Azərbaycanlı
rejissorun “İki gün”ü Tampere festivalında
Rejissor Teymur Qəmbərovun “İki gün”
qısametrajlı filmi 54-cü Tampere Film Festivalının
(Finlandiya) beynəlxalq müsabiqə proqramına daxil edilib.
Martın 6-dan 10-dək keçiriləcək festivalda
beynəlxalq müsabiqə proqramına 48 ölkədən 64
film seçilib.
“Debüt Film” studiyasında çəkilən film 44
günlük Vətən müharibəsi zamanı kiçik
bir ailənin həyatından bəhs edir. Mələk
Bayramlı və Təranə Vəliyevanın rol
aldığı filmin prodüserləri Orxan Abbasov və Lika
Gavrişdir. Filmin musiqisi rejissorun atası, tanınmış
cazmen, pianoçu, bəstəkar, Xalq artisti Salman Qəmbərova
məxsusdur.
Bəstəkar bir müsahibəsində demişdi:
“Son iki işim oğlum Teymur Qəmbərovun çəkdiyi
“Quxuroba” və “İki gün” qısametrajlı filmləridir.
Bu, asan kino dili deyil. Oğlum məndən bu filmlərə
musiqi bəstələməyimi istədi. Sevinirəm ki, onun
ilk filmi olan “Quxuroba” bir sıra beynəlxalq mükafatlara, o
cümlədən Sarayevo kinofestivalının
mükafatına layiq görülüb”.
Xatırladaq ki, “İki gün” filmi 2021-ci ildə Mədəniyyət
Nazirliyinin elan etdiyi “Böyük Qayıdış”
qısametrajlı bədii, sənədli və animasiya film
layihələri müsabiqəsinin qalib işlərindəndir.
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.1.