“Ziyayi-Qafqaziyyə
(1880–1884)” kitabının təqdimatı
Xəbər verdiyimiz kimi, 1880–1884-cü illərdə
nəşr olunmuş “Ziyayi-Qafqaziyyə” qəzetinin (ilk
adı “Ziya”) transliterasiya edilərək (əski əlifbadan
latın qrafikasına) kitab halında nəşr olunub. Layihə
2023-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda həyata keçirilib.
Fevralın 20-də Mətbuat Şurası və
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə
təşkilatçılığı ilə “Ziyayi-Qafqaziyyə
(1880–1884)” kitabının təqdimatı keçirilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid
Azərbaycan milli mətbuatı tarixində mühüm rola
malik olmuş “Ziyayi-Qafqaziyyə” qəzetinin
külliyyatının transliterasiya edilmiş nəşrinin əhəmiyyətindən
danışıb. Bildirib ki, “Ziyayi-Qafqaziyyə”
“Əkinçi” qəzetinin bağlanmasından (1877) sonra milli
mətbu nəşr boşluğunu aradan qaldıraraq
böyük missiya yerinə yetirib, səhifələrində
o dövrün Azərbaycanındakı ictimai-siyasi vəziyyəti
işıqlandırıb, aktual problemlərə toxunub,
mövzu zənginliyi ilə seçilib.
R.Məcid yeni nəşrin “Ziya” və “Ziyayi-Qafqaziyyə”
qəzetlərini latın qrafikalı əlifbaya çevirmək
kimi məsul və çətin işin öhdəsindən gəlmiş
dəyərli alim, “Vətən uğrunda” qəzetinin baş
redaktoru olmuş mərhum Müştəba Əliyevin
(1954–2017) xatirəsinə dərin ehtiramın nümunəsi
olduğunu vurğulayıb.
Qeyd edək ki, kitabın baş redaktoru və ön
sözünün müəllifi AMEA-nın prezidenti akademik
İsa Həbibbəyli, çapa hazırlayanı və
redaktoru professor Vüqar Əhməd, rəyçiləri
akademik Teymur Kərimli, professor Cahangir Məmmədli və
filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
Çıxış edənlər kitabın Azərbaycan
mətbuat tarixinin öyrənilməsində əhəmiyyətli
material olduğunu bildiriblər. Vurğulanıb ki,
“Əkinçi” ənənələrini davam etdirmiş
“Ziyayi-Qafqaziyyə”, eləcə də ondan sonra fəaliyyət
göstərmiş mətbuat nümunələrimiz 1918-ci il
müstəqilliyinə aparan yola ideoloji nəfəs gətirib.
Diqqətə çatdırılıb ki, XIX əsrin
sonu – XX əsrin əvvəllərində işıq
üzü görmüş digər nəşrlərimizin də
transfoneliterasiyası, bu işdə vahid redaktə
qaydalarının əsas götürülməsi vacibdir.