“Araz sahilində doğan günəş”
Muxtar respublikanın 100 illiyinə sənət töhfəsi
Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Milli Dram Teatrında 2024-cü
ilin ilk tamaşasının son məşqləri gedir.
Naxçıvanlı müəllif Həsənəli
Eyvazlının “Araz sahilində doğan günəş” əsəri
əsasında hazırlanan eyniadlı tamaşa NMR-in
yaranmasının 100 illiyinə həsr edilir.
Tamaşanın quruluşçu rejissoru Mir Qabil
Əkbərov, rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı
Azər Cəfərlidir.
Müəllifin arxiv sənədləri əsasında
yazdığı əsərdə hadisələr
1923–1924-cü illərdə Naxçıvan, Bakı, Ankara və
Moskvada cərəyan edir. 1920-ci illərin əvvəlində
SSRİ-nin rəhbəri İ.Stalinin niyyəti
Naxçıvan torpaqlarını ermənilərə peşkəş
etmək idi. Lakin o zaman Azərbaycanda SSR-in rəhbəri Nəriman
Nərimanov və milli qüvvələr, o cümlədən
Behbud ağa Şahtaxtinski xalq arasında bolşeviklərin bu
planı ilə bağlı maarifləndirici təbliğat
apararaq xainləri ifşa edirlər. Eyni zamanda Türkiyədə
Mustafa Kamal Atatürkün ciddi dəstəyi ilə türkiyəli
və azərbaycanlı diplomatlar Qars müqaviləsini
imzalamağa müvəffəq olurlar. Moskvada danışıqlara gedən
diplomatlar Naxçıvanın Azərbaycanın tərkibində
qalmasını və bugünkü xəritəsi üzrə
ərazilərinin qorumasını təmin edirlər.
Əsərdə N.Nərimanov, B.Şahtaxtinski,
Atatürk, Stalin, Çiçerin, Veysəl bəy Ümivar,
İbrahim Əbilov kimi tarixi şəxsiyyətlərin
obrazları da yer alıb. Xalq oyunları, Novruz şənliyi,
Şərur yallısı, “Kosa-kosa” oyunu, “Xanbəzəmə”
kimi etnoqrafik materiallara yer verilən tamaşanın
premyerası 10 mart – Milli Teatr Günündə keçiriləcək.
Onu da qeyd edək ki, truppanın bütün üzvlərinin
məşğul olduğu tamaşa bundan öncə 2009 və
2014-cü illərdə Xalq artisti Kamran Quliyevin quruluşunda
Naxçıvan səhnəsində təqdim olunub.
Mədəniyyət .- 2024.- 23 fevral,¹15.- S.4.