi əsasında
Naxçıvanda Eldəgizlərin sarayı, Cümə məscidi,
xatirə abidələri, mədrəsə, karvansara və digər
hökumət tikililəri də inşa edilib. Ancaq
bütün bunlar günümüzə gəlib
çıxmayıb. XVI–XVII əsrlərdə baş
vermiş feodal ara və Səfəvi-Osmanlı müharibələri
zamanı məhv edilib.
Mütəxəssislərin fikrincə, Yusif Küseyir
oğlu türbəsi Naxçıvan-Marağa memarlıq məktəbinin
ən gözəl nümunələrindən sayılır.
Yeraltı və yerüstü hissələrdən ibarət
türbə konstruktiv həllinin harmoniyası və gözəlliyi
ilə diqqət çəkir. Türbənin xarici səthinin
hər biri müxtəlifşəkilli həndəsi ornamentlərlə
bəzədilib. Memar taxçaların içərisini də
naxış kompozisiyaları ilə yüngülləşdirib.
Künclərin vertikal ritmini və konstruktiv dəyərini
artırıb. Bişmiş kərpiclə işlənən
türbənin xarici səthlərində mürəkkəb
kompozisiyalı həndəsi ornamentlərdən geniş
istifadə olunub. Kərpiclərin birrəngli olması isə
onun görkəminə sadəlik gətirib. Türbənin
çatma tağlı qapısının üzərindəki
kitabədən məlum olur ki, abidə xacə, şanlı rəis,
dinin zəkası, İslamın camalı, şeyxlər
başçısı Yusif Küseyir oğluna məxsusdur.
Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir”
qeydi var.
Araşdırmalarda qeyd edilir ki, Şəmsəddin Eldəgizin
həyat yoldaşı Möminə xatın sarayda
böyük hörmət sahibi olub. Azərbaycan Atabəylər
dövlətinin möhkəmlənməsi və
inkişafı üçün böyük işlər
görüb. Ancaq 1175-ci ildə Möminə xatın
vaxtsız vəfat edir. Bu itkidən sarsılan Şəmsəddin
Eldəgiz üzünü xanımının
başdaşına söykəyib deyir: “Bir bax, nə qədər
güclüyəm, varım-dövlətim başımdan
aşır... Amma dünya-aləm sənsiz nəyə gərəkmiş?
Qoy sənin adın yaşasın. Sənin kimi bir ömür
yoldaşının, bir ananın adı yaddaşlarda həmişəlik
qalsın. Sən yox olub getməyəcəksən, bu yerdə
kök atacaqsan”.
Möminə xatının vəfatından qısa
müddət sonra hökmdarın tapşırığı
ilə Memar Əcəmi türbənin tikintisinə
başlayır. Ancaq çox keçmir Eldəgiz də vəfat
edir. Abidənin inşası 1186-cı ildə başa
çatır. Bu türbə də yeraltı və
yerüstü hissələrdən ibarətdir. Möminə
xatının məzarı yeraltı hissədədir. Məqbərə
formasına görə onbucaqlı şəklindədir.
Giriş üçün nəzərdə tutulan fasadı
çıxmaq şərtilə qalan bucaqların
hamısı eyni cür işlənib və naxışlarla bəzədilib.
Məqbərənin üzərində gözəl xətlə
Qurandan ayə və haşiyələr həkk edilib. Təqribən
bir metr hündürlükdə olan bu yazı həm də məqbərənin
bəzəyi sayılır. Türbə memarlıq üslubu və
zərifliyi ilə diqqət çəkir. Bu da abidənin məhz
bir qadının şərəfinə ucaldılmasından xəbər
verir.
Tədqiqatçı-memarlar Möminə xatın
türbəsini Hindistan memarlığının incisi
Tac-Mahalla müqayisə edirlər. Qeyd olunur ki, türbə təkcə
Azərbaycan memarlığında deyil, ümumən İslam
aləmində incə kompozisiyası ilə seçilir.
Özündə bədii təfəkkür dərinliyi,
zövq incəliyi və mühəndislik dühası
nümayiş etdirir. Memar Əcəmi türbədəki kitabədə
kufi xətlə belə yazmışdı: “Biz gedərik,
ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar”.
Araşdırmalarda qeyd edilir ki, Memar Əcəminin
Naxçıvanda ucaltdığı tikililərin ümumi
kompleksində nəhəng bir Cümə məscidi də
olub. Abidənin təsviri fransız səyyahları Tavernye və
Delafruanın qeydlərindəki şəkillərdə verilib.
XIX əsrin ortalarında V.Engelqart “Qafqaz” qəzetində bu məscid
haqda yazıb: “Bu, yonulmuş daşlardan tikilmiş və
tağları olan nəhəng bir binadır. İçəridə
hələ də gözəl relyefli oymaların izləri
qalmaqdadır. Məscidin bir hissəsi artıq
dağılıb. O biri hissəsi isə dağılmaq
üzrədir. Məsciddən 50 sajen aralıda,
hündürlüyü 20 sajenə çatan qoşa minarəli
darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir.
Əvvəllər məscidlə darvazanın arasındakı
yerdə müxtəlif tikililər olub. Ancaq indi bunlar yoxdur.
Adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha
qalaya aiddir”.
Memar Əcəminin yaratdığı tikililər
yaxın və uzaq Şərq ölkələrinin
memarları üçün bir ilham mənbəyi olub.
Marağadakı Göy günbəzdə (1196), Culfa şəhəri
yaxınlığındakı Gülüstan türbəsində
(XIII əsr), Qarabağlar, Bərdə və Salmas türbələrində
(XIV əsr), türk memarı Memar Sinanın (XVI əsr)
İstanbulda ucaltdığı tikililərdə Əcəmi
sənətinin ənənələri yaşayır.
Savalan Fərəcov
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.6.