Korifey kino xadiminin məzarı ziyarət
olunub
Fevralın 7-də Azərbaycan kino sənətinin
görkəmli nümayəndəsi, kinorejissor, Xalq artisti Tofiq
Tağızadənin (1919 – 1998) anadan olmasının 105-ci
ildönümü tamam olub.
Bu münasibətlə tanınmış kino xadimləri
və sənətkarın ailə üzvləri Fəxri
xiyabanda Tofiq Tağızadənin məzarını ziyarət
ediblər.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar
incəsənət xadimi Cəmil Quliyev çıxış
edərək Azərbaycan kinosunun inkişafında Tofiq
Tağızadənin xüsusi xidmətləri olduğunu
deyib, rejissorun quruluş verdiyi ekran əsərlərinin bu
gün də tamaşaçılar tərəfindən
sevildiyini vurğulayıb.
Xalq artisti, kinorejissor Oqtay Mirqasımov görkəmli
rejissoru ilk dəfə “Uzaq sahillərdə” filminin çəkilişi
zamanı gördüyünü, daha sonra “Azərbaycanfilm”
kinostudiyasında işə götürülərkən onun
filmində təcrübə keçdiyini və uzun illər
dostluq etdiklərini bildirib.
Sənətkarın ailəsi adından
çıxış edən Əməkdar artist, aktyor Firdovsi
Atakişiyev Tofiq Tağızadə ilə səmimi münasibətlərindən
danışıb, onun yaradıcılıq irsinin Azərbaycan
Dövlət Film Fondunda qorunmasından söz açıb. O,
anım mərasiminin təşkilinə görə Mədəniyyət
Nazirliyinə, Kino Agentliyinə və tədbir
iştirakçılarına təşəkkürünü
bildirib.
Qeyd edək ki, Tofiq Tağızadə
quruluşçu rejissoru olduğu “Görüş”, “Uzaq
sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”,
“Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan
salam” və başqa ekran əsərləri ilə Azərbaycan
kinematoqrafiyasının inkişafına mühüm töhfələr
verib.
Dövlət başçısının sərəncamı
ilə 2019-cu ildə rejissorun 100 illik yubileyi geniş şəkildə
qeyd olunub.
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.1.