“Ölkəmizi yerli karton məhsulları ilə tam təmin edirik”

 

Əli Məmmədov: “Kağız tullantıları keyfiyyətindən və təhvil nöqtəsindən asılı olaraq tonu 135-157 manata alınır”

 

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Məlum olduğu kimi, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşasaq da, kağıza olan tələbat hələ də yüksəkdir. Hər il dünyada milyonlarla tondan artıq kağız istehsal və istifadə olunur. Bu gün ətrafımıza nəzər yetirsək, xeyli sayda kağız tullantılarını görə bilərik. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tullantıların, eləcə də kağız tullantılarının sıfıra endirilməsi üçün müəyyən addımlar atılır, makulatura (çap zamanı xarab olduğundan və ya istifadə olunub qurtardığından təzədən kağız istehsal etmək üçün işlənilən çap kağızı vərəqələri) sahəsi inkişaf etdirilir və yeni müəssisələr, kağızın təkrar emalı ilə məşğul olan kombinatlar yaradılır.

Hesablamalara görə, təkrar emal edilmiş kağızın hər tonu 17 ağacın kəsilməsinin qarşısını almış olur. Bir ağac isə üç insanı oksigenlə təmin edir. Təkrar emal olunmuş kağıza, sellülozdan istehsal edilən kağıza görə 64% daha az enerji sərf edilir. Bir ton təkrar emal edilmiş kağız istehsalında 2,5 ton neft və 26 ton suya qənaət edilir. Kağızın təkrar emalı həm də torpaqların tullantı məhsulları ilə zəbt edilməsini əhəmiyyətli dərəcədə azaltmış olur. Təkrar emal eyni zamanda kağızın yandırılmasının qarşısını almaqla atmosferə atılan karbon qazının miqdarını azaldır.

Hazırda ölkəmizdə kağız tullantılarının yığımı ilə məşğul olan müəssisələr fəaliyyət göstərir. Onlardan biri Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı (AKKİK) MMC-nin nəzdində fəaliyyət göstərən Sumqayıt Xam Kağız Fabrikidir. Fabrik 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb.

Müəssisənin xammalı 100% təkrar emala yararlı tullantı kağızlar hesabına təmin edilməkdədir. Azərbaycan kimi, meşə təsərrüfatı kifayət qədər olmayan, sellüloz qaynağı məhdud və günü-gündən sənayesi inkişaf edən ölkədə kağızın təkrar emalı xüsusi əhəmiyyət daşıyır. Çünki bu metodla kağızın istehsalında enerji resurslarına ciddi miqdarda qənaət edilməklə yanaşı, meşə təsərrüfatının azalması və ekologiyanın çirklənməsinin də qarşısının almasında müstəsna rol oynayır.

Fabrikin müdiri Əli Məmmədov qəzetimizə müsahibəsində bildirdi ki, müəssisədə ən müasir texnologiyalardan istifadə olunmaqla keyfiyyətli məhsul istehsal edilir. Müəssisənin əsas missiyası etibarlı və nümunəvi beynəlxalq qablaşdırma məhsulları və xidmətləri təqdim etmək, cəmiyyətə verdiyi faydanı davamlı artırmaq və ətraf mühitin qorunmasını ön planda tutmaqdır.

Müdirin sözlərinə görə, fabrik tərəfindən gün ərzində orta hesabla 140 ton kağız qəbul edilir: “Ölkəmizdə 50-yə yaxın birgə fəaliyyət göstərdiyimiz və əməkdaşlıq etdiyimiz toplama mərkəzi fəaliyyət göstərir. Fabrikimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, İDEA İctimai Birliyi, bələdiyyələr, “Təmiz Şəhər” MMC, müxtəlif supermarketlər və s. müəssisələrlə əməkdaşlıq edir. Kağız tullantılarını təhvil verən şəxsə və ya quruma toplanan kağızın keyfiyyətindən və təhvil nöqtəsindən asılı olaraq hər tonuna görə 135-157 manat arası ödəniş edilir. Əvvəlki illərdə karton xarici ölkələrdən idxal olunurdu. Bu da ölkədə valyuta axınına səbəb olurdu. AKKİK MMC-nin fəaliyyətə başlamasından sonra artıq təkrar emal nəticəsində karton istehsalını həyata keçiririk. Nəticə etibarilə xaricə valyuta axınının qarşısını alırıq və ölkəni tam yerli məhsulla təmin edirik”.

 

Fabrik tərəfindən hansı çeşiddə tullantı kağızların qəbul olunması ilə bağlı sualımıza cavabında Əli Məmmədov dedi ki, müxtəlif nov kartonlar, ofis məhsulları istehsalından çıxan tullantılar, marketlər və evlərdən çıxan qablaşdırma karton qutuların tullantıları, bitum əsaslı və tərkibində sement, kimyəvi maddələr olmayan müxtəlif kağız kisələr, kağız paketlərin tullantıları, köhnə kitablar, kağızdan olan borular və s. kağız tullantıları satın alınır.

Fabrikin rəhbəri son olaraq müəssisənin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı layihələri haqqında da məlumat verdi. Vurğuladı ki, əlamətdar il çərçivəsində 3R və təkrar emalla bağlı müxtəlif maarifləndirici tədbirlərin, seminarların təşkil edilməsi, könüllülərlə birlikdə tullantıların təmizlənməsi üçün iməcilik tədbirləri, həmçinin yeni yaşıllıqların salınması və s. nəzərdə tutulub.

 

Nurəddin Məmmədli

Mədəniyyət .- 2024.- 23 fevral,¹(15).- S.7.