Mədəniyyətimizin
böyük hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçmələrin dərcini davam etdiririk.
(əvvəli ötən sayımızda)
2002-ci il 9 mart
Prezident Heydər Əliyev Azərbaycan kino sənətinin
inkişafındakı xidmətlərinə görə Yuli
Qusmana respublikanın “Xalq artisti”, muzey işinin təşkili
və inkişafındakı xidmətlərinə görə
Aybəniz Vəkilovaya “Əməkdar mədəniyyət
işçisi” fəxri adlarının verilməsi haqqında
fərmanlar imzalayıb.
2002-ci il 19 mart
Respublika Sarayında (indiki Heydər Əliyev
Sarayı) Bakı şəhərindəki uşaq evlərində
tərbiyə alan, eləcə də qaçqın, kimsəsiz
və şəhid ailələrindən olan uşaqlar
üçün təşkil edilən Novruz şənliyində
iştirak edib.
2002-ci il 21 mart
Bakıda Novruz bayramı münasibətilə
keçirilən ümumxalq şənliyində iştirak
edib.
2002-ci il 2 aprel
Azərbaycanda musiqi sənətinin
inkişafındakı xidmətlərinə görə Xalq
artisti, pianoçu Tamilla Zahid qızı Mahmudovanın
“Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
fərman imzalayıb. Xalq artistinə yubileyi (70 yaşı -
red.) münasibətilə təbrik məktubu göndərib.
2002-ci il 22 aprel
Respublika Sarayında Azərbaycanda Rusiya Federasiyası
Mədəniyyəti Günlərinin təntənəli
açılış mərasimində iştirak edib.
Fasilə zamanı səhnə arxasına gələrək
Rusiyanın mədəniyyət naziri M.Şvıdkoy, dirijor
V.Fedoseyev və nümayəndə heyətinin digər
üzvləri ilə görüşüb.
“...Otuz il bundan əvvəl, 1972-ci ilin sentyabrında da
Azərbaycanda Rusiya Federasiyası Mədəniyyəti Günləri
keçirilmişdi. O vaxt biz Sovet İttifaqının tərkibində
idik. Gözəl kollektivlər idi, təxminən 250-300 nəfər
gəlmişdi. Musiqiçilər də, teatr xadimləri,
müğənnilər, şairlər də var idi. Əvvəlcə
Bakıda çıxışlar oldu, sonra isə bölgələrə
getdilər, bağlanış üçün yenidən
Bakıya qayıtdılar. O vaxt bizim belə sarayımız
yox idi. Sumqayıtda, Gəncədə, Neft daşlarında
çıxış edirdilər... Bax o vaxt sizin orkestr burada
çıxış etmişdir, mən də konsertdə
olmuşdum. Yeri gəlmişkən, sonralar mən Moskvada
yaşayarkən də konsertlərinizi dinləyirdim...
İncəsənətin müxtəlif növləri
var. Simfonik musiqi isə incəsənətin çox mürəkkəb,
çətin növüdür. Mən burada sovet Azərbaycanının
rəhbəri olanda filarmoniyaya gedirdim, simfonik musiqini çox
sevirəm. Orada konsertlər olurdu, Niyazi və digər
dirijorlar çıxış edirdilər. Görürdüm
ki, rəhbər işçilərimiz bu konsertdə yoxdur. O
zaman mən elan etdim ki, hər cümə axşamı
günü axşam saat 7-də filarmoniyada simfonik musiqidən
ibarət konsertə gəlmək lazımdır. Birinci dəfə
gəlib gördüm ki, canlarını dişlərinə
tutub oturublar. Biz Niyazi və Janna Dozortseva ilə
razılaşdıq ki, Dozortseva hər dəfə konsertə
gəlib simfonik musiqidən danışacaq, sonra konsert
başlanacaqdır. Bundan sonra onlar musiqini daha yaxşı
qavramağa başladılar... 1982-ci ilin axırınadək,
mən burada işlədiyim müddətdə belə etdim,
sonra hər şey pozuldu. Əlbəttə, indi, demokratiya
şəraitində insanları məcbur edə bilmərəm...
Amma görürəm, məcbur etmək lazım da deyildir.
Doğrudur, adətən, rəhbər işçilər əyləşən
boş yerlər də görürdüm...”.
2002-ci il 30 aprel
Türkiyənin Trabzon şəhərinə səfəri
(Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin
zirvə görüşü) gedişində Mustafa Kamal
Atatürk muzeyini ziyarət edib.
2002-ci il 1 may
Görkəmli mədəniyyət xadimi, bəstəkar,
SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 80 illiyi
haqqında sərəncam imzalayıb.
***
Görkəmli kinorejissor Rasim Ocaqova fərdi təqaüdün
verilməsi haqqında sərəncam imzalayıb.2002-ci il 2 may
Prezident Sarayında Bakıda keçirilən “Azərbaycanın
milli-mədəni və təbii irsinin qorunub
saxlanılması – Milli parklar proqramı” beynəlxalq
konfransın iştirakçılarını qəbul edib.
2002-ci il 17 may
Azərbaycan musiqi mədəniyyətinin inkişaf
etdirilməsindəki xidmətlərinə görə Xalq
artisti Mirzə Babayevi “Şöhrət” ordeni ilə təltif
edib.
2002-ci il 22 may
Prezident Sarayında Roma Papası II İoann Pavelin Azərbaycanın
din, elm və incəsənət xadimləri ilə
görüşündə nitq söyləyib.
2002-ci il 25 may
“Gülüstan” Sarayında Azərbaycan
Respublikasının milli bayramı – Respublika Günü
(2021-ci ildən Müstəqillik Günü) münasibətilə
təntənəli mərasimdə iştirak edib.
2002-ci il 28 may
İncəsənət xadimləri üçün Azərbaycan
Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi
haqqında fərman imzalayıb. İncəsənət xadimlərinə
dövlət qayğısının artırılması, səhnə
sənətinin inkişafı üçün daha əlverişli
şərait yaradılması məqsədilə təsis olunan
mükafatın üç dərəcəsi vardı: I dərəcəli
mükafat – hər biri ayda 2 milyon manat (400 AZN); II dərəcəli
mükafat – hər biri ayda 1,5 milyon manat (300 AZN); III dərəcəli
mükafat – hər biri ayda 1 milyon manat (200 AZN).
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.-2024.-9 fevral,¹(11).- S.5.